SON XƏBƏR

Bakıda özünü subay göstərib əmlakını satan polkovniklə bağlı qərar

May 17
11:03 2023
Ali Məhkəmədə Şamaxı Rayon Polis Şöbəsinin keçmiş rəis müavini Hüseyn Muradxanovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun şikayəti təmin edilməyib.

Qeyd: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Muradxanov 7 il müddətinə azadlıqdan məhrum edilib.

H.Muradxanov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinib.

İttihama görə, o, evli olduğu halda özünü subay kimi təqdim edərək həyat yoldaşının razılığı olmadan özünə məxsus olan əmlakı satıb. Belə ki, H.Muradxanovun şəxsiyyət vəsiqəsində ailə vəziyyəti subay kimi göstərilib. Buna görə də birgə nikah dövründə alınan daşınmaz əmlakın satışını təkbaşına həyata keçirib. Şəxsiyyət vəsiqəsində subay göstərildiyi üçün notariusda onun evli olub-olmadığı araşdırılmayıb.

2016-cı ildə H.Muradxanov həyat yoldaşı M.Muradxanovadan boşanıb. Sonuncu məhkəməyə müraciət edərək, əmlakın satışından xəbəri olmadığını, buna görə alqı-satqının etibarsız hesab olunmasını istəyib. Məhkəmə iddianı təmin edib və alqı-satqı müqaviləsi etibarsız hesab edilib.

Bundan sonra obyekti alan qadın D.V. (ad, soyadı şərti) polis polkovnikindən şikayətçi olub. O iddia edib ki, sabiq rəis müavini onu aldadıb 180 min manatını ələ keçirib.

Şikayət əsasında H.Muradxanova cinayət işi açılıb.

Sabiq rəis müavini məhkəmədə deyib ki, özünü bilərəkdən subay təqdim etməyib. Sadəcə şəxsiyyət vəsiqəsi tərtib olunanda texniki səhvə yol verilib. Polkovnik bildirib ki, sözügedən əmlak ona atasından qalıb və keçmiş həyat yoldaşına aidiyyəti olmayıb. O, alqı-satqı zamanı həyat yoldaşının razılığı məsələsinə diqqət yetirmədiyini bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook