“Bank BTB” yanlış məlumat yayır, Banklar Assosiasiyası isə həqiqəti gizlədir - FAKTLAR
Yanvar 24
12:33
2025
Azərbaycanda fəaliyyət göstərən banklar arasında 2024-cü ili zərərlə başa vuran yeganə bank "Bank BTB” ASC olub.
Yeniavaz.com xəbər verir ki, açıqlanan maliyyə hesabatında "Bank BTB” ASC-nin xalis zərərinin 839 min manat olduğu qeyd olunub.
Qeyd edək ki, 4 ildir "Bank BTB” ASC zərərlə işləyir. Belə ki, 2023-cü ildə bankın xalis zərəri 2 milyon 779 min manat, 2022-ci ildə 4 milyon 975 min manat, 2020-ci ildə isə 9 milyon 130 min manat olub.
Lakin, maraqlıdır ki, "Bank BTB” ASC 15 yanvar 2025-ci il tarixində rəsmi veb-saytında yerləşdirdiyi xəbəri ""Bank BTB” 2024-cü ili 4,1 milyon manat xalis mənfəətlə yekunlaşdırdı” başlığı ilə yayımlayıb. Xəbərin içərisində isə bu barədə heç bir məlumat mövcud deyil. Xəbərin başlığında xalis mənfət olaraq qeyd olunan 4,1 milyon manat əslində bankın xalis mənfəəti deyil, vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək mövcud olan mənfəətdir.
Məlum olduğu kimi, bankların xalis mənfəəti vergilər və digər xərclər çıxıldıqdan sonra qalan məbləğə şamil olunur. Bankın açıqladığı və aşağıda təqdim etdiyimiz maliyyə hesabatından da bunu açıq şəkildə görmək mümkündür.
Daha bir maraqlı məqam odur ki, mütəmadi olaraq banklar ilə bağlı göstəriciləri açıqlayan Azərbacan Banklar Assosiasiyası da öz hesabatında "Bank BTB” ASC-nin xalis zərərini "gizlədib”.
Banklar Assosiasiyası açıqladığı hesabatda ölkədə fəaiyyət göstərən bütün bankların xalis mənfəətini qeyd etsə də "Bank BTB”nin qarşısındakı xananı boş saxlayaraq, bankın 839 min manatlıq zərərini qeyd etməyib.
Məlumat üçün onu da bildirək ki, "Bank BTB” ASC-nin səhmlərinin 74,99%-i Mehdiyeva Nigar İsmayıl qızına, 19,01%-i Sadiq Rza İsmayıl oğluna, 6%-i isə Mahmudova Tükəzban Ağa qızına məxsusdur.
Qeyd edək ki, "Bank BTB”nin əsas səhmdarı olan Nigar İsmayıl qızı Mehdiyevanın Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlini olduğu bildirilir. Bankın digər səhmdarı Sadiq Rza İsmayıl oğlu isə onun qardaşıdır.
Onu da qeyd edək ki, Mərkəzi Bank ötən ay Azərbaycanda barəsində ən çox şikayət edilən bankın "Bank BTB” ASC olduğunu açıqlayıb.
Qlobal.az