SON XƏBƏR

Bakının qalmaqallı iki məmurunun beton biznesi – 2 milyona görə MTK-dan neçə ev alıblar?

Oktyabr 27
14:29 2021
Bakıda yüzlərlə insana qarşı dələduzluq edən və nəticədə həbs olunan iş adamı Cahangir Alışovun əməllərindən hələ də əziyyət çəkənlər var. Cahangir Alışov həbsdə olsa da onun yeni dələduzluq əməlləri üzə çıxır. İş adamının bu əməllərini həbsxanadan idarə etməsi barədə iddialar var.

Musavat.com xəbər verir ki, Cahangir Alışov "Yeni Yasamal” MTK və "Yüksəliş-C" MMC-nin direktoru vəzifəsində işləyərkən yüzlərlə vətəndaşa qarşı dələduzluq edib. Onun əməllərindən zərər çəkən şəxslərin sayı o qədər çox idi ki, iki ayrıca cinayət işi açılmışdı. Hər iki cinayət işi üzrə yüzlərlə insanın mənzil alarkən aldadıldığı, bir mənzilin 2, 3 və hətta 4 nəfər satılması üzə çıxmışdı. Onun cinayət işi üzrə məhkəmə prosesləri keçirilərkən insanlar məhkəmə binaları önünə toplanır, daha sonra şikayətlərini çatdırmaq üçün rəsmi qurumların binaları qarşısına yığılırdılar. Cahangir Alışov və onun kimi digər MTK sahiblərinin bu qanunsuz əməllərindən zərərçəkənlərin problemlərinin həlli hökumət səviyyəsində nəzarətə götürüldü və zərərçəkmişlərin demək olar ki, böyük hissəsi "Şərur” MTK tərəfindən evlə təmin olundu.

Ömürünün 10 ilə yaxınını həbsxanada keçirməli olan Cahangir Alışovun oğlu da həbsdədir və o da eyni əməllərdə suçlanır.

Amma bununla da Alışovların əməlləri bitmək bilmir. İndi isə məlum olur ki, prokurorluğun araşdırdığı, cinayət işi açdığı və yekunda həllinə nail olunan problemin ardından daha bir dələduzluq əməli çıxıb.

Belə ki, 2008-ci ildə Nəsirov Saleh Həmzə oğlu "Yeni Yasamal” MTK-dan ev alıb. MTK-nın sədri Cahangir Alışovla razılaşaraq 12 mərtəbədə 202 saylı 4 otaqlı mənzil alıb və buna görə də 105 min 210 manat pul ödəyib.

2013-cü ildə mənzilinə qapı qoyduran Saleh Nəsirov öz mobil nömrəsini də qapıya yazıb. Çünki həmin ərəfədə mənzillərin bir neçə nəfərə satıldığını biliblər.

"Bu yolla digər aldadılan şəxsləri müəyyənləşdirmək istədik. Belə də oldu. Həmin şəxslər Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə baş İdarəsinə müraciətlər etdilər. Cinayət işi açıldı və həmin şəxslər zərəçəkmiş kimi tanındı. "Şərur” MTK-nın binalarında onlara ev verildi. Mənzilin birinci sahibi biz olduğumuz üçün ev də bizim adımıza sənədləşdirildi, su, işıq, qaz sayğacları da mənim adımadır”,- deyə Saleh Nəsirov bildirib.

Bütün bu baş verənlərdən 10 ildən artıq vaxt keçəndən sonra sözü gedən mənzilə qarşı daha bir nəfər iddia ilə çıxış edib. Həmin şəxsin kimliyi isə maraqlıdır.

Belə ki, 2019-cu ildə Hüseynov Yuris Xələf oğlu "Yeni Yasamal” MTK və Nəsirov Saleh Həmzə oğluna qarşı iddia qaldırıb. Yuris Hüseynov bildirib ki, onun 2007-ci il tarixli müqaviləsi var və həmin mənzil onundur.

Bu işlə bağlı davam edən məhkəmə çəkişməsi zamanı Yuris Hüseynov deyib ki, Cahangir Alışova 67 min manat pul ödəyib və həmin mənzili alıb.

MTK-nın vəkili isə bildirib ki, Y.Hüseynovdan tikinti üçün beton alıblar və əvəzində ona mənzil veriblər.

Əvvəlcə MTK Yuris Hüseynovun təqdim etdiyi müqavilənin etibarsız hesab edilməsi üçün iddia qaldırıb. Amma sonra nədənsə həmin iddianı geri götürüb.

İndi vətəndaş Saleh Nəsirov haqlı olaraq sual edir ki, prokurorluğun araşdırması zamanı belə bir adam, mənzil sahibi yox idisə, indi həmin evlə bağlı müqaviləni Yuris Hüseynov necə əldə edib? Prokurorluğun ortaya çıxarmadığı çıxarışı, müqaviləni köhnə tarixlə hazırlayan kimdir? Və şirkət niyə mövqeyini sonradan Yuris Hüseynovun xeyrinə dəyişib?

Araşdırma zamanı maraqlı fakt ortaya çıxıb. Məlum olub ki, 8 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin rəisi Əliheybət Şirinov həmin idarənin baş mühəndisi Hüseynov Yuris Xələf oğlu MTK-nın sədri Cahangir Alışova 1.8 milyon qiymətində beton veriblər, betonun qarşılığında nağd pul və girov olaraq bir neçə mənzil götürüblər. Yuris Hüseynova 3 ədəd mənzil verilib.

Xatırladaq ki, Əliheybət Şirinov və Yuris Hüseynov adlı məmurlar bizə daha əvvəl ölkə gündəmini zəbt etmiş qalmaqaldan tanışdılar. Hər iki şəxs paytaxt Bakıda Müşfiqin heykəlinin icazəsiz olaraq götürülməsinə görə cəzalandırılmışdı.
Musavat.com
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook