Bakı qoçularını ram edən gürcü: Qafqazın Napoleonu
May 23
09:35
2017
Tofiq Mamedovla Telman İsmayılov haqqında söhbətimizdə keçmiş milyarderin kriminal əlaqələrinə də toxunmuşduq. Dostum birmənalı olaraq bildirmişdi ki, böyük ambisiyalar, böyük pullar olan yerdə böyük kriminallar da olur. Çünki maraqlar toqquşur, qarşına çıxanlar olur, kimi isə aradan götürmək lazım gəlir, yaxınlarından kim isə ilişir, onu türmədən qurtarmaq lazım gəlir və s. Bu, məşhur biznes adamlarına aid olduğu kimi, dövlət adamlarına da aiddir. Məsələn, götürək XX əsrin ən böyük biznes adamı Rokfelleri, ya da ən böyük dövlət adamı Stalini, hər ikisinin adı kriminalla əlaqədə hallanıb və üstündən 100 il keçsə də, indi də hallanır.
Deyirəm, elə isə biz yoldaş Stalindən başlayaq, düşünürəm ki, o, bizim cəmiyyətə həm məkan, həm zaman, həm də mental baxımdan daha yaxındır. Dostum razılaşır və «ellər atası» barədə maraqlı bir söhbətə başlayır.
- Əvvəl onu deyim ki, «Stalin» psevdonimi hardansa götürmə deyil, onun öz soyadıdır. Belə ki, «Cuqa» sözü gürcü dilində polad deməkdir, polad isə rus dilində «stal» kimi səslənir. Deməli, Cuqaşvili soyadını rus dilinə tərcümə etsək, faktiki olaraq, Stalin alınır. Sonra, Stalin adi, sıradan bir adam deyil, o, planetar miqyaslı tarixi şəxsiyyətdir, bizim Qafqazın Napoleon fenomeidir…
- Napoleon fenomeni nə deməkdir, təzə xəbərdir?
- Deyirlər dünyada bütün təzə xəbərlər çoxdan olmuş və yaddan çıxmış köhnə xəbərlərdir. «Napoleon fenomeni»nə gəlincə, Napoleon Bonapart XIX əsrdə Fransaya, eləcə də bütün dünyaya sübut etdi ki, adi, kasıb bir ailədən çıxan oğlan (təbii ki, söhbət talantlı, ambisiyalı oğlandan gedir) öz ağlı, istedadı hesabına yüksələ, hətta imperator (oxu: padşah) ola, bütün dünyaya meydan oxuya bilər. Napoleona qədər isə, «mavi qan» məsələsi mütləq idi: bütün zamanlar və bütün insanlar hesab edirdilər ki, padşah olmaq üçün mütləq padşahın ailəsindən, ən azı, hakim sülalədən olmaq mütləqdir. Napoleon isə bütün bu sterotipləri sındırdı, bütün dünyanı, bütün insanları inandırdı, ümidlərini qanadlandırdı - deməli, hər şeyə nail olmaq, hər yüksəkliyə ucalmaq mümkündür, sadəcə olaraq, istedadlı olmaq, istəmək və işləmək lazımdır. Düşünürəm ki, Napoleonun bu qədər populyar olmasının, zaman və məkan ölçülərinə sığmamasının əsas səbəblərindən biri də budur. Viktor Hüqo «Səfillər» romanında yazır ki, Napoleonu insanlar məğlub etmədi, məğlub edə bilməzdi, onu Allah məğlub etdi. Sadəcə olaraq, Allahın planları ilə Napoleonun planları üst-üstə düşmürdü…
Dostum burda söhbətinə ara verir, bir siqaret çıxarır, yandırır, acı tüstünü ləzzətlə ciyərlərinə çəkir. Mən müdaxilə etmirəm, fikirlərini səhmanlamağa, XIX əsrdən XX əsrə adlamağa imkan verirəm.
- Dediyim kimi, Stalin bizim Qafqazın Napoleon fenomenidir. Onun atası Vaso (Vissarion) adi çəkməçi, anası Ke-ke (Yekaterina) isə savadsız, mömin bir qadın idi. Vaso oğlunun çəkməçi, Ke-ke isə ruhani olmasını istəyirdi. Bəli, adi, kasıb bir ailədən çıxan oğlan öz ağlı, qabiliyyəti, mübarizəsi hesabına yüksəldi, Sovetlər İttifaqı adlı nəhəng rus imperiyasını yaratdı və yaşatdı. Nə az, nə də çox, düz 30 il bu imperiyanın «imperatoru», dünyanın üçdən birində söz sahibi oldu. Tarix isə göstərir ki, hakimiyyəti qoruyub saxlamaq hakimiyyətə gəlməkdən qat-qat çətindir. Hətta Napoleon, bütün zamanların və insanların «imperatoru» səviyyəsinə ucalmış bu dahi şəxsiyyət hakimiyyətini 15 ildən çox qoruyub saxlaya bilməmişdi…
- Deməli, Viktor Hüqonun dedikləri Napoleondan çox Stalinə aiddir?!
- Mən də belə hesab edirəm, amma ruslar bunu qəbul etmək istəmirlər, sadəcə olaraq, 300 il monqol-tatarların işğalı altında qaldıqlarını qəbul etmədikləri kimi, 30 il də Stalinin rəhbərliyi ilə yaşadıqlarını qəbul edə bilmirlər. Hazırda da Rusiya mətbuatında, ədəbiyyatında Stalinin boydan balaca, eybəcər, sıradan bir adam olması haqqında fikirlər səslənir. Deyəsən, qələm düşmən əlindədir?! Amma klassikin dediyi kimi - «faktlar yaman şeydir, özləri adamın belinə minir». Stalinin şəkli göz önündədir, boyu isə yaxınlarının dediyinə görə, orta boydan yuxarı (hardasa 1.73-1.75) olub. Məmməd Əmin Rəsulzadə də Türkiyədə çap olunan «Stalinlə ixtilal xatirələri» əsərində İosif Kobanı (Stalin) «uzun boylu birisi» kimi xatırlayır. Deməli, Stalinin boy məsələsi də, təximinən Napoleonunku kimidir. Məlum olduğu kimi, Napoleon hardasa 1.70-dən yuxarı olub, amma daim hündür boylu hərbçilərin əhatəsində olduğundan balaca görünüb. O ki qaldı Stalinin sıradan biri olmasına, onun akademik təhsili olmasa da, çox istedadlı və hazırlıqlı adam olub. Qori məktəbini əla qiymətlərlə başa vurub, Tiflis seminariyasında da əla qiymətlərlə oxuyub. Sadəcə olaraq, inqilabi hərəkata qoşulduğu və dərsləri mütəmadi buraxdığı üçün seminariyadan xaric olunub. Sonralar sürgündə olduğu illərdə də daim öz üzərində işləyib, marksizmi, leninizmi öyrənib. Stalin Sakt-Peterburqa 1917-ci ildə, oktyabr inqilabından sonra qayıdıb və dərhal «Pravda» qəzetinin baş redaktoru təyin edilib. Sıradan bir adamı ölkənin ən böyük qəzetinin baş redaktoru qoyardılarmı?! 1918-ci ildə Milli məsələlər üzrə fövqəladə komissar (nazir) təyin edilib, 1920-ci ildə isə Kommunist Partiyasının baş katibi (Leninin təqdimatı ilə) seçilib.
Məlum olduğu kimi, Rusiyada 1917-20-ci illərdə Leninin hakimiyyəti dövründə 4 nəfər söz sahibi olub: Lenin, Trotski, Stalin və Sverdlov. Deməli, Stalin ölkə rəhbərliəində birinci dördlüyə düşə bilib, halbuki həmin dövdrə Kommunist Partiyasının rəhbərliyində Avropa təhsili alan, bir neçə xarici dil bilən onlarla insan vardı...- Biz, deyəsən, həm də Stalinin kriminal əlaqələrindən danışmaq istəyirdik?!
- Məlum olduğu kimi, 1898-ci ildə Rusiyada Leninin rəhbərliyi ilə Kommunist Partiyası yaradılmışdı və XX əsrin əvvəllərindən bütün regionlarda özəklərini yaratmağa başlamışdı. Partiya aparatını saxlamaq, Rusiya kim nəhəng ölkədə etiraz aksiyaları təşkil etmək üçün pul, çoxlu pul lazım idi. Yalnız çap materialları, vərəqələr hazırlamaq, qəzetləri çap etmək və yaymaq üçün milyronlarla pul lazım idi. Avropa ölkələri isə söz versə də, pul vermirdi, yalnız siyasi mühasirlərg sığınasay verməklə kifayətlənirdi. Bu zaman Lenin məşhur «Ekspropirasiya edənləri ekspropirasiya etmək!» (oxu: Oğrudan oğruya halaldır) şüarı meydana atıldı və bütün regionlarda partiya özəklərinə, hansı yolla olursa-olsun pul, çoxlu pul əldə etmək göstərişi verildi. Beləliklə, şərti olaraq «ekslər» adlanan, faktiki olaraq quldurluq, soyğunçuluq və reketlə məşğul olan bandit dəstələri yaradılmağa başladı. Rusiyanın Cənubi Qafqaz regionunda kommunist bandit dəstələrinə İosif Koba (Koba bizim Koroğlu kimi gürcü xalq qəhramanıdır - Q.A) adlı gənc və ambisiyalı bir gürcü rəhbərlik edirdi. Onun qeyri-adi cəsarəti, qorxmazlığı dillər əzbəri idi. Məsələn, 1907-si ilin mayında Bakıdan Rusiyaya göndərilən pulları aparacaq inkassator gəmisi nahardan sonra tərpənməyə hazırlaşırdı. Bu zaman polis formasında 3 nəfər gəmiyə yaxınlaşır və yoxlama aparmaq istədiyini bildirir. Gəminin hərbi rəhbərliyi, təbii ki, etiraz edir. Bu zaman «polis»lərdən biri tapança çıxarır və körpüdəki mühafizəçilərin ikisini də güllələyir. Yol açılır və üçlük göyərtəyə qalxır. Hərbi mühafizə özünə gəlməmiş kapitanın və köməkçinin kayutlarına qumbaralar atılır, müqavimət göstərənlər güllələnir. Banditlərin biri göyərtədə qalır, ikisi isə kassanın olduğu otağa atılır. Otağın qapısı partladılır, yalnız İsveçrə istehsalı olan seyfi açmaq qalır. Amma üç nəfərin biri bütün Rusiyada məşhur olan «medvejatnik» (seyfaçan) idi və təcili işə girişir. Banditlərin hesabında sayılı dəqiqələr qalır. Amma «medvejatnik» 5-10 dəqiqəyə işinin öhdəsindən gəlir və seyf o vaxt üçün fantastik olan 3 milyon rubl (indiki kursla 30 milyon dollar) "gəlir verir”.
Artıq Bakı polisi ayağa qalxmışdı və gəmi 3 tərəfdən mühasirəyə alınmışdı. Bu zaman əllərini yuxarı qaldırmış iki nəfər göyərtəyə çıxır və polisin diqqətini yayındırır. Üçüncü bandit isə gəminin ehtiyat qayığını aşağı salmağa və pul kisələrini ora atmağa imkan tapır. Motorlu qayıq gəminin bortuna yaxınlaşır və əllərini qaldırmış iki bandit onun içinə tullanır. Banditlər hər ehtimala qarşı sahilə bir-iki qumbara atırlar və açıq olan 4-cü yoldan açıq dənizə üz tuturlar. Hadisə zamanı 10 nəfr qətlə yetirilir, 20 nəfər xəsarət alır, amma banditlərin burnu da qanamır…
- Bu üç nəfər kim idi və onların sonrakı taleyi necə oldu?
- Üçlük əsil bolşevik internasionalı id. Mühafizəçiləri güllələyən, kapitanın və köməkçinin otaqlarına qumbara atan terrorçu Kamo ləqəbli erməni Ter-Petrosyan idi. İsveçrə seyfini 5-10 dəqiqəyə açan «medvejatnik» Əhməd ləqəbli azərbaycanlı idi. Bandit basqınını təşkil edən və bilavasitə rəhbərliyi həyata keçirən isə Koba ləqəbli həmin gürcü idi. Üçlük növbəti bandit basqınını bir ildən sonra Tiflis şəhərində törədir. 1908-ci ilin martında Tiflisin mərkəzi meydanında pul aparan iki inkassator maşınının qabağını bir faytonla kəsir. İnkassatorlar maşınları saxlamır, faytona atəş asır. Nəticədə faytonçu yerindəcə güllələnir. Bundan qəzəblənən üçlük faytondan çıxır və hər maşına üç-dörd qumbara atır. Maşınlar dağılır, inkassatorlar həlak olur. Artıq «medvejatnik»ə də ehtiyac lalmır, quldurlar dağılmış maşınlardan pul kisələrini götürüb faytonla aradan çıxırlar. Bu dəfə 10 milyon rubl (indiki kursla 100 milyon dollar) aparılır. Amma bu dəfə hökumət də işini ehtiyatlı tutur. Avropanın bütün ölkələrinə oğurlanmış pulların nömrələri göndərilir. May ayında Almaniyada oğurluq rus pullarını valyutaya dəyişmək istəyən kuryer tutulur, yayda isə Kamo ləqəbli erməni Ter-Petrosyan həbs olunur. Bir neçə aydan sonra o, Tiflis türməsində müəmmalı şəkildə qətlə yetirilir. Quldurluğun sonunun olmadığını görən Koba 1908-ci ilin axırlarında Bakıya qayıdır. Həmin dövrdə Bakıda neft mədənləri şəhər qoçularının nəzarətində (oxu: reketində) idi. İosif Koba qoçuların rəhbərlərini «sxodkaya» çağırır və elan edir ki, Bakı və Tiflis hadisələrini biz törətmişik, Bakı neft mədənləri də bu gündən bizlikdir. Nə qədər qəribə və inanılmaz olsa da, Bakını lərzəyə salan qoçular etiraz etmirlər, sakitcə dağılışıb gedirlər. Beləliklə, Bakı neft mədənlərinə nəzarət Kobanın rəhbərliyi ilə kommunist «ekslər»in əlinə keçir. Amma qoçuları qınamalı deyildi, həmin dövrdə Bakı və Tiflis hadisələri bütün Qafqazı zəlzələ kimi silkələmişdi, eşidənləri dəhşətə gətirirdi. Bu hadisələrin müəllifləri - Koba ləqəbli bolşevik 10 ildən sonra Stalin adı ilə Rusiya rəhbərliyinə gəldi, daha 5 ildən sonra isə Əhməd ləqəbli «medvejatnik» Azərbaycan Ali Sovetinin sədri (tapın görək kimdir?) seçildi.
- Stalin haqqında neqativ söhbətlər Rusiyada indi də səngimir, onun despot, hətta milyonların qatili hesab edənlər var…
- Yuxarıda dedim ki, qələm düşmən əlindədir. Stalinin Rusiyaya rəhbərlik etdiyi 30 ildə şübhəsiz ki, böyük nöqsanlar, ağır səhvlər olub, nahaq qanlar da tökülüb. Amma onun hakimiyyətə gəldiyi dövrdə I Dünya müharibəsində məğlub çıxmış Rusiya imperiyası dağılırdı, xarabalıqları qalmışdı. Stalin faktiki olaraq, bu xarabalıqlar üzərində yeni bir imperiya - Sovetlər İttifaqı yaratdı. Bayrağında da göstərildiyi kimi, oraq və çəkiclə qəbul etdiyi kasıb aqrar ölkəsini atom bombası ilə, dünyaya meydan oxuyan nəhəng bir super-dövlət kimi ruslara qaytardı. O, bütün həyatını Rusiyaya, onun inkişafına və rifahına həsr etmişdi, hətta «mən gürcü deyiləm, gürcü əsilli rusam» deyirdi. 1937-ci ildə anası Qoridə dünyasını dəyişəndə dəfn mərasiminə də gedə bilmədi, «ölkənin işləri daha vacibdir» dedi. Stalin bütün bunları etməsəydi belə, II Dünya müharibəsində Hitler faşizmi üzərində qələbəni təmin etməsi adının tarixə böyük hərflərlə yazılması üçün kifayət idi. Mən burda İngiltərənin o vaxtkı baş naziri U.Çörçillin Nobel mükafatı almış «Xatirələr»ində Stalin haqqında qeydlərini xatırlamaya bilmirəm: «Stalin bizi 1943-cü ilin bir payız gecəsi saat 3-də qəbul etdi. Bizim hərbçilərdən biri müttəfiqlərin planını ona rus dilində məruzə etdi. Mən hələ Londonda olanda hərbi mütəxəssislər planda 3 qüsur olduğunu demişdilər. Stalin məruzəçini diqqətlə dinlədi, öz çıxışında qüsurları, hətta onların aradan qaldırılması yollarını göstərdi. Mən xüsusi hərbi təhsili olmayan bir liderin, nə qədər böyük olsa da, hərbi plandan bu qədər yaxşı baş çıxarmasına heyrət etdim…»
Dostum sonda Stalin haqqında indi lətifəyə dönmüş bir xatirə danışdı. Deməli, Stalin dövlət rəhbərliyi ilə birlikdə Moskvada Böyük Teatrına premyeraya gedir. Teatrın quruluşçu rejissoru, məşhur teatr xadimi Stanislavski onu görəndə özünü itirir, əlini uzadıb əsl familiyasını deyir: «Alekseyev». Stalin onun əlini sıxır, amma özünü itirmir: «Cuqaşvili»…
(Axar.az)