Bəhreyn Kralı Leyla Əliyeva və Arzu Əliyevanı qəbul edib - FOTO

Fevral 26
02:37
2025
Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Bəhreyn Krallığında səfərdə olan Heydər Əliyev Fondunun nümayəndə heyətini qəbul edib.
"Report”un xəbərinə görə, Leyla Əliyeva və Arzu Əliyeva ilə görüşdə iki ölkə arasında mövcud əlaqələr, dostluq və əməkdaşlıq münasibətləri, bu əlaqələrin genişləndirilməsi üzrə layihələr, o cümlədən Heydər Əliyev Fondunun beynəlxalq layihələri müzakirə olunub.
Leyla Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını və ölkəmizə səfərə dəvətini bir daha Kral Həməd bin İsa Al Xəlifəyə çatdırıb.
Kral Həməd bin İsa Al Xəlifə Azərbaycanın və Azərbaycan Prezidenti İlham Əliyevin regionda və dünyadakı nüfuzunu xüsusi qeyd edərək ölkəmizdə həyata keçirilən bərpa-quruculuq işlərini yüksək qiymətləndirib.
Həməd bin İsa Al Xəlifə Bakıda keçirilən COP29 tədbirinin uğurla təşkili münasibətilə bir daha Azərbaycanı təbrik edib və ölkəmizin beynəlxalq tədbirlərə daim yüksək səviyyədə ev sahibliyi etdiyini, bu beynəlxalq layihələrin həyata keçirilməsinə Azərbaycanın göstərdiyi müntəzəm dəstəyi xüsusi vurğulayıb.
Görüşdə Azərbaycan və Bəhreyn arasında davam edən siyasi dialoqun iqtisadiyyat və mədəniyyət sahələrində də əməkdaşlığa təkan olduğu bildirilib.
Görüşdə Heydər Əliyev Fondunun digər ölkələrdə həyata keçirdiyi humanitar layihələr, o cümlədən Leyla Əliyeva və Arzu Əliyevanın Fondun təhsil və mədəniyyətin inkişafı üzrə layihələrdəki fəaliyyətləri xüsusi vurğulanıb.
Qlobal.az


