Baydenin köməkçisi və İsrailin baş qərargah rəisi "İran təhlükəsi"ni müzakirə ediblər
Noyabr 22
09:03
2022
Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) sözçüsü Eydrienn Uotson bildirib ki, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan və İsrailin Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Aviv Koxavi Vaşinqtonda "İranın yaratdığı təhdidləri” müzakirə ediblər, həmçinin Fələstin-İsrail münaqişəsinin həlli barədə danışıblar.
"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Uotson qeyd edib ki, Sallivan ABŞ administrasiyasının İsrailin təhlükəsizliyinə davamlı dəstəyini işarə edib.
"Onlar hər iki tərəfi maraqlandıran regional təhlükəsizlik məsələlərinin geniş spektri üzrə fikir mübadiləsi aparıblar. Onlar Yaxın Şərqdə təhlükəsizlik problemlərinin, o cümlədən İran və onun tərəfdaşlarının yaratdığı təhlükənin aradan qaldırılmasında ümumi əzmkarlığı vurğulayıblar. Sallivan Prezident Baydenin İranın heç vaxt nüvə silahı əldə etməməsini təmin etmək öhdəliyini bir daha təsdiqlədi”, - Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) sözçüsü Eydrienn Uotson vurğulayıb.
Sallivan və Koxavi həmçinin "İordan çayının qərb sahilində təhlükəsizlik vəziyyətinin gərginləşməsini azaltmaq üçün addımlar atmağın vacibliyini müzakirə etdilər", - o əlavə edib.
Amerika dövləti başçısının köməkçisi vurğulayıb ki, "davamlı sülhə nail olmağın ən yaxşı yolu” "iki dövlətin birgə yaşaması əsasında nizamlanmaya nail olmaqdır”.