Azərbaycanın oğru məmurları təhlükə ilə üzləşib
İyun 04
12:40
2019
Əkrəm Həsənov: "Azərbaycan maliyyə amnistiyası verməlidir, elan olunmalıdır ki, bu günə qədər kim nə qədər oğurlayıbsa, gətirib xaricdə və daxildə olan həmin əmlakları bəyan etsinlər…”
Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbərinin həyat yoldaşı Zamirə Hacıyevadan sonra Britaniyada daha bir əcnəbi zəngin "İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində araşdırmalara cəlb olunub. Britaniyalı istintaqçılar Londonda ümumilikdə 80 milyon funt-sterlinq dəyərində 3 daşınmaz əmlaka xərclənən pulların mənbəyini istəyir.
Hüquq-mühafizə orqanları güman edirlər ki, əmlak qanunsuz yollarla əldə edilən vəsait hesabına alına bilərdi. Bundan əlavə, məhkəmə əmlakın üzərinə həbs qoyub: istintaqın getdiyi dövrdə onu satmaq, bağışlamaq və ya bölmək olmaz. Söhbətin hansı obyektlərdən getdiyini və onların sahibinin kim olduğunu agentlik açıqlamır. Yalnız o bildirilir ki, əmlak "ciddi cinayətlərdə iştirakının olmasında şübhəli bilinən, siyasi cəhətdən əhəmiyyətli şəxs”lə bağlıdır. Bildirilir ki, hər 3 obyekt Londonun "nüfuzlu rayonlar”ında yerləşir, ümumi qiymətləri 80 milyon funt-sterlinqdir və ofşorlar vasitəsilə idarə olunub.
Zamirə Hacıyeva və Azərbaycandan olması ehtimalı səslənən, hələlik inkoqnito olan yeni "qurban” xərclədikləri pulların qanuni mənşəyini sübut etsələr, iş bağlanacaq və əmlaka qoyulan həbs götürüləcək. Əks təqdirdə NCA məhkəmədən mülklərin müsadirə edilməsini xahiş edəcək, sonra da onları satacaq.
Bu və digər məsələlərlə bağlı tanınmış hüquqşünas Əkrəm Həsənovun fikirlərini öyrəndik.
Əkrəm Həsənov ehtimal edir ki, yaxın gələcəkdə Zamirə Hacıyeva kimi "qurbanlar”ın sayı kəskin artacaq:"Azərbaycan bu prosesdən qazana bilər, bu, ölkə üçün müsbət haldır. Çünki Azərbaycandan oğurlanan pulları bizə heç kim və heç vaxt qaytarmayacaqdı. Bu qanunun qəbulu həmin pulların bir qisminin belə, ölkəyə qayıtmasına yol açmış ola bilər. Azərbaycandan bundan sonra xaricə pul qaçıranlar anlayacaqlar ki, canları və malları üçün ən təhlükəsiz ölkə elə buradır – Azərbaycan. Böyük Britaniyanın arxasınca digər Avropa ölkələrinin də eyni praktikaya müraciət edəcəkləri gün uzaqda deyil. Artıq xarici ölkələr oğruların cənnətindən sürətlə cəhənnəminə çevirilməkdədir”.
Qeyd edək ki, Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva hazırda Londonda ev dustaqlığındadır. O, 500 min funt-sterlinq (təxminən 1,2 milyon manat) girov qarşılığında zaminə buraxılıb və evində nəzarət üçün elektron qurğu yerləşdirilib. Şərtlərə əsasən, xanım Hacıyeva saat 21:00 və 06:00 arası evdə olmalıdır və hər gün Çarinq-Kross polis bölməsinə hesabat verməlidir. 55 yaşlı Z.Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində noyabrın 6-da London polisi tərəfindən həbs olunub. Onun həbsi Azərbaycanda hakimiyyətin Zamirə Hacıyevanın Bakıya ekstradisiyası barədə xahişi ilə bağlı olub.



