SON XƏBƏR

Bakı Şəhər İcra Hakimiyyəti “Azİmport”la əlbir olub vətəndaşın mülkiyyətini dağıdıb - TƏFƏRRÜAT

Yanvar 21
18:48 2021
Hüquqşünas: " Hacıbala Abutalıbov vəzifədən çıxarılsa da, qanunsuz göstərişə görə məsuliyyət daşıyır”

Məmurların səhlənkarlığı nəticəsində vətəndaşların mülkiyyət hüququ pozulur. Bu üzdən Avropa Məhkəməsinə göndərilən şikayətlər əsasında Azərbaycan dövləti xeyli cərimə ödəməli olur. Azərbaycan vətəndaşı Faiq Elmir oğlu Novruzov da məmur özbaşınalığının qurbanı olub.

Vətəndaş redaksiyamıza müraciətində yazır ki, Səbayel rayonu, Ə.Yaqubov küçəsi 35 ünvanında yerləşən 925,0 kv.m-lik qeyri-yaşayış sahəsi mülkiyyət hüququ ilə atası Elmir Qaçay oğlu Novruzova məxsus olub. Günlərin birində isə həmin mülkiyyət yerlə bir edilib və onlara bu günə qədər hər hansı bir kompensasiya ödənməyib:"Həmin qeyri-yaşayış sahəsinin bizə aid olması haqda Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən 01.12.2004-cü il tarixli, 003962 saylı ”Mülkiyyət hüququ haqqında şəhadətnamə" var və 6 saylı reyestr kitabının 41-ci səhifəsində müvafiq qeydiyyat aparılıb. 2014-cü ildə bizə xəbər verdilər ki, həmin obyekti sökürlər. Doğrusu, əvvəlcə buna inanmadıq. Necə ola bilər ki, hüquqi dövlətdə mülkiyyətçiyə xəbər vermədən, bizdən razılıq almadan, kompensasiya ödəmədən əmlakı sökürlər?"

Vətəndaş qeyd edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdikdən sonra Bakı Şəhər İcra Hakimiyyəti məktub yazaraq tikilinin Birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar "Su idman Sarayı” kompleksinin tikintisi ilə əlaqədar söküldüyünü öyrənib:

"Mülkiyyətimizin yerində park salınıb. Vətəndaşlara dəyən zərəri ödəməyən ”AZ İmport" Məhdud Məsuliyyətli Cəmiyyətidir. Həmin vaxtdan, yəni 2014-cü ildən başlayaraq bu işin qanuni araşdırılması və kompensasiyanın ödənilməsi üçün müxtəlif aidiyyəti qurumlara, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə, Səbayel Rayon Məhkəməsinə müraciət etsək də, hələ heç bir nəticə hasil olmayıb. Bu isə bizim konstitusion hüquqlarımın kobud surətdə, qəsdən pozulması deməkdir".

"Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov "Yeni Müsavat”a deyib ki, vətəndaşa dəymiş ziyan təcili şəkildə ödənməlidir:"Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsində deyilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyasının 29-cu maddəsinin I-ci hissəsində deyilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin II-ci hissəsinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin IV-cü hissəsində göstərilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə istinad edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.5-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsinə yalnız və yalnız dövlət ehtiyaclar üçün, qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər”.

Hüquqşünas deyir ki, "Dövlət ehtiyacı”nın mahiyyətini və sərhədlərini isə Mülki Məcəlləsinin 157.9-cu maddəsi müəyyən edir:

- yolların və digər kommunikasiya xətlərinin çəkilməsi;

- sərhəd zolağının müəyyən edilməsi; sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi;

- müdafiə əhəmiyyətli obyektlərin tikilməsi;

- dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi.

Göründüyü kimi, vətəndaşa məxsus obyekt sökülüb və yerində park salınıb. Park-bağ kompleksinin-istirahət zonasının yaradılması dövlət ehtiyacları kateqoriyasına aid edilmir və istənilən halda qanunvericiliklə dövlət ehtiyaclarının müəyyən edilməsi və həmin ehtiyaclara görə mülkiyyətdən məhrum edilməyə yönələn səlahiyyətlər Bakı Şəhər İcra Hakimiyyətinin başçısına verilməyib. Yəni Hacıbala Abutalıbov vətəndaşa məxsus mülkiyyətin ondan icazəsiz sökülməsinə göstəriş verə bilməzdi. Vətəndaşın mülkiyyətinin sökülməsinə görə vəzifədən çıxarılsa da, Hacıbala Abutalıbov məsuliyyət daşıyır".

Hüquqşünasın sözlərinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9.-cu maddəsinə əsasən, dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər:"Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2000-ci il tarixli Fərmanına əsasən, Mülki Məcəllənin 157.9-cu maddəsində nəzərdə tutulmuş "müvafiq dövlət orqanı” nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 153.3-cü maddəsinə görə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər.

Sökülməsi nəzərdə tutulan yaşayış və qeyri-yaşayış sahələrinin əvəzləşdirilməsi ilə bağlı mövcud qanunvericiliyin tələblərinə görə hətta dövlət ehtiyacları üçün alınan əmlaka dair fərdi qaydada araşdırma aparılmalı və bazar qiymətləri müəyyən edilməlidir.

Aidiyyəti qurumların qanunsuz hərəkətləri nəticəsində mənim "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətin müdafiəsi hüququm kobudcasına, qəsdən pozulub. Buna görə də vətəndaşa dəymiş ziyan tez bir zamanda ödənməlidir"./musavat.com
 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook