Bakıda özünü DTX əməkdaşı kimi qələmə verən şəxsin insanlardan pul aldığı iddia edilir
Yanvar 05
10:33
2023
Son günlər sosial şəbəkələrdə özünü Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşı kimi təqdim edən şəxsin insanlardan pul aldığına dair paylaşımlar edilir.
Dövlət Təhlükəsizlik Xidməti ( DTX ) əməkdaşı kimi özünü təqdim edib, sürücülərdən pul alan bu şəxsin kim olduğu məlum deyil. Son aylarda müntəzəm olaraq taksi fəaliyyəti göstərən şirkətlərin proqramları üzərindən komfort tipli maşınları idarə edən sürücülər bənzər hadisələrdən şikayətçidirlər.
Bütün bu hadisələri birləşdirən isə eyni görüntüyə malik olan sərnişindir. Səliqəli geyimdə (adətən kostyum, qalstuk, qara və ya ağ köynək) olan bu şəxs sürücülərdən müxtəlif bəhanələrlə, müxtəlif məbləğlərdə vəsaitlər alaraq aradan çıxır. Sürücülər Daxili İşlər Nazirliyinin ərazi üzrə polis bölmələrinə müraciət etdiklərini bildirirlər.
Məsələ burasındadır ki, həmin şəxs (və ya şəxslər) öz əməllərini eyni ssenari üzərindən hələ də davam etdirir(lər).