Bakıdakı sığınacaqdan dəhşətli iddialar – “Körpələrin başını qırxıb spirt vurur, sonra yandırıb tamaşa edirdilər”
İyun 03
11:05
2022
"Sevgi Evi” qadın və uşaq sığınacağı barədə şikayət edən xanım hər kəsi təəccübləndirən iddialar səsləndirib.
Qlobal.az xəbər verir ki, Sputnik Azərbaycan-ın əməkdaşı yayılan məlumatı yerində araşdırmaq məqsədilə Sabunçu rayonu, Yavər Əliyev küçəsi 31 ünvanında fəaliyyət göstərən "Sevgi Evi” qadın və uşaq sığınacağına yollanıb.
Sığınacağın təşkilatçısı Könül Qasımova bildirib ki, mətbuatda yayılan məlumat həqiqəti əks etdirmir. O, prokurorluğun yaydığı rəsmi məlumatda da "Sevgi Evi” qadın və uşaq sığınacağının adının çəkilmədiyini qeyd edib. Amma K.Qasımova sığınacaqda dövlət qurumları tərəfindən monitorinqin keçirildiyini təsdiqləyib. Bildirib ki, dövlət qurumları tərəfindən monitorinq keçirilsə də, burada hansısa uşağa zorakılıq, fiziki və psixoloji təzyiqin göstərildiyindən söhbət gedə bilməz:
"Biz bu sığınacağı ona görə açmışıq ki, kimsəsiz, zorakılığa məruz qalmış uşaqlara dəstək olaq. Uşaqları buraya gətirmirik ki, onlara işgəncə verək. Biz o uşaqları gətiririk ki, burada onların başına sığal çəkək, qayğı göstərək. Gətirmirik ki, onlara şiddət göstərək. Bu barədə iddialar kökündən yanlışdır. Bu bizim sığınacağı gözdən salmaq məqsədi daşıyır”.
K.Qasımova bildirib ki, sığınacağa uşaqlarla yanaşı, qadınlar da cəlb olunur:
"Ərazi üzrə polis orqanları küçədə aşkarladıqları kimsəsiz və köməksiz qalan uşaqları bizə istiqamətləndirir. Həmçinin, "Space” telekanalına müxtəlif problemlərlə üz tutan qadınlar, uşaqlar da sığınacağımıza gəlirlər. Onlar burada qalır, yeməklə, yataq yeri ilə təmin olunurlar”.
Təşkilatçı sığınacağa üz tutan hər bir uşaq və qadının qeydiyyata alındığını, uşaqların hətta tibbi müayinədən keçirildiyini söyləyir.
Həmsöhbətimiz deyir ki, bu məkan daha çox günərzi qayğı mərkəzi kimi fəaliyyət göstərir. Dövlətdən heç bir yardım almadan, öz vəsaitləri və xeyirxah insanların dəstəyi ilə köməksiz qadınlara, uşaqlara dəstək olur:
"Amma bu, o demək deyil ki, buraya heç bir nəzarət aparılmır. Bizim sığınacağımıza Sabunçu Rayon İcra Hakimiyyəti, digər aidiyyəti qurumlar nəzarət edir. İstənilən vaxt burada monitorinq təşkil edib uşaqlara necə qayğı göstərildiyini araşdıra bilirlər”.
K.Qasımova ilə söhbət zamanı onu da öyrəndik ki, sığınacağın rəsmi işçiləri yoxdur. Burada hər kəs könüllülük prinsipi ilə çalışır:
"Bizim sığınacaq ictimai əsaslarla fəaliyyət göstərir. Əsas məqsədimiz köməksiz qalan uşaqlara sahib çıxmaq, onlara dövlət uşaq müəssisələrinə yerləşdirilənədək qayğı göstərməkdir”.
Təşkilat rəhbəri ilə söhbətdən sonra burada olan uşaq və qadınlarla da görüşürük. Uşaq sayının az olmasını K.Qasımova bir neçə uşağın məktəbdə olduğu ilə əlaqələndirir:
"Bura günərzi qayğı mərkəzidir. Burada uşaq sayı sabit qalmır. Polis tərəfindən gətirilən uşaqlar bir neçə gündən sonra ya dövlət uşaq müəssisələrinə yerləşdirilir, yaxud da anası nəzarət altındadırsa, buraxıldıqdan sonra övladına sahib çıxır”.
Sığınacaqdakı uşaqlar və burada iki aydan çoxdur ki, yaşayan qadın onlara heç bir şiddət göstərilmədiyini söyləyir:
"Uşaqlar burada mənim gözümün qarşısında böyüyür. İki aydır ki, buradayam. Hər kəs uşaqlara öz balası kimi baxır”.
Könül xanımla sağollaşıb sığınacağı tərk etdikdən sonra həmin ərazidə yaşayan sakinlərlə də həmsöhbət olduq. Onlardan biri bizə bildirdi ki, bir müddət öncə sığınacağa bir qadın gəlib-gedib. Həmin qadın sığınacaqdakı uşağını görmək istəsə də, buna nail ola bilməyib.
Adının çəkilməsini istəməyən həmsöhbətimiz həmin qadının sığınacaqdan şikayətçi olduğunu, hətta monitorinqin onun şikayəti əsasında aparıldığını da söylədi. Amma ərazidə yaşayan digər sakinlər sığınacaqda uşaqlara necə qayğı göstərildiyi barədə məlumatlı olmadıqlarını bildirdilər.
Sputnik Azərbaycan "Sevgi Evi” qadın və uşaq sığınacağından şikayətçi olan qadınla da görüşməyə müvəffəq olub. Adının Xəyalə olduğunu bildirən xanım müsahibəsində sığınacağın təşkilatçısı K.Qasımovadan şikayət etdiyini, onun şikayəti əsasında sığınacaqda monitorinq keçirildiyini təsdiqləyib:
"Mən 15 yaşında qızıma etdiyi səhv hərəkətə görə acıqlandığımdan, o küsüb evdən getmişdi. Polis onu "Sevgi Evi” qadın və uşaq sığınacağına yerləşdirmişdi. Mən qızımın həmin sığınacağa yerləşdirildiyini bildikdən sonra onu evə aparmaq üçün dəfələrlə həmin ünvana getdim. Amma Könül Qasımova mənim qızımla görüşümə, onunla söhbət etməyimə icazə vermədi.
Mən günlərlə sığınacağın qapısında dayanıb qızımı görmək üçün onun insafa gəlməsini gözlədim. Amma o qızımı mənə qarşı öyrədərək efirə çıxarıb danışdırdı.
Mənim əleyhimə qızımı telekanalda müsahibə verməyə məcbur edib. Dəfələrlə rayon icra hakimiyyətinə, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etdim. Amma bunlara baxmayaraq, qızımla görüşümə Könül Qasımova icazə vermirdi. Nəhayət, qızım orada iki ay qaldıqdan sonra Rayon İcra Hakimiyyətinin dəstəyi ilə mən qızımla görüşə bildim.
Qızım məni görən kimi məndən onu sığınacaqdan xilas etməyimi istədi. Qızımı evə gətirəndən sonra o sığınacaqda başına gətirilənləri mənə danışdı. Bildirdi ki, Könül Qasımova onu günlərlə ac saxlayıb, efirə çıxaraq mənim əleyhimə danışmağa məcbur etmək üçün iki gün zirzəmidə saxlayıb. Qızım razı olmadıqda qışın soyuğunda qızımı hamamda gecələməyə məcbur edib. Qızıma mənəvi işgəncələr verib. Hətta Könül Qasımovanın orada yaşayan tanışı qızıma qarşı əxlaqsız hərəkətlər də edib”.
"Qızım danışırdı ki, oradakı körpələrin saçını qırxıb yerinə spirt vurub başlarını yandırırdılar”
"Qızım danışırdı ki, oradakı körpələrin saçını qırxıb yerinə spirt vururdular. Könül Qasımova sonra onların keçəl başında spirtin necə alışdığına tamaşa etmək üçün onların başını yandırırmış. Oradakı uşaqların başlarındakı yanıq izləri də bunu sübut edir. Mənim şikayətim əsasında monitorinq zamanı bu faktlar öz təsdiqini tapıb. Hazırda mənim şikayətim əsasında istintaq işi aparılır.
Mənim istəyim, uşaqlara qayğı adı altında onlara şiddət göstərən bu qadının əməllərinə görə layiqli cəzanı almasıdır. Təkcə öz qızımın deyil, oradakı digər uşaqların da başına gətirilən işgəncələr barədə araşdırılma aparılır. Mənim istəyim həmin günahsız uşaqlara işgəncə verənlərin cəzalandırılmasıdır”.
Cəmilə Məmmədova (ad şərtidir) anasının dediklərini təsdiqləyib. Bildirib ki, Könül Qasımova ona efirə çıxararaq anasının əleyhinə danışması üçün əzab verib, günlərlə ac saxlayıb:
"Məni məcbur edirdi ki, sığınacağı təmizləyim, uşaqlara baxım. Məndən xadimə, dayə kimi istifadə edirdi”.
Könül Qasımova isə Sputnik Azərbaycan-a Xəyalə adında qadını tanıdığını, onun qızının iki ay müddətində sığınacaqda qaldığını təsdiqləyib. Bildirib ki, 15 yaşlı Cəmilə Məmmədova (adı şərtidir) anasının ona qarşı etdiyi qanunsuz əməllərdən polisə sığınıb, daha sonra sığınacağa gətirilib. Elə sığınacaqda uşaqlara işgəncə verilməsi barədə şikayəti də hüquq-mühafizə orqanlarına bu qadın edib:
"Onların dediklərinin heç bir əsası yoxdur. Qız anasının əlindən qaçıb sığınacağa gəlmişdi. Ona və digər uşaqlara qarşı sığınacaqda heç bir zorakılıq törədilməyib. Bunu təsdiqləyən ekspertiza faktı yoxdur. Bizim sığınacaqda uşaqlarla davranışımıza rayon icra hakimiyyəti tərəfindən nəzarət edilir”.
Sabunçu Rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçisi, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi psixoloqu Ramilə Quliyeva "Sevgi Evi” qadın və uşaq sığınacağı barədə yayılan məlumatlardan xəbərdar olduqlarını bildirdi. Onun sözlərinə görə, həmin məkanın sığınacaq kimi fəaliyyət göstərməsi barədə onlara heç bir sənəd təqdim edilməyib:
"Biz bircə onu bilirik ki, "Space” telekanalına müraciət edən zorakılıq qurbanları oraya yönəldilir”.
R.Quliyeva uşaqların sığınacaqda zorakılığa məruz qalması faktı üzrə araşdırılma aparıldığını söyləyib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu isə bildirib ki, işin icrası zamanı məlumatların konfidensiallığı nəzərə alınaraq, istintaq prosesi yekunlaşdıqdan sonra ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcək:
"Kütləvi informasiya vasitələrində iyunun 2-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində fəaliyyət göstərən sığınacaqların birində uşaqların zorakılığa məruz qalması faktına dair Sabunçu Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb”.
Ombudsman Aparatı paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən sığınacaqda müxtəlif dövlət orqanlarının iştirakı ilə keçirilən monitorinq zamanı uşaqlara aylarla əzab verilməsi faktına münasibət bildirib. Məlumatda qeyd olunur ki, internet saytlarında yayılmış bu məlumatla bağlı məsələ üzrə müvafiq qaydada Prokurorluğa və DİN-ə də müraciət olunub.
Hadisə ilə bağlı bu gün yayılan xoşagəlməz məlumatlar isə xüsusilə uşaqlar üçün yaradılmış sığınacaqların fəaliyyətini, onlara nəzarət məsələsini yenidən gündəmə gətirib.
"Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə bildirib ki, uşaqlar üçün nəzərdə tutulmuş sığınacaqlar mütləq şəkildə ixtisaslaşmış olmalı, orada xidmət göstərən insanlar bu sahə üzrə təcrübəli olmalıdırlar:
"Hər kəs sığınacaq açıb xeyriyyə adı altında fəaliyyət göstərə bilməz. Sığınacaqda buna şərait olmalı, lazımi sayda işçi heyəti olmalıdır. Həmçinin müəssisə sığınacaq kimi fəaliyyət göstərməsi üçün akkreditasiyadan keçməlidir. Çox təəssüf ki, bu gün uşaqlara qayğı və dəstək adı altında fəaliyyət göstərən sığınacaqlar heç də öz işlərini peşəkar səviyyədə görmürlər. Hətta uşaqlara qarşı həmin sığınacaqlarda şiddətin olmasına dair məlumatlar gəlir. Ona görə də uşaq sığınacaqlarına mütləq şəkildə nəzarət gücləndirilməli, həmin müəssisələr akkreditasiya əsasında fəaliyyət göstərməlidirlər. Dövlət qurumları vaxtaşırı belə sığınacaqlarda uşaqlara qarşı davranışı, qidalanmanı monitorinq etməlidir”.