“Azərpoçt”un adından saxta məktublar göndərilir - Elektron Təhlükəsizlik Xidməti
Fevral 17
17:35
2022
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) vətəndaşları "Azərpoçt” MMC adından göndərilən saxta məktublar barədə xəbərdar edir.
Bu barədə Xidmətin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, kiberdələduzların göndərdiyi saxta məktubların məzmununda vətəndaşlara bağlamalarının çatdırılması üçün 10,2 manat gömrük rüsumu ödənilmədiyi bildirilir və onlardan ödənişin icrası üçün saxta keçidə daxil olmaları tələb edilir.
Daha sonra vətəndaş "Azərpoçt”un adına açılan saxta sayta yönləndirilir və ondan kart hesabının məlumatları istənilir. Kart məlumatları təqdim edildikdə isə hesabda olan vəsait kiberdələduzların əlinə keçir.
ETX bu cür kiberdələduzluq hallarının qurbanına çevrilməmək üçün vətəndaşlara maksimum dərəcədə diqqətli olmağı, tanımadığı şəxslərdən gələn məktublarda göstərilən keçidlərə daxil olmamağı, fərdi məlumatlarını təqdim etməməyi, sorğunun doğruluğunu alternativ əlaqə vasitələrindən istifadə edərək yoxlamağı tövsiyə edir.