"Bazarstore"dən xanım müştəriyə şok tələb - 100 minlik iddia (FOTO/VİDEO)
Yanvar 25
15:20
2017
"Məhkəmədən məktub gəlib ki, "BazarStore” məndən yüz min manat tələb edir”.
Qaynarinfo.Az xəbər verir ki, bunu "BazarStore”dan aldığı balıq məhsullarının keyfiyyətsiz olduğunu iddia edən Esmiralda Şixəmirova bildirib.
Onun sözlərinə görə, 29 noyabr 2016-cı ildə sözü gedən süper marketdən balıq məhsulları alıb: "Həmin balığı noyabrın 30-da bişirdim. Lakin bişirdiyim balığın dadı acı idi və pis qoxu gəlirdi. Mən bişirdiyim balığı götürüb getdim "BazarStore”a, administratoru çağırdım və bişirdiyim balıqdan dadına baxmaq üçün yeməsini xahiş etdim. O bişmiş balığı yeyəndən sonra mənə çox dadlı olduğunu dedi. Sonra mən orada çalışan bir neçə xanım işçidən xahiş etdim ki, balığın dadına baxsınlar. Onlar da bişmiş balıqdan yeyəndən sonra çox dadlı olduğunu bildirdilər”.
E.Şixəmirova bildirib ki, baş verənləri mobil telefonu vasitəsi ilə videoqeydiyyata almaq istəyən zaman administrator onu itələyib və mühafizəçi xanım isə telefonunu əlindən almaq istəyib: "Mən labaratoriyada çalışan bir tanışıma zəng etdim və ona baş verənləri danışdım. Həmin tanışım da mənə bildirdi ki, oradan yenidən bir balıq alım və aldığım yerin şəkilini çəkim. Lakin mən şəkil çəkmək istəyən zaman administrator məni itələdi və orada olan mühafizəçi xanım telefonumu əlimdən almaq istəyirdi. Daha sonra mən mobil telefonun video kamerasını açıb "facebook”un birbaşa video bağlantı ilə orada baş verənləri canlı yayınladım”.
O əlavə edib ki, bişmiş balığı ekspertiza etdirmək üçün Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə aparsa da qəbul etməyiblər: "Mən həmin balığı götürüb Gigiyena və Epidemiologiya mərkəzinə apardım və oradan mənə dedilər ki, vətəndaşlar tərəfindən gətirilən məhsullar ekspertiza olunmur. Sonra mən İqtisadiyyat Nazirliyinə məktub yazdım. Mənə bildirdilər ki, nazirliyin cavabından sonra "BazarStore”dən balıq götürüləcək və ekspertiza olunacaq. Yəqin ki, ekspertiza üçün keyfiyyətli balıq təqdim edəcəklər”.
E.Şixəmirova həmçinin vurğulayıb ki, "BazarStore”tərəfindən məhkəməyə verilib: "Mən heç gözləmirdim ki, "BazarStore” məni məhkəməyə verəcək. Bu çox gülməlidir. Mənə xarab malı satmaqları az deyil, üstəlik məhkəməyə də veriblər. Guya mən videonu yayımladıqdan sonra "BazarStore”a maddi ziyan vurmuşam və buna görə də məndən 100 000 manat tələb edirlər. Məhkəmədən mənə məktub gəlib. Yanvarın 31-də hazırlıq məhkəməsi keçiriləcək. Mən bilmirəm nə edim. İmkanım yoxdu özümə vəkil tutum. Mənə deyiblər ki, əgər pulu verməsəm mülkümü satdıra bilərlər. Axı mənim mülküm də yoxdur. Mən anamın evində yaşayıram”.