Azərbaycanla Qazaxıstanın diplomatik əlaqələrinin qurulmasının 30 illiyi qeyd olunub
Avqust 26
15:53
2022
Xarici İşlər Nazirliyində (XİN) Azərbaycan və Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.
Tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayıb.
Tədbirin sonunda iştirakçılar Azərbaycan və Qazaxıstan arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.
Bu barədə "Report"a Azərbaycan XİN-dən məlumat verilib.
Tədbirdə Azərbaycan XİN-in rəhbər heyəti, Qazaxıstanın Azərbaycandakı səfirliyinin əməkdaşları, Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin üzvləri, elmi dairələrin nümayəndələri, eləcə də digər qonaqlar iştirak ediblər.
Xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycan və Qazaxıstan arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin xalqlarımızın ortaq tarixi, mədəni dəyərlərindən qaynaqlandığını bildirib. İki ölkə arasında əlaqələrin inkişafında dövlət başçılarının xüsusi rolunu vurğulayan nazir müavini həm ikitərəfli əsasda, həm də çoxtərəfli platformalar çərçivəsində Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı uğurlu fəaliyyətin mövcudluğunu qeyd edib. X.Xələfov ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, energetika, logistika, humanitar, mədəni və digər sahələrdə əməkdaşlığın 2005-ci ildə Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə”yə əsaslandığını ifadə edib. Nazir müavini həmçinin avqustun 24-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə baş tutan rəsmi səfərinin ikitərəfli münasibətlərimizin inkişafında tarixi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə təbriklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Azərbaycan və Qazaxıstan arasında diplomatik münasibətlərin əsasının qoyulmasının 30 illiyi ərəfəsində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfər etməsinin əhəmiyyətini xüsusi qeyd edən səfir sözügedən səfər çərçivəsində imzalanan sənədlərin iki ölkə arasında bütün sahələrdə münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə verəcəyini ifadə edib. Diplomatik əlaqələrin 30 illiyi münasibətilə bir sıra birgə tədbirlərin həyata keçirildiyini bildirən səfir Serjan Abdıkarimov bu tədbirlərin təşkilində əməkdaşlığa görə öz təşəkkürünü ifadə edib.
Tədbirdə iştirak edən xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan və Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğu bu xoş gün münasibətilə öz təbrikini ifadə edib, iki ölkə arasında tarixi, mədəni bağlılığa əsaslanan əlaqələrin hərtərəfli inkişafından məmnunluqla bəhs edib.



