SON XƏBƏR

“Azərişıq” ASC-nin əməkdaşlarını güllələyən şəxsə ağır cəza verildi

Dekabr 15
12:21 2021
Lənkəran Ağır Cinayətlər Məhkəməndə Masallı rayonunda "Azərişıq” ASC-nin əməkdaşlarını öldürməyə cəhddə təqsirləndirilən Mansur Şahmuradovun cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.

Qlobal.az-ın Report-a istinadən məlumatına görə, sonuncu keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, M.Şahmuradov 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

Qeyd edək ki, hadisə bu il mayın 26-da Masallı rayonu ərazisində baş verib.

Belə ki, rayonun Yeddioymaq kənd sakini, 1969-cu il təvəllüdlü M.Şahmuradov elektrik enerjisi borcu olduğuna görə onun həyətinə gələn və borcunun ödənməsini istəyən elektrik şəbəkəsi işçiləri ilə mübahisə edib. Heç bir borcunun olmadığını iddia edən abonent M.Şahmuradov evindəki ov silahı ilə "Azərişığ"ın əməkdaşlarına atəş açıb.

Nəticədə üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İki nəfərin xəsarətləri yüngül olduğundan ambulator yardım edilib. "Azərişıq” ASC-nin digər əməkdaşı, Masallı şəhərində yaşayan 1983-cü il təvəllüdlü Ramal Sudef oğlu Bağırova isə sol körpücük nahiyəni dəlib keçən güllə yarası diaqnozu qoyulub. Hər üç şəxsin həyatını xilas etmək mümkün olub.

Hadisəni törətməkdə şübhəli bilinən M.Şahmuradov müəyyən olunaraq saxlanılıb.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.3-cü (Qəsdən adam öldürməyə cəhd, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29, 120.2.4-cü (Qəsdən adam öldürməyə cəhd, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 120.2.7-ci(Qəsdən adam öldürməyə cəhd, iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook