SON XƏBƏR

Bakıda keçirilən reydlər və yoxlamalar dolları ucuzlaşdırdı - FOTOLAR

Yanvar 04
19:12 2016
Bakıda valyutadəyişmə məntəqələrində dollar ucuzlaşmaqda davam edir.
 
Yanvarın 4-də paytaxt Bakıda valyutadəyişmə məntəqələrində dollar 1.65 manata alıcılara təklif edilib. Musavat.com xəbər verir ki, dolların satış qiyməti ucuzlaşsa da, alış qiyməti 1 qəpik bahalaşıb. Belə ki, yanvarın 3-də "exchange”lər dolları 1.60 manata alırdısa, yanvarın 4-də bu qiymət 1.61 manat olub. Yanvarın 3-də isə dolların satış qiyməti 1.68 manat idi.
 
Dekabrın 31-də və yanvarın 1-də isə dolların satış qiyməti 1.72 manat idi. Dolların qiymətinin ucuzlaşmasının səbəbi son bir neçə gün ərzində, əsasən də bayram günlərində dollara təlabatın həddən artıq aşağı düşməsi olub. Bir neçə valyutadəyişmə məntəqəsinin qarşısında müşahidə apararkən də müştəri qıtlığını müşahidə etdik.
 
Dekabrın 21-də baş verən devalvasiyadan sonra yaranan "dollar ajiotajı” artıq səngiyib. 28 May küçəsindəki "exchange”lərdə dolların satış qiyməti də 1.65-1.66 manatadır. Bir gün əvvəl isə bu ünvanda dolların satış qiyməti 1.68 manat idi.
 
"Neftçilər” metrostansiyasının çıxışındakı valyutadəyişmə məntəqələrindən birinin əməkdaşı olan Zaur Quliyev deyir ki, bayram günlərindəki müştəri sayı bayramdan bir gün əvvəlki müştərilərin sayına bərabər olub: "Bayramdan əvvəl müştəri o qədər çox idi ki, günün ikinci yarısından sonra obyekti bağlamaq məcburiyyətində qalırdıq. Çünki dollar satılıb, qurtarırdı. Ancaq indi elə deyil, dollar almaq üçün nadir hallarda müraciət edən olur. İndi daha çox bayramdan qabaq dollar alanlar gündəlik xərclik üçün dollar xırdalayırlar. Dollara təlabatın azalması qiymətə də təsir edib. Yanvarın 3-də 1.68 manat idi. Bayramdan əvvəl isə 1.72 manat idi”.
 
Bayram günlərində "qara bazar”da dolların qiymətinin süni şəkildə bahalaşacağı gözlənilirdi. Çünki, dekabrın 21-dəki devalvasiyadan sonra Mərkəzi Bankın işləmədiyi şənbə və bazar günlərində dollar "qara bazar”da 2,05 manatadək süni şəkildə bahalaşmışdı. Yeni il bayramı ərəfəsində də belə olacağı gözlənirdi. Lakin bayram günlərində "exchange”lərdə ciddi yoxlamalar aparılıb. Bu barədə musavat.com-a Bakıda fəaliyyət göstərən valyutadəyişmə məntəqələrində çalışan şəxslər məlumat veriblər.
 
Məlumatda bildirilir ki, bayram günlərində dolların süni şəkildə bahalaşmaması üçün demək olar ki, hər gün reydlər keçirilib. Və valyutadəyişmə məntəqələrində dolların bahalaşmaması ciddi nəzarətdə saxlanılıb. Bu yoxlamalar və dollara olan təlabatın azalması ucuzlaşmaya səbəb olub. Qeyd edək ki, Mərkəzi Bankın dekabrın 30-da yaydığı məlumatda bildirilirdi ki, yanvarın 5-nə qədər dollar 1.561 manat olacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook