SON XƏBƏR

Baş nazirin keçmiş müavini: " Heydər Əliyev bütün dünyanın dahisi idi"

Mart 13
12:29 2017
Baş nazirin keçmiş müavini İzzət Rüstəmovun Lent.az-a müsahibəsi
 
– İzzət müəllim, 86 yaşınızdan çevrilib arxaya baxanda nə görürsünüz? Ömrünüzdə düz yollar çox olub, yoxsa əyri, daşlı-kəsəkli?
 
– Axı daşlı-kəsəkli yollar olmasa, insan düz yolun qədrini heç zaman bilməz. Mənim həyatımda daşlı, qayalı yollar da olub, çox rahat yollar da. Həyatın çətinliklərinə sinə gərməyi öyrənmişəm. Kiçik istisnaları çıxmaq şərti ilə bütün ömrüm Bakı Dövlət Universitetində keçib. Burda namizədlik, doktorluq müdafiə eləmişəm. Burda müəllim, dosent, professor olmuşam.
 
– Müəllim, dosent, professor və 1994-cü ilin dekabrında isə Azərbaycanın baş nazirinin müavini təyin oldunuz. Bütün bunları yalnız öz gücünüzəmi qazandınız? Yoxsa kimsə dəstək oldu? Ata, ana, qardaş, əmi, dayı...
 
– Mənim atamın əlində qat-qat qabar vardı. Amma çox möhtəşəm, möcüzəli, ağıllı bir insan idi. Gədəbəydə kənd yerində atama "Bəhlul Danəndə” deyirdilər. Altı oğlundan beşi Bakı Dövlət Universitetini qurtardı, biri də mən idim. Son dərəcə çətin vəziyyətlərə düşmüşəm, lakin həmişə mətanətimi, iradəmi qoruyub-saxlamışam. Elə olub, dörd gün çörək də yeməmişəm, amma əlaçı olmuşam, oxumuşam.
 
Yadıma gəlir, bir yataqxanamız vardı. Orda çörək yeyirdik, axırda deyirdik ki, ay Sara xala, bunu yaz dəftərinə. O vaxt inam da vardı. Sonra Alimlər Evinin zirzəmisində yaşadım. Döşəmənin altında bir metr hündürlüyündə su vardı. Hər gün o suyu əlimlə çəkirdim. Yuxarıda da universitetin müəllimləri qalırdı. Mən isə cavan oğlan, hələ bilmirdilər, kiməm. Məni zirzəminin suyunu çəkən fəhlə kimi qəbul edirdilər. Ancaq bu da mənə xoş idi. Çünki qaldığım zirzəminin üstündə kafedra müdirim Mehbalı Qasımov yaşayırdı.
 
– İzzət müəllim, 1990-cı illərin əvvəllərini necə xatırlayırsınız?
 
– Hər şey gözümün qabağındadır. Xalq Cəbhəsi hakimiyyətə gəldi, ölkəni idarə eləyə bilmədilər. Çünki siyasi təcrübələri, idarəçilik qabiliyyətləri yox idi. Ölkə əməlli-başlı parçalanmağa başlamışdı. Biri cənubda respublika yaradırdı, biri bu tərəfdə nə istəyir, eləyirdi. Belə bir halda bizi kim xilas etdi?!
Vallah, deyim ki, Heydər Əliyev bütün dünyanın dahisi idi. Azərbaycan xalqının bu möhtəşəm, bu qüdrətli oğlu gəldi və Azərbaycanı parçalanmaqdan qurtardı. Talış-Muğan Respublikası yaradanları atdı kənara və azərbaycançılıq ideyasını irəli sürdü.
 
Yadınızdadırmı, Heydər Əliyev xaricdə idi. İstədilər, hakimiyyəti devirsinlər. Dövlət xadimləri qətlə yetirildi. Ancaq yenə də Heydər Əliyevin qüdrəti qalib gəldi. Həmin vaxt indiki Prezident Administrasiyasının qabağına gecə vaxtı camaat yığıldı, hamısı Heydər Əliyevi müdafiə etmək üçün gəlmişdi. Səhəri gün isə Hökumət Evinin yanında böyük bir izdiham yarandı. Heydər Əliyev, Surət Hüseynov, Rəsul Quliyev, Sirus Təbrizli çıxış elədi. Mən də orda iştirak edirdim. Lazım olsa, çıxış etmək üçün sol tərəfdə hazır dayanmışdım.
 
– Necə oldu ki, mərhum prezident Heydər Əliyevlə münasibətləriniz yarandı?
 
– Birinci dəfə Prezident Aparatında Heydər Əliyevin də iştirak etdiyi tədbirdə şəhid atası kimi çıxış elədim. Yoldaşım da orda idi. Çıxış bütün zalı ayağa qaldırmışdı. Oğlum şəhid olmuşdu deyə ürəyim yanıqlı idi. Tədbirdən 5-10 gün keçmişdi, oturub öz-özümə fikirləşirdim ki, bəs Heydər baba məni niyə unutdu? Bir də gördüm yuxarıdan – Prezident Aparatından zəng elədilər ki, kişi sizlə görüşmək istəyir. Yoldaşıma dedim, məni çağırırlar, ya mənə "Əməkdar elm xadimi” fəxri adı, ya da bir vəzifə verəcəklər. Çünki Əbülfəz Elçibəy mənə fəxri ad verəcəkdi, kağızlar stolunun üstündə qalmışdı. Elçibəy də mənim tələbəm olmuşdu.
 
Gecə saat üçdə Heydər Əliyev məni Prezident Aparatında qəbul elədi. O qədər şirin, o qədər gözəl söhbətimiz oldu ki...
 
– Gecə saat üçdə?
 
– Bəli, o vaxt yatmaq nəydi?!
 
– Əsasən, nə barədə danışdınız?
 
– Təxminən 45-50 dəqiqə söhbətimiz oldu. Orda Heydər Əliyevin yadına saldım ki, 1987-ci ildə mən İctimai Elmlər Akademiyasında oxuyurdum. Onda Heydər Əliyev hələ Moskvada idi. Küncdə-bucaqda onun haqqında danışırdılar, hətta iraq-iraq deyirdilər ki, guya Heydər Əliyev həyatda yoxdur. Bir Rafael Məmmədov da vardı, o vaxt Mərkəzi Komitədə şöbə müdiri işləyirdi. Rafaellə mən pisikmişdik, qəmgin olmuşduq ki, görəsən, doğrudanmı Heydər Əliyevə nəsə olub?
 
Bir dəfə isə iclasların birində SSRİ komsomolunun birinci katibi çıxış elədi. Dedi ki, bəs bu gün səhər Heydər Əliyev mənə zəng elədi, filan-filan tapşırıqları verdi. İnanırsınızmı, elə bil, bədənimizdən müsbət mənada bir elektrik cərəyanı keçdi ki, Heydər Əliyev sağ-salamatdır, yerindədir.
 
Mən bu hadisəni Heydər Əliyevə danışdım. Yenə də fikirləşirdim ki, yəqin, məni "Əməkdar elm xadimi” kimi təsdiq edəcək. Birdən qəfil Heydər Əliyev dedi ki, səni baş nazirin müavini təyin edirəm. Sabah saat 1-də mənim iclasıma gələrsən. Ayın 8-də isə Romaya gedəcəksən.
 
– Elə orda, gecə saat üçdə?
 
– Bəs nə? Elə ordaca. Heydər Əliyevin sözü qanun idi, onun sözü qılıncdan da kəsərli idi.
 
– Prezident Aparatına şəhid atası kimi girib, baş nazirin müavini kimi çıxdınız.
 
– Mən Beynəlxalq humanitar yardım üzrə dövlət komissiyasının sədri idim, sonra narkomaniya və narkobiznesə qarşı mübarizə üzrə dövlət komissiyasının sədri idim, bütün qaçqın, köçkün, şəhid ailələrinin problemləri ilə məşğul olurdum. 20 yanvar faciəsi üzrə hökumət komissiyalarının dörd il sədri oldum.
 
Yadımdadır, 1997-ci ildə Romada 140 ölkənin hökumət başçılarının sammitinə getdim. Prezidenti əvəz edirdim. Heydər Əliyev mənə belə bir səlahiyyət vermişdi. Sərəncam imzalamışdı ki, baş nazirin müavini İzzət Rüstəmova sammitə gələn dövlət başçıları ilə danışıq aparmaq, sənədlərə imza atmaq səlahiyyəti verirəm. O sammitdə Fidel Kastro da iştirak edirdi. Məndən bir sıra aralı oturmuşdu. İlk dəfə vizit kartımı, ünvanımı Fidel Kastroya təqdim elədim.
 
– Gədəbəydən Fidel Kastroya?
 
– Əlbəttə... (gülür) Sonra Vatikana, Nyu-Yorka getdim.
 
– Baş nazirin müavini olana qədər bu ölkələri gəzmişdiniz?
 
– Yox. Ancaq Heydər Əliyevin və onun mənə olan etibarının sayəsində dünyanı gəzmişəm.
 
– Bütün bu şeylərə görə özünüzü şəhid oğlunuz Məzahir Rüstəmovun ruhuna borclu hiss edirsinizmi?
 
– Əlbəttə, onun ruhuna borcluyam. Birinci dəfə Prezident Aparatına məni şəhid atası kimi çağırmışdılar. Yenə deyirəm, orda bir çıxış elədim. Vallah, adam öz çıxışını tərifləməz. Amma çox gözəl çıxış idi.
 
Ulu öndərlə şəhid oğlum Məzahirlə əlaqədar söhbətlərimiz dəfələrlə olub. Heydər Əliyev mənə dedi ki, İzzət müəllim, şəhid atasısan, səni bu vəzifəyə gətirdim ki, başın qarışsın, dərdini unudasan və biləsən ki, sənin dərdinə uyğun dərdlər çoxdur. Sən gərək bundan sonra dərdli insanlara kömək olasan.
 
– Oğlunuz neçə yaşında şəhid oldu?
 
– 32 yaşında. Məzahir dövlət idarəsində işləyirdi. Dövlət Mətbuat Komitəsində kitab ticarəti və xarici iqtisadi siyasət şöbəsində çalışırdı. Məzahirin döyüşə getmək ərəfəsində qohum-əqrəba, dost-tanış bizim evə yığışdılar. Dilim elə bil, qapanmışdı, Məzahirə deyə bilmədim ki, oğul, getmə. Azərbaycanda milli və siyasi bir oyanış vardı. Məzahir sanki o alovun içində idi. Çox siyasiləşmişdi. Bu xalqın dərdini çox çəkirdi. Deyirdi, nə cür olur, ermənilər gələ, biz də öz torpağımızı qoruya bilməyək? Ona görə də Məzahir dövlət vəzifəsini atdı, getdi Gədəbəyə, orda komandir oldu, çox böyük işlər gördü.
 
Onda silahımız yox idi. Həyat yoldaşımla birlikdə Bakıdan Gədəbəyə - Məzahirə 6 dənə qumbara aparmışdıq. Qumbaraları vedrədə qumun içdə gizlədib avtobusda aparmışdıq. Sonradan bildiyimizə görə son anda, yaralı vəziyyətdə o qumbaranın birini çəkib, özü də həlak olub, ermənilər də.
 
– Məzahir şəhid olanda qızının neçə yaşı vardı?
 
– Altı aylıq idi. Məzahir 1992-ci il, 6 avqustda şəhid oldu. Sentyabr ayında yoldaşımla Gədəbəyə getdik. Onda ermənilərin dağların üstündə hələ də mövqeləri var idi. Çox ciddi təhlükə vardı. Yoldaşım briqada komandiri, əmioğlum, polkovnik Cahangir Rüstəmovu məcbur elədi ki, biz mütləq Məzahirin səngərinə baxmalıyıq. Komandir də yoldaşımın iradəsi qarşısında dura bilmədi, "Qrad” qurğusu quruldu. Biz isə otuz metr aralıda, balaca "Jiquli”də, körpə Təhminə qucağımızda gözləyirdik.
 
"Qrad”lar açıldı, sonra bizə elan elədilər ki, erməninin mövqeyi məhv edildi, səngərə baxa bilərsiniz. Məzahirin səngərinin torpağı ilə üzümüzü yuduq. Torpağı su kimi üzümüzə çırpdıq, ağladıq. Yoldaşım deyir ki, həmişə o səngərdə bir zanbaq bitir. Elə bil, Məzahirin yadigarıdır. Hər dəfə deyirik ki, onun səngərinin yanına Məzahirin balaca bir abidəsini qoysunlar.
 
– Qoymurlar?
 
– Hər dəfə söz verirlər. Amma bir tərəfdən də biz hökumətimizdən çox razıyıq. Gədəbəydə gözəl bir parkda Məzahirin tunc heykəli qoyulub. Ayaq üstə çəkilib, əlində də avtomatı. Məzahir Nizami rayonunda 32 nömrəli məktəbi qurtarmışdı. O məktəb Məzahirin adınadır və orda oğlumun son dərəcədə gözəl bir büstü çapılıb.
 
– Dediniz ki, Məzahirin səngərinin torpağı ilə üzümüzü yuduq, ağladıq. Çox təsirlidir. Bəs indi necə, aradan illər keçib, bir ata kimi Məzahirdən ötrü ağlamağa göz yaşınız hələ də qalırmı?
 
– Mən saxtakar olmaq istəmirəm. Bəli, yenə də gözümdən yaş çıxır.
 
– Məzahirin qızı Təhminənin Heydər Əliyevin qucağında bir şəkli var. Harda çəkilib o şəkil?
 
– O şəkil 1996-cı il may ayının 9-da çəkilib. Onda Təhminə üç yaş neçə aylığında idi. Qələbə günü münasibətilə Həzi Aslanovun abidəsinin önünə gül qoyurduq. Allah canını sağ eləsin, birdən şeyx Allahşükür Paşazadə dedi ki, cənab prezident, İzzət müəllimin də balası burdadır. Heydər Əliyev yan-yörəsinə baxdı, dedi, hanı, hardadır?
 
Biz təxminən, iyirmi metr aralıdaydıq. Sən demə, həmin gün yoldaşım Rəfiqə xanım Təhminəni özü ilə gətiribmiş. Birdən dedim, Təhminə, Heydər baban gəlib, Heydər baban gəlib... Təhminə yüyürdü Heydər Əliyevin qucağına. Heydər babası Təhminəni çağa vaxtı da görmüşdü, qucağına almışdı. Nə qədər istədilər, prezidentə ağırlıq olmasın deyə uşağı qucağına almasın, xeyri olmadı. Sonra yenə də Təhminəni onun qucağından götürmək istəyirdilər, Heydər Əliyev vermədi, saxladı.
 
Bu dəqiqə evimizdə, yataq otağımda Heydər Əliyevin xalçanın üzərində toxunulmuş bir portreti var. Həmişə o portretin qarşısında durub duamı eləyirəm. Çünki Heydər Əliyev nadir bir şəxsiyyət idi. O, ümumiyyətlə, bəşər oğlu idi, möhtəşəm bir insan idi. Ona görə də dünyanın bütün prezidentləri Heydər Əliyevi görəndə özlərini sərbəst saxlaya bilmirdilər.
 
– Dediniz Əbülfəz Elçibəy tələbəm olub. Bəs o, yadınızda necə qalıb?
 
– Mən Elçibəyə fəlsəfədən dərs demişəm, son dərəcə əqidəli, savadlı bir insan idi. Elçibəyin siyasi təcrübəsi olsaydı, yaxşı insanlarla əhatə edilsəydi, yaxud bilsəydi ki, ölkəni idarə eləmək nədir, dövlət nədir, konstitusiya nədir... Elçibəy bunları aydın dərk eləmədi. Ən çətin şəraitdə həll yolunu tapa bilmədi. Axırda ölkəni qoyub qaçdı. Niyə Salvador Alyende kabinetindən çıxmadı, otağındaca qətlə yetirdilər, amma Elçibəy qaçdı?
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook