Baba Mahmudoğlunun xatirəsinə həsr olunmuş tamaşada gənc muğam ustasi Güllü Muradova debüt edəcəkdir
Noyabr 19
14:57
2015
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üz.Hacıbəylinin "Leyli və Məcnun” operasının dekabrın 3-də keçiriləcək tamaşası uzun illər Teatrın səhnəsində Məcnun rolunun ifaçısı olmuş görkəmli muğam ustası, Xalq artisti Baba Mahmudoğlunun xatirəsinə həsr ediləcəkdir.
Noyabrın 7-də 75 yaşı tamam olan mərhum sənətkar Məcnun rolunu özünəməxsus şəkildə ifa etməsi ilə yaddaşlarda yaşayır.
Vaxtilə B.Mahmudoğlu bu tamaşada Əməkdar artist Nəzakət Məmmədova, Xalq artistləri Qəndab Quliyeva, Səkinə İsmayılova, Gülyaz Məmmədova ilə tərəf-müqabil olmuşdur.
Sənətkarın xatirəsinə həsr olunmuş tamaşanın daha bir önəmli cəhəti ilk dəfə olaraq bu tamaşada Leyli rolunda gənc və istedadlı sənətçi Güllü Muradovanın debüt etməsidir.
Güllü 2007-ci ildə Heydər Əliyev Fondunun muğam ifaçıları arasında keçirdiyi televiziya müsabiqəsində I yerə layiq görülmüşdür. Gözəl səhnə görkəmi və yüksək vokal imkanına malik olan istedadlı müğənni muğam, xalq və bəstəkar mahnılarını böyük ustalıqla ifa edir.
Gənc olmasına baxmayaraq o milli muğam sənətimizi bir çox ölkələrdə - Almaniya, Fransa, Böyük Britaniya, ABŞ, Kanada, Mərakeş və s. müvəffəqiyyətlə təmsil etmişdir.
Tamaşada Məcnun rolunu isə Əməkdar artist, Prezident mükafatçısı Səbuhi İbayev ifa edəcəkdir.
Dirijor Əməkdar İncəsənət xadimi Sevil Hacıyevadır.