SON XƏBƏR

"Azərbaycanımızı İlham Əliyevsiz təsəvvür etmək qeyri-mümkündür"

Fevral 24
13:27 2016
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev: "Azərbaycanda "cazibə mərkəzi” var. Onun mahiyyəti Prezident İlham Əliyevin irəli sürdüyü "milli ideya”dır. Milli həmrəylik bu ideya ətrafında cərəyan edir. O, ölkənin inkişafı üçün əsas mənəvi özəyə çevrilib. Bu ideya postsənaye, informasiya cəmiyyətinin yolunu işıqlandırır, böyük vəzifələrin həllinə hədəflənmiş insanları ruhlandırır və birləşdirir..."
 
Məşhur amerikalı filosof Frensis Fukuyamanın fikrincə, "güclü dövlət qurulması dünya birliyinin ən mühüm problemlərindən biridir. Çünki dövlətlərin zəifliyi və dağılması dünyanın çoxsaylı ən ciddi problemlərinin mənbəyidir”. Onunla razılaşmalıyıq. Dövlətin funksiyasını heç vaxt zəiflətmək olmaz, hərçənd müasir liberalizmin tərəfdarları cəmiyyətə bunu təlqin etməyə çalışırlar ki, vətəndaş cəmiyyəti təşkilatları dövlətin vəzifələrinin çoxunu öz üzərinə götürə bilərlər. Zənnimcə, onlar ciddi yanılırlar. Liberalizmin adeptləri və idealistlər nə deyirlər desinlər, onlar öz baxışlarını əsaslandırmaq üçün nə qədər çalışsalar da, bizim güclü dövlətə və müxtəlif növ anarxistlərin "qırmızı xətti” keçmələrinə imkan verməyən güclü hakimiyyətə ehtiyacımız var. Cəmiyyətdə sabitliyin təmin edilməsində dövlətin rolu o qədər böyükdür ki, onu heç bir ictimai təşkilat əvəz edə bilməz. Yaxın keçmişdə Franklin Ruzvelt, Uinston Çörçill, general Şarl de Qoll, İosif Stalin, sonrakı illərdə isə Konrad Adenauer, Fransua Mitteran, Mao Tszedun kimi görkəmli dövlət xadimləri bunu öz fəaliyyətləri ilə sübut ediblər. Bunu tarixin gedişi də sübut edib. Təbii ki, hər bir siyasətçi, ilk növbədə, öz dövlətinin maraqlarını qoruyur. Lakin bununla bərabər, müharibədən sonrakı dövrdə dünya nizamının, qlobal və regional təhlükəsizliyin prinsipləri məhz bu cür parlaq siyasətçilər tərəfindən, onların səyləri ilə müəyyən edilib. Bu gün dünya siyasi səhnəsində belə güclü şəxsiyyətlər və dövlət xadimləri yoxdur. Onların yerlərini bu cür lider keyfiyyətlərinə, fitri xarizmaya və yüksək nüfuza malik olmayan adamlar tutub. Məhz bu səbəbdən, onlar dəyişmiş dünyada ümumbəşəri həmrəyliyi təmin etmək iqtidarında deyildir. Bu gün bir sıra ölkələrdə siyasətçilər öz hərəkətlərində ikili mövqe tuturlar: onlar bir tərəfdən diqqətlərini daxili problemlər üzərində cəmləşdiriblər, çünki dünya siyasət səhnəsinə çıxmaq üçün əvvəlcə müxtəlif vədlərlə seçicilərin dəstəyini qazanmalı olurlar. Digər tərəfdən - əsrlər boyu dövlət xadimlərinin düşüncəsinə hakim kəsilən regional və qlobal təhlükəsizlik məsələləri bu gün yenidən onların diqqət mərkəzində olmalı və hətta əvvəlkindən daha artıq əhəmiyyət kəsb etməlidir...
 
Lakin Qərbin aparıcı dövlətlərinin müasir liderləri zəruri şəxsi keyfiyyətlərə malik olmadığına və dövləti idarə etmək sənətinə yiyələnmədiyinə görə öz sələflərindən xeyli geri qalırlar. Xarici siyasət və ölkənin təhlükəsizliyinin təmin edilməsi çox geniş əhatəli məsələlərin həlli ilə bağlıdır. Uzaqgörən dövlət xadimi risklərin və imkanların bütöv spektrini nəzərə almalı və qiymətləndirməlidir. İndiki şəraitdə xarici siyasət və təhlükəsizliyin təmin edilməsi, ilk növbədə, qüvvələr balansı və etibarlı müdafiə sistemi yaratmaq milli mənafeləri qorumaq deməkdir. Bu mürəkkəb məsələnin həlli üçün milli lider dövlətin idarə edilməsi sənətinin bütün nüanslarına yiyələnməlidir. Azərbaycan xalqının iki dəfə bəxti gətirib – bu, 1993-cü və 2003-cü illərin prezident seçkiləri ilə bağlıdır. Ağılı dövlət xadimi həmişə yadda saxlayır ki, dövləti vəzifə, ilk növbədə, xalqın etimadı deməkdir. Buna görə dövlət xadiminin ali vəzifəsi öz xalqına, dövlətin firavanlığına xidmət etməkdir.
 
Bu baxımdan, tale Azərbaycan xalqı üçün gözəl gələcək hazırlayıb. Bu gələcəyi bütün varlığı ilə öz xalqına xidmət edən Prezident İlham Əliyevsiz təsəvvür etmək qeyri-mümkündür. 2003-cü ilin payızında ölkənin ən birinci vəzifəsində Heydər Əliyevi əvəz edən İlham Əliyev hərtərəfli düşünülmüş fəaliyyət strategiyasını daha da zənginləşdirib. Onun fəaliyyəti inqilabi fəaliyyət oldu, çünki bir onillik ərzində böyük ümidlərin həyata keçməsinə gətirib çıxardı. Əslində məhz bu, əhalinin iqtidara münasibətini, ictimai qüvvələrlə dialoqun taleyini müəyyənləşdirir. Prezident İlham Əliyevin öz qurucu fəaliyyətində əsaslandığı innovasiyalı inkişaf konsepsiyası ölkənin modernləşməsi, postsənaye cəmiyyəti quruculuğu proqramında müstəsna rol oynayır. Dövlətimizin başçısı sosial-iqtisadi xarakterli mühüm təşəbbüsləri bir-birinin ardınca həyata keçirməklə öz müasirlərində fəaliyyət əzmini coşdurmağa, layiqli gələcəyin möhkəm əsaslarını qurmaq üçün həmfikirlərini arxasınca aparmağa nail oldu. O, xalqa verdiyi sözünün üstündə durdu. Quruculuq sərhədlərini ilbəil genişləndirən nəhəng islahatlar proqramının xalqa faydası göz qabağındadır. Bu proqram Azərbaycanın beynəlxalq birlikdə mövqelərini möhkəmlətməyə imkan verir. Azərbaycanın regionda lider imicinin möhkəmlənməsi bir daha təsdiq edir ki, Prezident sosial-iqtisadi inkişafda sarsıntılarsız və itkilərsiz böyük sıçrayış etməyə imkan vermiş universal uğur formulu tapıb. Azərbaycanda "cazibə mərkəzi” var. Onun mahiyyəti Prezident İlham Əliyevin irəli sürdüyü "milli ideya”dır. Milli həmrəylik bu ideya ətrafında cərəyan edir. O, ölkənin inkişafı üçün əsas mənəvi özəyə çevrilib. Bu ideya postsənaye, informasiya cəmiyyətinin yolunu işıqlandırır, böyük vəzifələrin həllinə hədəflənmiş insanları ruhlandırır və birləşdirir. Prezident Azərbaycan xalqının dəstəyinə arxalanaraq, milli mənafeləri müdafiə edərək firavan dövlət qurmağa yönəlmiş siyasət yürüdür. Ölkəmizin hər bir vətənpərvər vətəndaşı əmindir ki, qarşıya qoyulmuş vəzifələrin həlli yalnız güclü prezident hakimiyyəti və cəmiyyətdə sabitlik olduğu halda mümkündür. Güclü hakimiyyətin vəzifəsi zamanı şəraitə və özünə tabe etməkdən, onlardan ölkə üçün maksimum səmərə əldə etməkdən ibarətdir. Bu istək həmişə və hər yerdə özünü doğruldur, ölkə vətəndaşlarının inamını möhkəmləndirir. Qeyri-ordinar qərarların müəllifi olan, orijinal fikirləri məharətlə böyük işlərə çevirən İlham Əliyev yeni siyasi dəbin yaradıcısı obrazını təcəssüm etdirir.
 
O, zamanın və məkanın şəraiti və vəziyyətini ustalıqla idarə edərək öz komandası ilə birlikdə ölkənin resurs bazasını genişləndirməkdə, yeni niyyətlər və uğurlarla dünyanı təəccübləndirməkdə davam edir. Prezident İlham Əliyevin son on ildəki fəaliyyəti sübut edir ki, tarixdə şəxsiyyətin rolu böyük və danılmazdır. İlham Əliyevin islahatlar proqramının əsl mahiyyəti hazırkı şəraitdə milli sənayenin, sosial infrastrukturun, indiki nəsillərin maddi rifahını və zəngin mənəvi həyat tərzini təmin edə bilən bütün sahələrin yenilənməsinin cəsarətli və geniş əhatəli layihələrinə tələbatın nə dərəcədə böyük olmasını nümayiş etdirdi.Xatırladaq ki, İlham Əliyev dövlət başçısı olan zaman Azərbaycanda görkəmli siyasi xadim və milli lider Heydər Əliyevin səyləri ilə iqtisadi və siyasi sabitlik təmin edilmişdi. Ölkə artıq o vaxt özünü dünya birliyinə özünəyetərli və müstəqil subyekt kimi təqdim edə bilmişdi. Lakin varis özünün yüksək intellekti və təşkilatçılıq istedadı sayəsində böyük sələfinin kölgəsindən çıxmağa və ölkənin nailiyyətlərini artırmağa, səmərəli iqtisadiyyat yaratmağa nail oldu. Hazırda bu iqtisadiyyat inkişaf indekslərinə görə dünyada ən dinamik iqtisadiyyatlardan biridir. Bu, yeni beynəlxalq koordinatlar sistemində gənc müstəqil dövlətin əhəmiyyətinin və yerinin müəyyən edilməsində mühüm amil rolu oynadı. Təsadüfi deyil ki, son illərdə Azərbaycan dünyanın aparıcı ölkələri ilə strateji tərəfdaşlıq qurmağa və inkişaf etdirməyə, qlobal inteqrasiya proqramına töhfəsini davamlı şəkildə artırmağa qabil olan subyektə çevrilib. İndi Azərbaycan təkcə Avropanın enerji təhlükəsizliyinin deyil, həm də böyük Avrasiya məkanında ümumi təhlükəsizliyin qarantıdır.
 
Bu, daxili sabitlik, iqtisadi inkişaf, davamlı ictimai-siyasi nizam, cəmiyyətin həyatının demokratikləşməsi sayəsində mümkün olub. Bu, qüvvələri və imkanları genişmiqyaslı modernləşmə proqramlarının həyata keçirilməsi üzərində cəmləşdirməyə imkan verir. İlham Əliyevin söylədiyi fikirlərin və həyata keçirdiyi işlərin mahiyyətinə diqqətlə varsaq asanlıqla başa düşmək olar ki, bu fikirlər və əməli işlər dərindən dərk edilmiş milli ideyadır. Dövlətimizin başçısı məhz bu ideyadan çıxış edərək ölkəni postsənaye cəmiyyəti relsləri üzərinə - yüksək səviyyəli orbitə çıxarmaq kimi möhtəşəm bir planı həyata keçirir. Belə cəsarətli fəaliyyət xəttini həyata keçirməyi yalnız enerjili, uzaqgörən və istedadlı lider özünə rəva görə bilər.
 
Ulu əcdadlarımız deyiblər: "Dövlətin müdrikliklə idarə edilməsi təhlükəni azaltmaq və onu xalqdan uzaqlaşdırmaq deməkdir”. Dövlətin idarə edilməsi sənətinin mahiyyəti də bundadur. İndiki mürəkkəb şəraitdə İlham Əliyev həm dövlət maşınını enişli-yoxuşlu yollardan keçirərək nəzərdə tutulan məqsədə yönəltməyə, həm də gələcək üçün etibarlı möhkəm təməl yaratmağa nail olub. Daim fəaliyyətdə olan, beynəlxalq əhəmiyyətli problemlərin həllində ədalətlilik prinsiplərini müdafiə edən Prezident təkcə öz həmvətənləri arasında deyil, həm də beynəlxalq dairələrdə yüksək hörmət və nüfuz qazanıb. O, özünün qeyri-adi qabiliyyətləri, beynəlxalq təhlükəsizlik problemlərinin, regional və qlobal məsələlərin həllinə, onun təşəbbüsü ilə başlanmış beynəlxalq layihələrə töhfəsi sayəsində dünyada sayılıb seçilən siyasi xadim kimi qəbul edilir. Bu, inkarolunmaz faktdır. Bu cür diqqətə və ehtirama, bir qayda olaraq, xarizmatik, istedadlı, qeyri-ordinar təfəkkürə və siyasi intuisiyaya malik olan siyasətçilər layiq görülürlər.
 
Bu gün Prezident İlham Əliyevin təşəbbüsləri ölkənin və regionun iqtisadi landşaftını dəyişir, öz liderini inamla dəstəkləyən xalqın mənəvi dirçəlişi üçün güclü stimula çevrilir. Məhz bu səbəbdən, Prezident bütün həmvətənlərinin güclü dəstəyini hiss etdiyindən, Dövlət Bayrağı Meydanındakı nitqini bu sözlərlə bitirib: "Əminəm ki, biz qarşıya qoyulmuş bütün məqsədlərimizə çatacağıq”. Bütün bunlar Azərbaycan xalqını böyük işlərə ruhlandırır və yaşadır.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook