Bələdiyyə sədri 10 min manata seçildiyini dedi: İcra başçısının məhkəməsindən şok açıqlamalar
Fevral 18
18:59
2022
İmişlinin keçmiş icra Vilyam Hacıyevin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib.
virtualaz.org – un xəbərinə görə, prosesdə İmişli rayonunun Yalavac, Rəsullu, Məhəmmədli bələdiyyəsinin keçmiş sədri Qəhrəman Qəhrəmanov ifadə verib. O, ifadəsində 2014-cü ildən 2019-cu ilə qədər hər üç kəndin bələdiyyə sədri işlədiyini, həmin vəzifəyə təyin olunmaq üçün icra başçısına 10 min manat verdiyini bildirib: "Apardım kabinetində haqqını verdim, seçildim. Bələdiyyəni icra başçısı təyin edirdi. Pulum yox idi, bankdan 10 min manat kredit götürmüşdüm”.
Şahid deyib ki, bələdiyyə sədri seçki yolu ilə seçilməli olsa da, V.Hacıyevə "haqq” verib, qanunsuz seçilib.
Tərəflərin suallarını cavablandıran şahid Əfqanıstan döyüşçüsü olduğunu, ona verilən ordeni iclasda təqdim etmək üçün 1000 manat tələb olunduğunu da deyib: "Aparıb 500 manat verdim. Amma pulu özünə yox, icra başçısının köməkçisi Cəmilə verdim. İcra başçısı da təqdimat zamanı həmin ordeni yaxama taxdı”.
V.Hacıyev şahidin ifadəsinə etiraz edib, onun söylədiklərini şər-böhtan adlandırıb. Şahid isə ”Mən böhtan atan adam deyiləm” deyə cavab verib.
Sabiq icra başçısı məhkəmə bildirib ki, vaxtilə üç kənddə bələdiyyə sədri işləyən Q.Qəhrəmanovun qeyri-qanuni fəaliyyətinə görə aidiyyatı qurumlara təqdimat verib. Q.Qəhrəmanov barəsində İmişli rayon məhkəməsinin qərarı ilə 6 ay cəza təyin edilib.
Məhkəmədə məlum olub ki, keçmiş bələdiyyə sədrinin barəsində həqiqətən də məhkəmə qərarı olub. O, 15 sutkalıq həbs cəzası alıb, 2 min manat cərimə edilib. Sabiq icra başçısı məhkəmədən xahiş edib ki, şahidin hazırda dediklərinin hamısı araşdırılsın: "Çox xahiş edirəm, araşdırın. Bu adam burada yalan danışır”.
Bu şüarı Vilyam Hacıyevin icra başçısı işlədiyi dövrlərdə İmişlinin girişində vurmuşdular…
Daha sonra İmişli rayon İcra Hakimiyyətinin şöbə müdiri Mirzə Quliyev dindirilib. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq edən şahid 2007-ci ildən bu vəzifədə çalışdığını deyib: ”Kənd icra nümayəndələrinin fəaliyyətinə nəzarət etmişəm. Vilyam müəllim yaxşı insan idi, heyf ki, rüşvətlə bağlı problemlər bugünkü vəziyyətə gətirib çıxartdı”.
Şahid bildirib ki, sabiq icra başçısı tərəfindən icra nümayəndələri və müavinlərin təyinatı üçün müxtəlif məbləğlərdə rüşvət alınıb.
Şahid ifadəsində Mil-Muğan futbol klubu üçün ayrılan 150 min manat pulu bankdan götürüb V.Hacıyevə verdiyini deyib: "Dövlət Neft Şirkəti tərəfindən klub üçün ayrılan pul mənim hesabıma köçürülmüşdü. Bankdan pulu çıxarıb icra başçısına verdim”.
Sabiq icra başçısı şahidin dediklərinin absurd olduğunu bildirib: "Özünə şəhərin mərkəzində imarət tikmisən, burnundan gəlsin!” V.Hacıyevin müdafiəçisi şahiddən qanunsuz göstərişlərə nəyə görə əməl etdiyini soruşub. Şahid "icra başçısı idi, nə deyə bilərdim” deyə cavab verib.
Məhkəmə prosesi fevralın 21-də davam edəcək.
Qeyd edək ki, V.Hacıyev 2020-ci il mayın əvvəllərində DTX tərəfindən həbs edilib. Ona qarşı vəzifə səlahiyyətlərini aşma, mənimsəmə və rüşvət alma maddələri ilə ittiham irəli sürülüb.
Qlobal.az