“AzerGold” QSC tərəfindən “Qırmızı Kitab”a daxil edilmiş nadir bitki növlərinin çoxaldılması və reintroduksiyası layihəsi icra edilir
Noyabr 17
18:56
2022
"AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən 2021-ci ildən etibarən Daşkəsən rayonunun ərazisində bitən və "Qırmızı Kitab”a daxil edilmiş nadir və nəsli kəsilmək təhlükəsində olan bitki növlərinin çoxaldılması və onların tarixən yetişdiyi ərazilərə reintroduksiyasını özündə ehtiva edən növbəti ekoloji layihəyə başlanılıb.
Belə ki, 2021-ci ilin 14-16 oktyabr tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının Qida və dərman bitkiləri laboratoriyasının əməkdaşlarının bilavasitə iştirakı ilə Cəmiyyətin Daşkəsən rayonunda yerləşən "Çovdar” mədəninin ətrafındakı dağlardan nəsli kəsilmək təhlükəsində olan bitkilər – "Rosa Zangezura”, "Rosa Nisami”, "Pulverulenta” kimi itburnu növləri, həmçinin nadir dekorativ və dərman bitkisi olan "Frangula Grandiflora” (İriyarpaq kövrək mürdəşər) aşkarlanaraq toxumları yığılıb. 2021-ci ilin noyabr ayında həmin toxumların çeşidlənməsi, müvafiq dərman vasitələri ilə qurudulması həyata keçirilərək, xüsusi aqrotexniki qaydada Mərkəzi Nəbatat Bağının təcrübə sahəsinə səpilib. Ötən bir il ərzində toxumlardan təqribən 400 ədəd "Rosa Zangezura”, 450 ədəd "Rosa Nisami”, 267 ədəd "Pulverulenta”, 23 ədəd "Frangula Grandiflora” kolu yetişdirilib. Layihənin yekun mərhələsi olaraq sözügedən kolların "Çovdar” mədəninin ətrafında yerləşən dağlarda əkilərək çoxaldılması nəzərdə tutulur.
Qeyd edək ki, ölkəmizin dağ-mədən sənayesini təmsil edən dövlət şirkəti olaraq "AzerGold” QSC tərəfindən istismarı həyata keçirilən yataqların ekoloji cəhətdən daha effektiv idarə edilməsi, hasilat prosesi zamanı ətraf mühitə təsirlərin minimuma endirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirir. Bununla yanaşı, Cəmiyyətin Sosial Təsir və Məsuliyyət üzrə Siyasəti çərçivəsində ekoloji tarazlığın qorunub saxlanılması məqsədilə davamlı olaraq kütləvi tədbirlər, o cümlədən, iməcilik, ağacəkmə və digər yaşıllaşdırma aksiyaları təşkil edilir.
Qeyd edilən tədbirlər çərçivəsində bugünədək "Çovdar” mədəni və ətraf ərazilərdə yerli şəraitə uyğun 13 mindən artıq ağac və kol bitkisi əkilib, yaşıllıqlar salınıb.
Qlobal.az