SON XƏBƏR

Bəxtəvər Dədə Ədalətin başına!

Sentyabr 17
12:32 2017
Yuxudan yağış səsinə oyanıram. Tanrı Dədə Ədalət üçün səhər o başdan göz yaşı tökür. Çox çəkmir yağış. Deyəsən, Tanrı göz yaşlarına qənaət eləyir. Düz eləyir, hələ Dədəni ağlamağa o qədər göz yaşı lazım olacaq ki...

Sentyabrın on beşidir. Bu gün ilk dərs günüdür. Sevinə-sevinə dərsə gedən qayğısız uşaqların səsi qara sazın şirin səsi kimi süzülüb qulaqlarıma dolur. Əlimi sinəmə atıb ürəyimi yoxlayıram, yerindədi. Gözlərim də, dodağım da, dilim də, dünəndən beynimi didən o qara fikir də... Hamı, hər şey bu dünyadadı, bir tək Dədə Ədalət yoxdu yerində. Sazını-sözünü, özünü götürüb gülüşləri qara sazın şirin səsinə bənzəyən məktəbli uşaqlar kimi o biri dünyaya, dərs almağa, dərs verməyə gedib. Bir azdan qara sazı sinəsinə sıxıb o biri dünyadakılara "Yanıq Kərəmi” çalacaq. Gözlərini yumub küllü-kainatı dolaşacaq. Yolüstü bu dünyaya baş çəkəcək.  Onun üçün göz yaşı tökənlərə qoşulub hönkürə-hönkürə ağlayacaq. Qara sazı laylasının gözünə qatıb dil deyəcək özünə. Bəxətəvər o dünyadakı dirilərin başına. Aldılar Dədə Ədaləti bu dünyadakı ölülərin əlindən.
 
Əyin-başımı qaydasına salıb evdən çıxıram.  Qapıdan çıxanda anam cibimə qara bir dəsmal basır: "Götür, lazım olacaq...” Anam dəsmalı cibimə elə ürək ağrısıyla qoyur ki, elə bil mən ağlamasam, o dünyanın qapıları açılmayacaq bu qapıları açıq kişinin üzünə. Anama” Ədalət üçün tökülən göz yaşlarını silməzlər, günahdır” demək istəyirəm, demirəm.  Bir azdan göz yaşlarımı ağuşuna alacaq dəsmalla qoşalaşıb yola düşürəm. Rayon mərkəzinə kimi on üç kilometr yol getməliyəm. Yolumuzun ölçüsü də nəhsdi, Allah axırımızı xeyir eləsin...

Budur Qazax Mədəniyyət evinin qarşısındayam. Böyük meydanda iki böyük çadır qurulub. Yaddaşım dinc dayanmır! Yadıma dünyanın ağlı-qaralı iki üzü düşür...

Hamı səbirsizliklə Dədəni gözləyir. Ətrafa göz gəzdirirəm, bir anlıq mənə elə gəlir ki, ətrafdakı adamlar Dədə Ədalətin ölüsünü yox, dirisini gözləyirlər.
 
Nəhayət, aşığın cənazəsini gətirən maşın vida mərasiminin keçiriləcəyi məkana gəlib çatır. Maşın zəfər çalmış cəngavər kimi böyük meydandan dövrə vurub dayanır. Qara sazını qara köynəkdən çıxaran kişinin cənazəsini qara maşından düşürdürük. Çiyinlərimi cənazəyə verirəm. Cənazənin ağırlığı çiyinlərimə hopduqca qəflət yuxusundan oyanıram, bəsirət gözüm açılır. Elə bil Xızır peyğəmbər mübarək əllərini çiynimə qoyur. Mən çiyinlərimdə Dədə Ədaləti daşıyıram! Mən çiyinlərimdə ədalətin ürəyini, barmaqlarını daşıyıram! Qışqırıb dünayaya car çəkmək istəyirəm, çiyinlərimin səfasını.

Cənazəni böyük səhnəyə qoyuruq. Yanına da cənazədiki kişinin dipdiri şəklini. Şəkildə aşıq sazın çanağınıgicgahına sıxıb saz çalır. Elə bil, bu dəqiqə gicgahına sıxıdığı sazdan atəş açıb intihar eləyəcək. Nadinc yaddaşım farağat dayanmır yadıma Qan çanağı düşür: "Aşıq Vəli" Yanıq Kərəmi” çalır. Cəlal Kələntər dayıya yalvarır: Səni o bircə qağanın qəbrinə and verirəm, Kələntər dayı, ürəyimi nişan al. Ağrıdır axı...” Bəxtəvər Cəlalın başına!

Vida mərasimi başlanır, çıxışlar bir-birini əvəz edir. Heç nə eşitmirəm, qulaqlarımı Dədəyə vermişəm, qoy ona ünvanlanan sözləri öz qulaqlarımla eşitsin. Vida mərasimi bitir "Yanıq Kərəmi”susmaq bilmir. Zalı insanlar qarışıq ağuşuna alan bu havanı çalan cənazədəki qocadı. Niyəsə mənə elə gəlir ki, cənazənin içindəki qocanın əlləri pərdələrdə gəzişirmiş kimi zildən bəmə, bəmdən zilə öz kəfəninə sığal çəkir?

Bir də baxıram ki, Qocanın sinəsinin üstünədüzülən qızılgüllər "Yanıq Kərəmi” layla bilib şirin yuxuya gediblər.
 
Yenə cənazəni bəxətəvər çiyinlərimizə qaldırırıq. Pilləkanlardan düşəndə kiminsə ayağı büdrəyir, qızılgüllər silkələnib yuxudan oyanır, onlar da adamlara qoşulub fəryad qoparıb ağlaşırlar. Meydanda namaz qılınır, güllər də adamlar kimi hıçqırıb  susurlar. Tanrı göylərdən salavat çevirən əllərimizin içinə baxıb köksünü ötürür, sonumuza bir şey qalmayıb... "Bismillah” deyirik, sazını qara köynəyə qoyan kişini xoşbəxtlikdən sərxoş olmuş çiyinlərimizə alıb bir az aralıda gözləyən qara maşına qoyuruq. Bəxtəvər qara maşının başına!

Dədəni qabağa verib üz tuturuq qəbiristanlığa tərəf. Gah sağa buruluruq, gah da sola. Pinti dünyanın səliqəsiz yollarından keçib Dədə Ədalət üçün qazılmış, səliqəli düzənli qəbrin yanına çatırıq. Aşığın nəşini məzara edirəndə göylərin başı bu müqəddəs məzara enir. Bəxtəvər göylərin başına! Matəm bayraqlarına bağlanan qara kimi bir anda ağ buludlarına başına lent şəkilli buludlar qonur. Bir dəli ozan Dədə Ədalətin qara sazını sinəsinə basıb "Yanıq Kərəmi” çalır. Quran ayəsi saz havasına qarışır. Göz yaşları da alınlardan axan tərə. Aşığın sinəsinə sazın bir parçasını, sinəsini qoyurlar. Allah, Allah! Sazın yiyəsi belə bu dünyadan sazı bütöv apara bilmədi, od tutub yanan sinəsini örtəcək saz sinəsi apardı, vəssalam.

Dəfn bitir, qəbrin dörd yanına qızılgüllər düzülür. Hamı dağılışıb gedir, qəbri dövrəyə alan adamları qızılgüllər əvəzləyir. Bəxtəvər qızılgüllərin başına!

Qara sazı qara köynəkli Dədəni dünyanın Ağköynək adlı bir köyünün qara torpağına tapşırıb çəkilirik bizi-bizdən ayrı salan dörd divarların ögey ağuşuna. Yolda fikirli-fikirli əllərimi cibimə salıram, əlim göz yaşlarımdan içib tərləmiş qara dəsmala toxunur. Bəxtəvər qara dəsmalın başına!
 
Taleh Mansur
 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook