SON XƏBƏR

Bayden Kiyevdə olarkən Rusiya qitələrarası raketin uğursuz sınağını keçirib

Fevral 22
11:17 2023
ABŞ Prezidenti Cozef Bayden Ukraynanın paytaxtı Kiyevdə səfərdə olarkən Rusiya "Sarmat” raketin uğursuz sınağını həyata keçirib.

"Report” xəbər verir ki, məlumatı CNN yayıb.

Bildirilib ki, ABŞ-ın iki rəsmi nümayəndəsinin sözlərinə görə, Rusiya qitələrarası raketi sınaqdan keçirib. Ştatların rəsmi dairələri bu sınağın uğursuz olduğuna əminlik ifadə ediblər.

Qeyd olunub ki, Rusiya ABŞ-ı bu sınağın keçiriləcəyi ilə bağlı əvvəlcədən xəbərdarlıq edib, ona görə də Ağ Ev bunu gərginliyin artması istiqamətində atılan addım kimi qəbul etməyib.

Hesab edilir ki, əgər bu sınaq uğurla nəticələnsə idi, o zaman Rusiya Prezidenti Vladimir Putin bunu fevralın 21-də etdiyi müraciətdə vurğulayardı.

İnformasiyaya əsasən, "Sarmat” raketi keçmiş SSRİ-dən qalma "P-36M” "Voyevod” qitələrarası ballistik raketi əvəz etmək üçün yaradılıb. Onun uzunluğu 35,5 m, başlığın kütləsi 208,1 t, maksimum uçuş hədəfi isə 18 000 km.-dir. Ekspertlər hesab edir ki, bir raket 10-15 nüvə başlığı daşıya bilər.

Qeyd edək ki, 2022-ci ilin iyununda Vladimir Putin qitələrarası ballistik raketin sınağını uğurla keçirdiklərini bildirib. O, ötən ilin sonunda bu raketin Silahlı Qüvvələrin xidmətində olacağını demişdi.

Xatırladaq ki, ABŞ Prezidenti Cozef Bayden fevralın 20-də Ukraynada səfərdə olub.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook