SON XƏBƏR

Baş konsul: Şərqi Azərbaycanda böyük və kiçik layihələr azərbaycanlı iş adamlarının sərmayəsi ilə həyata keçirilir- (MÜSAHİBƏ)

Oktyabr 15
09:01 2015
Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadənin müsahibəsi
 
- İran və Azərbaycan arasında əlaqələrin hazırkı vəziyyəti necədir? Yaxın gələcəkdə iki ölkə arasında, xüsusi ilə İranın Şərqi Azərbaycan Vilayəti ilə və Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında hansı yeni layihələrin icrası gözlənilir?
 
- Azərbaycanla İran arasındakı əlaqələr yuksək səviyyədədir. Ötən iki il ərzində ölkə rəhbərlərinin siyasi iradəsi, arzusu, hər iki ölkənin xalqlarının istəyi əsasında əlaqələrimiz daha da irəliyə doğru addımlamaqdadır. Azərbaycanla İran arasında bir çox bağlılıqlar mövcuddur. Dinimiz, bəzi vilayətlərdə danışıq dilimiz birdir, mənəvi dəyərlərimiz oxşardır, insanlarımız arasında qohumluqlar çoxdur, qonşuluğumuz mövcuddur. Sozsüz ki, bütün bunlar əlaqələrimizə müsbət təsirini göstərir. Ölkələrarası mövcüd olan, dostluq və əməkdaşlıq prinsiplərinə əsaslanan əlaqələrimiz bölgərələrarası əlaqələrimizə də geniş sirayət edib. İranın Azərbaycanla sərhəddə yerləşən vilayətləri - Ərdəbil, Gilan, Qərbi və Şərqi Azərbaycan vilayətləri ilə də əməkdaşlığımız qurulub. Bu əməkdaşlığı daha da artırmaq niyyəti hər iki tərəfdə də var. Məlumdur ki, Baş konsulluğumuzun fəaliyyət dairəsi İranın geniş bir ərazisini Ərdəbil, Gilan, Qərbi və Şərqi Azərbaycan vilayətlərini əhatə edir. Bu vilayətlərin hər biri ilə ayrı-ayrılıqda və birlikdə də yaxşı münasibətlərimiz var. Sırf sualınıza gəlincə isə, Şərqi Azərbaycan Vilayəti ilə əlaqələrimiz çox yüksək səviyyədədir, ötən dövrdə bir çox işlər görülüb, müştərək layihələr icra olunub. Təkcə 2015-ci ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Şərqi Azərbaycan Vilayəti arasında Memorandum, Gəncə ilə Təbriz arasında qardaşlaşmış şəhər münasibətlərinə dair Protokol, İranın Şərqi Azərbaycan Vilayətinin Elm və Texnologiyalar Parkı ilə Azərbaycan Respublikasının Yüksək Texnologiyalar Parkı arasında Memorandum imzalanıb. Qarşılıqlı səfərlər həyata keçirilib və görüşlər, sərgilər, forumlar baş tutub. Yeni layihələrə gəlincə isə, Şərqi Azərbaycan Vilayətinin valisinin bu ay Naxçıvan, Bakı və Gəncə şəhərlərinə səfərinin həyata keçirilməsi nəzərdə tutulur. Digər vilayət məsullarının səfərləri də planlaşdırılır, müştərək konfransların təşkil olunması razılaşdırılıb. Gəncə günlərinin Təbrizdə keçirilməsi barədə təkliflərimiz var, iqtisadi, elmi, universitetlərarası əlaqələrdə yeni layihələr icra olunacaq. Ordubad-Marazad layihəsinin icrası gündəmdədir, mədəni əlaqələrimizin artırılması ilə bağlı təkliflərimiz var. Bir sözlə, həm görülən və həm də görüləcək işlərimiz, istək və təkliflərimz çoxdur və bunların icrası istiqamətində fəaliyyətlər mütəmadi aparılır.
 
- Şərqi Azərbaycan Vilayətində azərbaycanlı investorlar hansı layihələrə sərmayə yatırır və yatırmaq imkanına malikdirlər? İki ölkənin investorları tərəfindən müştərək layihələr həyata keçirilirmi?
 
- Baş konsulluq olaraq biz mütəmadi əsasda həm iranlı sahibkarları, iş adamlarını Azərbaycana sərmayə yatırmaları istiqamətində məlumatlandırırıq, sərgi, forum, görüşlər təşkil edirik. Eyni zamanda, İrana sərmayə yatırmaqda maraqlı olan azərbaycanlı iş adamlarına da məlumatları təqdim edir, müvafiq köməklikləri göstəririk. 2014-cü ildə təkcə Şərqi Azərbaycan Vilayəti Azərbaycan-İran arasındakı ticarət dövriyyəsində 20% paya malik olub. 2015-ci ilə aid məlumatlara görə isə, Şərqi Azərbaycan Vilayətində 12 böyük və kiçik layihə azərbaycanlı iş adamlarının sərmayəsi ilə müştərək və birbaşa əsasda həyata keçirilir. İş adamlarımızın, sahibkarlarımızın neft məhsulları sahəsi, kisə istehsalı, nanotexnologiyalar əsasında izolyasiya məhsulları istehsalı, taxta, laminat, MDF məhsulları istehsalı, tikinti işləri və digər sahələrdə sərmayələri var. Culfa Araz Azad İqtisadi və Sənaye Zonasında iş adamlarımız fəaliyyət göstərir, bəzi məhsullarımızın satışı Şərqi Azərbaycan Vilayətində və həmçinin, digər vilayətlərdə həyata keçirilir. Azərbaycanda əlverişli investisiya mühiti mövcuddur və mən fürsətdən istifadə edərək iranlı iş adamlarını Azərbaycanda daha artıq sərmayə yatırmağa dəvət edirəm. Eyni zamanda, İranda, Ərdəbil, Gilan, Qərbi və Şərqi Azərbaycan Vilayətində də sərmayə yatırımı üçün sahələr çoxdur və bu barədə ətraflı məlumatlar da Baş konsulluğumuz tərəfindən iş adamlarına istənilən vaxt verilə bilər.
 
- Təbriz Azərbaycan vətəndaşlarının müalicə üçün müraciət etdiyi şəhərlərdən biridir. Lakin son illər vətəndaşlarımızın müalicə üçün bu şəhərə səfərləri azalıb. Bunu əsasən qiymətlərin baha olması, xidmətin keyfiyyətinin aşağı düşməsi, sui-istifadə halları ilə əlaqələndirirlər. Belə hallarla üzləşməmək üçün vətəndaşlarımıza nə kimi tövsiyyələriniz var?
 
- Fikrimcə və apardığımız müşahidələrə əsasən, son illər vətəndaşlarımızın müalicə üçün bu şəhərə səfərlərinin azalması ilk öncə Azərbaycanda uzun illərdir səhiyyə sistemində aparılan islahatlarla bağlıdır. İlbəil səhiyyə xidmətləri Azərbaycanda yaxşılaşır, ölkəmizin bütün bölgələrində müasir standartlara uyğun səhiyyə müəssisələri tikilib istifadəyə verilib. Hazırda da tikilir və ya bərpa olunur, həmin müəssisələr müasir avadanlıqlarla təmin olunur. Eyni zamanda, hər il savadlı mütəxəssis və həkimlərimizin sayı çoxalır, dövlət və şəxsi hesablarına xaricdə tibbi təhsil almış mütəxəssislərimiz də ölkəyə qayıdaraq vətəndə fəaliyyət göstərirlər. Bu da xaricə müalicə üçün üz tutan vətəndaşlarımızın sayının ciddi sürətdə azalmasına təkan verir. Vətəndaşlarımız son illər Azərbaycanda müalicə almağa üstünlük verirlər. Bütün bunlarla yanaşı, vətəndaşlarımızın müalicə üçün xaricə səfərlərinin azalmasında getdikləri şəhərlərdə qeyd etdiyiniz sui-istifadə halları da azda olsa rol oynayır, qiymətlərin bahalaşması, keyfiyyətin aşağı düşməsi və digər hallar. Bütün bunlar fəaliyyət göstərdiyimiz vilayətlərin məsul şəxsləri ilə görüşlərdə tərəfimizdən mütəmadi qaldırılır. Belə halların az olmasına baxmayaraq, vilayətlərin məsul şəxsləri tərəfindən onların aradan qaldırılmasında yuksək səy göstərirlər. Demək olar ki, bu cür halların qarşısı artıq azalmağa döğru gedir. Lakin istənilən halda vətəndaşlarımıza xidmət edəcək Baş konsulluğumuz Təbrizdə fəaliyyət göstərir və sui-istifadə halları ilə qarşılaşmamaları üçün vətəndaşlarımız öncədən Baş konsulluğumuza müraciət edib lazımi məlumat və məsləhətlər ala bilərlər.
 
- Azərbaycan-İran dəmiryollarının birləşdirilməsi barədə razılıq əldə olunub, o cümlədən Azərbaycanın Naxçıvan Muxtar Respublikasının dəmiryolunun Şərqi Azərbaycan Vilayətinin dəmiryoluna birləşdirilməsi layihəsi ilə bağlı fikirlər uzun müddətdir ki, gündəmdədir. Bu məsələ ilə bağlı İran tərəfi ilə müzakirələr aparılırmı?
 
- Ötən günlərdə bilirsiniz ki, Azərbaycan və İranın Astara şəhərlərində keçirilmiş ölkələrarası komissiyanın işçi iclası zamanı Şimal-Cənub Tranzit Dəhlizi layihəsi ilə bağlı işlərin tezləşdirilməsi, layihə ilə bağlı bir çox ilkin işlərin icrası istiqamətində müəyyən razılıqlar əldə olundu. Hazırda Azərbaycan-İran dəmiryollarının bu layihə əsasında tezliklə birləşdirilməsi gündəmdədir və bu istiqamətdə hər iki ölkənin aidiyyəti orqanları tərəfindən işlər görülür. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Şərqi Azərbaycan Vilayəti arasında dəmiryolu sovet dönəmindən mövcuddur. Azərbaycan-İran-Türkiyə xarici işlər nazirlərinin görüşlərində gələcəkdə Bakı-Tblisi-Qars dəmiryolunun Naxçıvan-Culfa-Təbriz dəmiryoluna birləşdirilməsi fikirləri də müzakirə olunub və qəbul olunmuş birgə bəyannamədə də bu öz əksini tapıb. Digər fikirlər də səsləndirilir ki, onlar da səlahiyyətli orqanlarımız tərəfindən mütəmadi nəzərdən keçirilir.
 
Trend İA



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook