SON XƏBƏR

“AzerGold” QSC Pakistan Mineral İnvestisiya Sammitində təmsil olunub

Avqust 03
18:53 2023
1 avqust tarixində "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində keçirilən Mineral İnvestisiya Sammitində iştirak edib.
 
"Tozdan inkişafa” mövzusunda keçirilən beynəlxalq sammitin təşkilində əsas məqsəd xarici şirkətlərinin Pakistanda mədənçıxarma sənayesinə investisiya yatırmalarını təşviq etmək, bu sahədə müştərək layihələrin icrası istiqamətində ölkələr arasında əməkdaşlıq imkanlarını dəyərləndirilməkdir. Belə ki, tədbirdə Pakistanın mədənçilik sahəsində potensialı, mövcud faydalı qazıntı yataqları barədə ətraflı məlumat verilib, təbii ehtiyatların idarə olunması, səmərəli istifadəsi, qlobal təchizat zəncirində təhlükəsiz təminatı və dağ-mədən sahəsinin inkişafınadair müzakirələr aparılıb.
 
Qeyd edək ki, "AzerGold” QSC ölkə hüdudlarından kənarda fəaliyyətin genişləndirilməsini əsas strateji hədəflərindən biri olaraq müəyyənləşdirib. Belə ki, birgə əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi məqsədilə QSC tərəfindən Orta Asiya regionu və digər dost ölkələrdə birgə layihələrin hazırlanması üçün qarşılıqlı səfərlər təşkil edilir, dağ-mədən sahəsini təmsil edən qurumlarla görüşlər keçirilir, müzakirələr aparılır. Bu xüsusda cari ilin 3 iyun tarixində "AzerGold” QSC-də Pakistan İslam Respublikasının neft üzrə dövlət naziri cənab Musadik Məsud Malikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə "AzerGold” QSC-nin Pakistanda mövcud qızıl, mis, dəmir filizi, eləcə də kömür sahələri ilə bağlı layihələrin icrasında iştirak imkanları ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin daha əvvəl, 2021-ci ilin fevral ayında "AzerGold” QSC-də Pakistan İslam Respublikasının Sərhəd İşləri Təşkilatının baş direktoru general-mayor Kamal Azfarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş təşkil edilib, tərəflər arasında əməkdaşlıq imkanları nəzərdən keçirilib.
 
Qlobal.az
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook