SON XƏBƏR

"Azəriqaz"ın departament rəisi şəhid qardaşını "şantajor" adlandırdı

May 17
17:53 2022
Qanunla qaz sayğaclarının dəyişdirilmə vaxtı ev sahibinə əvvəlcədən xəbər verilməlidir (ya telefonla, ya da bildirişlə), sayğac seçimi ev sahibinin iştirakı və razılığı ilə olmalıdır. Sayğac dəyişdiriləndən sonra isə qaz sızma yoxlanılıb aktla ev sahibinə təhvil verilməlidir. "Azəriqaz"ın bəzi işçiləri sayğac dəyişdirərkən qanunu pozur, hüquqlarını tələb edən abonentlərin tələbi yerinə yetirilmir.

AFN.az xəbər verir ki, bunu ictimai fəal, şəhid qardaşı Elyar Vəliyev bildirib. O qeyd edib ki, ötən il yaşadığı evin elektron, kartla, müasir tipli sayğacı xəbərdarlıqsız olaraq mexaniki və köhnə sayğaca dəyişdirilib: "Sayğac dəyişdiriləndən sonra aktla təhvil verilməyib. Üstəlik də sayğac tələsik quraşdırıldığı üçün qazsızma olub, qaz iyindən binanın blokuna girmək mümkün olmayıb. "Azəriqaz"a zəng edib qazsızmanı xəbər vermişəm, sayğacın aktını tələb etmişəm. Həmin vaxtdan söz verilib ki, kartla olan sayğacı gətirib yerinə quraşdıracağıq. Amma aylar keçsə də, vədə əməl olunmayıb, mən də "Azəriqaz"a həm zənglə, həm də sosial şəbəkələrdən müraciət edərək problemin həllini tələb etmişəm. Həmin ərəfələrdə 29 manat borc yarandığı üçün hətta gəlib sayğacı xətdən ayırmış, qışın soyuğunda evə verilən qazı da kəsmişdilər. Müraciətlərimin nəticə vermədiyini görərək, 21 noyabr 2021-ci il tarixdə "Azəriqaz"ın baş direktoru Ruslan Əliyevin özünə müraciət etmişəm. O, da məni dinləyib və problemin tezliklə həll ediləcəyini vəd verib. Daha sonra "Azəriqaz" əməkdaşlarından bir nəfər də mənimlə əlaqə saxlayıb guya "öz evində də mexaniki sayğac quraşdırıldığı, əslində mexaniki sayğacın yaxşı olduğu, kartla olan sayğacın tez-tez bloka düşəcəyi" nağılı ilə mənim başımı qatmağa çalışıb. Bir neçə gün əvvəl yenidən verilən vədin yerinə yetirilmədiyini Ruslan Əliyevin statusunda xatırlatma etmişəm.

Biraz əvvəl isə mənə Bakı Regional Qazın Satışı Departamentinin rəisi Zamin Mehrəliyev zəng edib, tələbimi demişəm, sayğacın xəbərdarlıqsız dəyişdirildiyinin qanunsuz olmasını xatırlatmışam və əslində prosedurun necə olmalı olduğunu izah etmişəm. O isə "qapı döyülüb açmamısınız, subut edin ki, qapı döyülməyib" deyərək böhtan atmağa başlaydı. "Qanunla qaz sayğaclarının dəyişdirilmə vaxtı ev sahibinə əvvəlcədən xəbər verilməlidir (ya telefonla, ya da bildirişlə)" dedikdən sonra isə istehza ilə "müəllimsiniz, sizin başınız bu işlərdən çıxmaz" kimi sözlər deyərək məni aşağılamaq istədi. Amma müəllimliyin rüşvət alan, hər gün söyüş qazanan, öz vətəndaşını təhqir edən, haqqını yeyən məmurluqdan qat-qat şərəfli peşə olduğunu xatırladaraq payını verdim. Daha sonra qanunu tələb etdiyim üçün "şantajor" deməyə başladı. Növbəti "Açıq qapı" günlərinin birində Zamin Mehrəliyevə kimin "şantajor" olduğunu göstərəcəm. Zamin Mehrəliyev elə bilir ki, öz adamlarını ətrafına yığıb, onlara vəzifə verərək "dəvə başını pambıq koluna soxar, elə bilər heç kim onu görmür" məsəlindəki kimi qanun pozacaq, abonentləri şərləyəcək, haqlı olan abonentə istədiyini deyə biləcək".

E.Vəliyev bildirib ki, "Azəriqaz" vətəndaşların ən çox narazı qaldığı, şikayət etdiyi qurumdur: "Zamin Mehrəliyev kimi şəxslər orda vəzifədə olduğu müddətdə "Azəriqazı"n imici yerlə bir olmaqda davam edəcək. Ümid edirəm ki, Ruslan Əliyev "Azəriqaz"ı yaramaz, yarıtmaz, abonentlə danışığını bilməyən, rüşvətxor işçilərdən qısa zamanda təmizləyəcək. Sonda isə bir daha xatırladıram, kartla, müasir, elektron sayğac yerinə quraşdırılana kimi "Azəriqaz"dan tələbimi etməyə davam edəcəm".

Qeyd edək ki, E.Vəliyev şəhid mayor Vüsal Vəliyevin qardaşıdır.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook