SON XƏBƏR

Başı dolmaya qarışmış nazir - təfsilat

May 11
00:32 2016
Və ya turisti Azərbaycandan kimlər qovur, mədəniyyət və tarixi obyektlər isə necə restorana çevrildi? 

Mədəniyyət və Turizm Nazirliyi ölkədə mövcud olan mədəniyyət və turizm obyektlərinə nəzarət edən dövlət qurumudur. Bu nazirliyin əsas missiyası tarixi və mədəni irsimizin qorunmasını təmin etmək, turizm sahəsini gücləndirməkdir. Politika.Az xəbər verir ki, Əbülfəz Qarayevin rəhbəri olduğu nazirlik nəzərdə tutulan işlərdən başqa, hər şeylə məşğul olur. Nəticədə isə acınacaqlı durum yaşanır. 

Qeyd edək ki, hal hazırda istər Bakı, istərsə də əyalətlərdəki qədim mədəniyyət obyektləri dağılmaq təhlükəsiylə üz-üzə qalıb. Məsələn, Gülüstan qalasının qalıqları belə yoxa çıxıb. Orada qızıl axtaranların yeri qazması qalanın əsas fundamentinin zədələnməsinə səbəb olub. 

Və ya Qazax rayonunda qədim qalanın qalıqları tamamilə dağıdılıb, yerində isə Şadlıq Sarayı inşa edilib. Dövlət qeydiyyatında olan bir mədəniyyət və tarixi abidənin sahibkar tərəfindən özbaşına şəkildə dağıdılması qeyri-mümkündür. Şübhəsiz o, nazirliklə anlaşaraq, belə bir addım atıb. 

Amma məsələ bununla da bitmir. Əbülfəz Qarayevin «dolma məsələsi»nə başının bərk qarışması onun bu məsələdən başqa heç bir şey haqqında anlayışının olmadığını demək üçün bəhanələr yaradır. Bəli, ermənilər bizim mədəni və tarixi irsimizi özünküləşdirmək istəyirlər. Bununla mübarizə aparmaq hər birimizin borcudur. Amma təkcə dolmadan yapışıb, irs qorumaq barədə düşünülürsə, bu artıq mübarizə deyil, komediyadır. 

Politika.Az xəbər verir ki, Qarayevin yarıtmaz siyasəti nəticəsində bu gün ölkənin ən iri şəhərlərində doğru-dürüst kitabxana belə yoxdur. Rayonlarda isə durum demək olar ki, biabırçıdır. Çünki sənəd üzərində onlarla kitabxananın adı qeyd olunsa da, heç birinin mövcudluğunu təsdiq edən fakt belə yoxdur. 

Turizm sahəsinə gəldikdə isə vəziyyət daha acınacaqlıdır. Əvvəlki illərdən fərqli olaraq, manatın dəyərdən düşməsi və dünyada yaşanan böhran turizm sektoruna da təsir edib. Amma Azərbaycanda əvvəldən turizm üçün heç bir şərait yaradılmayıb. Yaradılsa belə qiymətlər o qədər bahadır ki, yaxın düşmək mümkün deyil. Məsələn, Bakıda ən ucuz otelin qiyməti 70 manatdan başlayır. Ən bahalısı isə günü 4000 manata qədərdir. 

Politika.Az xəbər verir ki, Əbülfəz Qarayevin yanlışı oradadır ki, mövcud vəziyyəti qiymətləndirə bilmir. Məsələn, Türkiyə ilə Rusiyanın münasibətlərinin korlanması şimaldan qardaş ölkəyə turist axınını kəskin azaldıb. Ruslar isə alternativ yerlər axtarırlar. Azərbaycan ən optimal məmləkədir. Çünki həm dənizi, həm də dağı var. Otellər də pis şəraitdə deyil. Amma qiymət məsələsinə xüsusi diqqət yetirilməlidir. Məsələn, Antaliyada 10 gündlük dincəlmək istəyən Rusiya vətəndaşı bunun üçün 700 dollar verməklə, məsələni bitirir. Həmin pulla ruslar Bakıda və ya Nabranda heç 4 gün normal şəkildə qala bilməzlər. Ona görə ki, 700 dollar təkcə 7 gün üçün otel pulu edir. Və ya bu qədər vəsait turist üçün 4-5 günlük yemək puluna bərabərdir. Bu qədər bahalığa nə gərək olduğu qətiyyən başa düşülən deyil. 

Əslində, Mədəniyyət və Turizm Nazirliyi məsələyə müdaxilə edib, turistləri cəlb etmək daha optimal yollar tapa bilər. Qiymətləri bir qədər aşağı endirmək, yemək servislərinin mahiyyətini dəyişmək, habelə turistlər üçün lazımi ortamın yaradılması kifayət edər ki, qonşu ölkələrdən Azərbaycana turist axını başlasın. 

Qarayevin yanaşmasından belə başa düşülür ki, onu maraqlandıran nə turizmdir, nə də bu sektoru gücləndirmək. Onun niyyəti arada-sırada dolma haqqında açıqlama verib, pullarını saymaqdır. Əks təqdirdə, istər mədəniyyət, istər turizm sahəsində durum indiki qədər gülməli şəkil almazdı. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook