SON XƏBƏR

Baş redaktor: "İlham Heydər oğlunun doğulacağı gün üçün qurban deyirəm"

Noyabr 27
18:03 2022
Baş redaktor Nicat Mahmudov: «Heydər İlham oğlunun ocağında balaca İlham Heydər oğlunun doğulacağı gün üçün qurban deyirəm» 

Dünən ölkə gündəmi Birinci vitse-prezident Mehriban xanımın bir paylaşımı ilə toy-büsata büründü. Bütün Azərbaycana bayram sevinci bəxş edən müzəffər Ali Baş Komandanın oğlu Heydər Əliyevin toyu olub. Ailə gələnəklərindən gələn adətlərə, eləcə də Heydər bəyin təbiətinə uyğun olaraq sadə, təvazökar mühitdə baş tutan toy mərasimi taleyinə Azərbaycan xalqının xilaskarı olmaq missiyası yazılmış bir soyun yeni şəcərəsinin başlanğıcını qoydu. Mən dəfələrlə vurğulamışam ki, Heydər Əliyev Azərbaycan gəncliyinin lideri olacaq səviyyədə xarakterə və intellektə malik bir şəxsiyyətdir. Bu təkcə onun şəxsi istedadının və gərgin əməyinin nəticəsi yox, həm də dünya siyasətinə möhürünü vurmuş genetik kodların bəhrəsidir. Parlament seçkiləri ərəfəsində Azərbaycan gənclərinin lideri olaraq namizədliyini irəli sürməsi üçün H. Əliyevə müraciət etdim. Bu gün də eyni fikirdəyəm ki, o aktiv siyasi arenada fəaliyyət göstərməli, böyük potensiala malik Azərbaycan gəncliyini öz arxasınca aparmalıdır. Bu təkcə zamanın tələbi deyil, həm də onun alın yazısıdır. 

Mətbuatda fəaliyyət göstərdiyim müddətdə hər zaman Heydər Əliyev ideyalarına, siyasətinə sadiq olmuşam, bütün yaradıcılığımla dövlətimizə, dövlətçiliyimizə xidmət etmişəm. Bunun üçün hansısa təmənna güdməmişəm, mükafat ummamışam. Öz Ümummilli liderinə sədaqəti, dövlətinə xidməti borcum bilmişəm. Bu gün də eyni əqidədəyəm, son nəfəsimə qədər də bu yoldan dönməyəcəyəm. Heydər Əliyev ideyalarının, İlham Əliyev dühasının bu xalqı qalibiyyətə apardığına olan inamım heç zaman sarsılmayıb və sarsılmayacaq!

Taleyinə 50 milyonluq bir xalqın sevincinə sevinib kədərinə qəmlənmək düşən bir insanın- İlham Heydər oğlunun, körpəsindən tutmuş ahılına qədər hər bir vətəndaşına  analıq şəfqəti göstərən Mehriban xanımın bu xoş gününü görmək hamımızın çoxdankı arzusu idi. Sidq ürəkdən, Allahı çağıraraq bu gün üçün qurban demişdim. Oğullarımıza qələbə sevinci, torpaqlarımıza azadlıq bəxş edən bir insanın oğul toyunun sevincini yaşaması ən böyük haqqıdır. Şükürlər olsun ki, İlham Heydər oğlu Heydər İlham oğlunun toy sevincini yaşadı. Gözü dolusu görsün, bu sevinci əbədi olsun. Mən də xoşbəxtəm ki, qurbanım qəbul olundu. Bu gün qurbanımı kəsərək payladım, bu sevinci hamı ilə paylaşdım. Allah bütün qurbanlarımızı qəbul etsin, Heydər bəyi xoşbəxt eləsin. Bizim ona sevgimiz də, inamımız da böyükdür. Hələ çox qurbanlarımız qəbul olunacaq inşəAllah!

P.S. Bu xoş gündə Heydər İlham oğlunun ocağında balaca İlham Heydər oğlunun doğulacağı gün üçün qurban deyirəm. Allah qəbul eləsin!
 
Nicat mahmudov
Rubrika.az saytının baş redaktoru



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook