Bakı Biznes Tədris Mərkəzi maarifləndirmə tədbirlərini davam etdirir
Yanvar 12
10:23
2016
Sahibkarlığın inkişafında maarifləndirmə tədbirləri əhəmiyyətli rol oynayır. İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin fəaliyyətinin əsas istiqamətlərindən biri də məhz sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlərin maarifləndirilməsi, onlara zə¬ruri nəzəri biliklərin və beynəlxalq təcrübənin çatdırılmasıdır.
Qlobalinfo.az İqtisadiyyat və Sənaye nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 2015-ci ildə Bakı Biznes Tədris Mərkəzi tərəfindən Bakı şəhərində və regionlarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin, sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlərin maarifləndirilməsi məqsədilə müxtəlif mövzularda 132 tədbir keçirilmişdir. 3000-ə yaxın dinləyicinin iştirak etdiyi bu tədbirlərdə iştirakçılara korporativ idarəetmə standartları, biznes-planların tərtib edilməsi, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, ixrac imkanlarının genişləndirilməsi, elektron ticarət və onun əhəmiyyəti və s. barədə ətraflı məlumat verilmişdir.
Biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və Energetika Nazirliyi ilə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi arasında imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumuna müvafiq olaraq, ötən il iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 36 sahibkar və gənc menecer, indiyədək isə 256 sahibkar Almaniyanın müxtəlif şəhərlərində ixtisasartırma kursu keçmişdir.
Qlobalinfo.az