Başına 5 milyon dollar qiymət qoyulan İŞİD-in yeni lideri - Erməni, yoxsa...
Yanvar 22
10:24
2020
Əmir Məhəmməd Səid Abdel Rəhman əl-Maul terrorçu qruplaşmanın başına keçdi; Tramp: "Biz Bağdadinin varislərini tanıyırıq və onlar artıq bizim nişangahımızdadır”
İŞİD terror qruplaşmasının yeni başçısı onun ideoloqlarından biri Əmir Məhəmməd Səid Abdel Rəhman əl-Maulə (Abdullah Qardaş kimi də tanın-"YM" ) olub. Bu barədə "The Guardian” qəzeti bildirib.
Qəzetin məlumatına görə, məhz o, İraqda xristianların məhvinin əsasını qoyub. Yada salaq ki, ABŞ hakimiyyəti əl-Bağdadinin özü və ən yaxın tərəfdarları barədə informasiya verənə 5 milyon dollar mükafat vəd etmişdi.
"Əlcəzirə” orta məktəbi və liseyində müəllim işləyib. Din dərsləri deyib. Bu səbəbdən də "ustaz”, yəni ərəbcə müəllim ləqəbi alıb. Ancaq xütbələri bir neçə dəfə yerli şiələrin etirazına səbəb olub. Şiələr onun çıxışlarını inanclarına qarşı yanlış ifadələr işlətməsinə görə sevməyiblər. O cümlədən Yezid və Müaviyəni tərifləməsinə etiraz ediblər. Məzhəb mübahisələri yaratdığı üçün məktəbdə sevilməyib. Ancaq müəllimliklə yanaşı, mikroavtobus sürücüsü işləyib. Məzhəb mübahisələrinə görə şagirdlər bir neçə dəfə avtomobilinin təkərlərini boşaldıb, hətta şüşələrini də sındırıblar. Daha sonra İraqda qurulan "Əl-Qaidə”nin yerli qanadına qoşulub və burada 2000-ci illərin əvvəllərində İŞİD-in gələcək lideri ilə həbsxanada tanış olub.
Lakin maraqlıdır ki, Türkiyənin Aksaray Universitetinin beynəlxalq münasibətlər üzrə dosenti Ziya Abbas hələ o zaman "Yeni Müsavat”a açıqlamasında İŞİD-in yeni liderinin türkmən olmadığını bildirmişdi. Qəzetimizə açıqlamasında Ziya Abbas Qardaşın vaxtilə ona dərs dediyini və uşaqlıqdan bu adamı tanıdığını demişdi.
Ziya Abbas İŞİD-in yeni liderinin türkmən olmasına inanmadığını da demişdi. Z.Abbas daha sonra daha bir maraqlı fakt da danışmışdı: "Qardaş Şeyxlər aşirəti himayəsində böyüdülmüş bir ailənin övladıdır. Amma əslən hansı millətə mənsub olduğunu bilmirəm. Məsələ ondadır ki, 1915-ci ildən erməni olayları zamanı Anadoludan köçən erməni uşaqları Telaferdə yerli türkmənlər tərəfindən himayəyə alınıb. Bu uşaqlara və onların ailələrinə indi də mənsub olduqları aşirətlərin yetişdirdiyi uşaqlar deyirlər. Qardaşın ailəsi də Şeyxlər aşirəti tərəfindən yetişdirilib. Yəni böyük ehtimalla bu adamın da babası və ya babasının atası erməni olub”.
İŞİD haqda aparılan araşdırmalara görə, terrorçu qrupa rəhbərlik edən ali məqamlı 20 nəfərdən 19-u İraq kökənlidir, yalnız bir nəfər Suriya əsillidir. Suriyalı Taha Sobhz Falaha (Əbu Mohamməd al-Adnani) İŞİD-in media ilə əlaqələrinə görə cavabdehlik daşıyırmış. Buna baxmayaraq, "İslam Dövləti”nin əsas "paytaxtı” uzun müddət Suriyanın Raqqa şəhəri olub.
Rusiya XİN-in 2018-ci ildə yaydığı məlumatda iddia olunurdu ki, İŞİD döyüşçülərinin "əmək haqqı” əvvəllər 1500 dollar olub.
İŞİD ən güclü və populyar vaxtlarında büdcəsi 1 milyard 800 milyon dollara yaxın olub. Suriya və İraqda İŞİD-in vurulub çıxarılması onları bir çox sahələrdən gələn gəlirlərdən məhrum edib.
2010-cu ildə İraqda «Əl-Qaida» təşkilatına rəhbərliyi ələ alıb onu "İslam Dövləti” adlanan xilafətə çevirməyə cəhd edən Bağdadinin həyatı ötən ilin oktyabrında ABŞ xüsusi qüvvələrinin reydi nəticəsində qaranlıq tuneldə bitdi.