SON XƏBƏR

“Azərbaycanı qarışdırmaq istəyirlər”- İlqar Altay

Noyabr 15
11:44 2015
"Burada da bir Əsəd rejimi qurub, İranın "kurasiyasına” verməyə çalışırlar”
 
Azərbaycan İctimai Tədqiqatlar Mərkəsinin rəhbəri, tədqiqatçı İlqar Altay Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralova müraciət edib. Müraciətdə bir sıra ciddi məsələlərə toxunulub. O bildirib ki, Azərbaycan cəmiyyəti və hüquq-mühafizə orqanlarının vahabi sünni-ekstremist təriqəti təmsilçilərinin zərərsizləşdirilməsi ilə məşğul oldugu son illərdə, digər tərəfdən, ölkədə İran fars rejimi agenturası və təbligatının "çiçəklənməsi” müşahidə olunmağa başlayıb. Bu şəbəkənin ölkəmizdəki fəaliyyət və imkanlar dairəsi kifayət qədər genişlənib. Müraciətdə səslənən bu vəya digər ittihamların həqiqəti nə qədər əks etdirdiyi və milli təhlükəsizliyimizə nə qədər təhlükə yaratması ilə bağlı İlqar Altayın "Cümhuriyət"ə müsahibəsini təqdim edirik.
 
- Müraciətiniz nə qədər əsaslıdır, əsas arqumentlər nədən ibarətdir?
 
- Mənim bir müstəqil, tərəfsiz hüquqşünas-tədqiqatçı kimi ölkədə heç bir şəxs və ya təbəqə ilə qərəzim yoxdur. Neytral bir ictimai təşkilat rəhbəri olaraq hansısa partiyanın, siyasi və ya dini qrupun tərəfində deyiləm. Fəaliyyətim sırf ictimaiyyətçi kimi dövlətçilik mövqeyində, Azərbaycan dövlətinin varlığının qorunması tərəfindədir. Bu da hazırda cox vacibdir. Çünki bu gün Azərbaycana uzanan əllər, bu dövləti təhdid edənlər çoxdur. Bu dövlət kimin onu idarə etməsindən asılı olmayaraq, hamımızındır, müqəddəsdir. Ona görə də, istər doğma oğlum, qohumum və ya fərqi yoxdu Tale Bağırzadə, Məmməd, Vəli, kim olur-osun, dinlə, siyasətlə məşğul olarkən dövlətə sataşmasın... və ya cəzasız qalmasın.
 
-İran agenturasının Azərbaycanda güclənməsinin səbəbləri nədir?
 
- İran agenturası Azərbaycanda hər zaman var və olub. Sadəcə, vaxtaşırı fürsət düşən kimi buradakı 5-ci kolonunu aktivləşdirib hərəkətə gətirir. Müxtəlif böyük dövlətlərə, mərkəzlərə xidmət edən 5-ci kolonlar hər kiçik ölkədə, Azərbaycanda da var. Onlar müxtəlif missiya yerinə yetirirlər. Ancaq bizim üçün ən təhlükəlisi bu, iranyönlülərdir. Çünki digərləri burada ölkəmizi iqtisadi, siyasi təsir altına salmaq və ya hətta ən uzağı işqal altına almaq məqsədi güdür. Bu iranyönlülər isə, ideoloji mərkəzlərinin proqramına görə Azərbaycanı ümumiyyətlə, bir dövlət kimi xəritədən silmək məqsədi qoyub. O taydakı 35 milyonluq azərbaycan türkünə göstərsinlər ki, baxın, sizdən dövlət quran və saxlayan çıxmaz, oturun yerinizdə. Və bununla da İrandakı azəri türkünün çoxluğu kimi çətin təhlükəni birdəfəlik həll etsinlər.
 
- Görünür, bu istiqamətdə də müəyyən addımlar atılır...
 
- Bu məqsədlə ölkəmizdəki şiə məzhəbli insanların bir qrupunu ideoloji cəhətdən çaşdırıb ortaya salırlar. Yəni bu da İran fars rejiminin hər zaman Azərbaycanı zəiflətmək və imkan düşsə, sarsıdıb öz maraqları dairəsinə salmaq planının tərkib hissəsidir. Bizim dövlətimiz, ölkəmiz də müstəqillik əldə olunandan bəri daim açıq və gizli formada cənub qonşunun bu cür təxribatlarının qarşısını alıb. Ancaq görünür ki, son illər bu sahədə xeyli boşluqlar yaranıb. Aşura ərəfəsi radikal islam "hüseynçilər"inin dövlətçilik və xalq birliyinə qarşı nizamlı, mütəşəkkil təxribatçı çıxışları buna misaldır.
 
-Boşluqlar nədən ibarətdir?
 
- Boşluq əsasən ölkədə dini ekstremizmin yayılmamasına məsul olan keçmiş Milli Təhlükəsizlik Nazirliyi rəhbərliyi və bir sıra kadrlarının yarıtmaz və yaramaz fəaliyyəti ilə bağl olub. Təbii ki, bu yaxınlarda aydın olduğu kimi, bütün vaxtını qanunazidd, aidiyyətsiz fəaliyyətə həsr edən bir dövlət orqanı öz işini tam görə bilməzdi. Diğər tərəfdən, açıq demək lazımdır ki, vətəndaş cəmiyyəti, ictimai xadimlər, siyasi partiyalar, ictimai təşkilatlar, media orqanları və s. tərəfdən də bu məsələyə lazımi diqqət yetirilməyib. Diğər tərəfdən iqtisadi böhran da rol oynayıb.
 
-İranın təsir dairəsi getdikcə güclənir, bunun qarşısı necə alınmalıdır?
 
- İranın son dövrlər aktivliyi ümumən regionda xeyli artıb. Bu aktivliyin də səbəbi Ukrayna hadisələrindən sonra Qərb-Rusiya qarşıdurmasıdır. Sinni ərəb dünyasının Qərbə dəstək verib neftin qiymətini salmasından sonra Rusiya ərəblərə qarşı İran və şiə kartından istifadə edir. İran Rusiyanın dəstəyi ilə Yəməndə prezidenti qovub, şiə rejiminin qurulmasını təşkil etdi. Suriyada ələvi-şiə Bəşər Əsəd rejimini yıxılmaqdan xilas etdi. Livanda "hizbullah” təşkilatını gücləndirir. Şərqdə Əfqanıstanda da fəaliyyətini güçləndirir. İndi, fürsət düşmüşkən Azərbaycanda da boş oturmurlar. Buranı da öz əlaltıları vasitəsilə qarışdırmaq istəyirlər. Burada da bir Əsəd rejimi qurub, İranın "kurasiyasına” verməyə çalışırlar. Biz nə etməliyik? Birinci növbədə xalqımıza dövlətçiliyimizin misilsiz dəyərini, onsuz hamımızın heçliyini, məhv olacağımızı anlatmalıyıq. Sonra dövlətimizə real olaraq haradan təhlükə gəldiyini və niyə gəldiyini açıq faktlarla izah etməliyik. Bununla da xalqımızda, cəmiyyətdə ümummilli təhlükəyə qarşı birlik, ictimai müqavimət yaratmalıyıq. Qaldı ki, dövlət orqanları da bugünkü reallıqlara uygun sərt təhlükəsizlik tədbirləri görməlidirlər və biz də bunu dəstəkləməliyik.
 
- Gənclərin təsir altına düşməsinin səbəbələri nədir və çıxış yolları nədən ibarətdir?
 
- Burada əsas səbəb mənim fikrimcə, boşluq və avaraçılıqdır. Gənclərimiz təhsili təhsil kimi, işi iş kimi tam gücləri və fəaliyyətləri ilə yerinə yetirmirlər. Tam vaxt ayırmırlar, vaxtlarını səmərəli istifadə etmirlər. Cavanlarda yaranan boşluqdan da ya dini ekstremistlər, ya siyasi-təxribatçı radikallar, ya kriminal ünsürlər istifadə edirlər. Beyinləri təmiz gəncləri müxtəlif sərsəm ideyalar hesbına öz tərəflərinə çəkirlər. Bir də fikrimcə, bizdə nədənsə gənclərə milli-vətənpərvərlik hissi aşılamaq maarifçiliyi zəifdir. Bu məsələnin üstünə düşməlidir aidiyyəti dövlət orqanları və ictimai təşkilatlar.
 
- Hazırkı situasiya Azərbaycanın milli təhlükəsizliyinə nə qədər təhdidlər yaradır və problem nə qədər ciddidir?
 
- Mən sizə bu məsələdə bilgili bir ekspert, tədqiqatçı kimi deyirəm. Vəziyyət ciddidir. O qədər ciddidir ki, məni, açığı ölkədaxili problemlərdən daha çox xaricdən, qərbdən, şərqdən, şimaldan, cənubdan gələn təhdidlər narahat edir. Gərək geniş düşünüb, ölkəyə kənardan baxasan. Ola bilsin ki, qrup və korporativ maraqlara, hissiyyata qapılmış təşkilatlar, partiyalar, birliklər bunu hiss etmirlər. Amma mən bu cür maraqlardan uzaq, sərbəst düşünən insan kimi bunu nəinki hiss edirəm, həm də görürəm. Müxtəlif şüarlar, bəhanələr, hakimiyyətlə problemlər altında, əslində, Azərbaycana olan təhdidi o saat hiss edirəm. Məsələn, Azərbaycanın dünyəvi dövlət olmasını istəyib ən çox ölkəmizin yolunu Qərbə inteqrasiyada görürəm. Ən azından, götürək ki, 4 övladım Qərb ölkələrində təhsil alır. Bununla belə, bu yaxınlarda Almaniya Bundestaqı və ya Avropa Parlamenti öz tənqidi qərarında Azərbaycan dövlətçiliyinə qarşı, həddini keçəndə buna qarşı mətbuatda sərt narazı fikirlərimi bildirdim. Bu addımların ədalətsiz ve yersiz adlandırdım. Çünki bu qərəzli təhdidlər hamısı ümumi evimiz olan dövlətimizi sarsıdır.
 
- Ölkədə radikalizmə meyllənmədə, dini ekstremizmin yayılmasında sosial ədalətsizliyin rolu varmı?
 
- Burada əsas problem yaradan şərt məmur özbaşınalığıdır, korrupsiyadır. Bütün ədalətsizliklər və oradan da yaranan narazılıqlar buradan başlayır. Dövlət, idarəçiliyin təmin olunması üçün məmur təyin edir ki, get, xalqa və dövlətə xidmət et. Onların da bir çoxu vicdan, qeyrət hissini itirir, onlara edilmiş etimadı yerə vurur. Öz xeyrinə, ambisiyasına uygun fəaliyyət göstərir. Korrupsiyaya qurşanır, vəzifə səlahiyyətini aşır, dövlətin büdcəsini talayır, insanları incidib narazı salır. Bu da insanları dövlətdən və hətta bəzən vətəndən incik salır. Müxtəlif dini və sair cərəyanlarda, şəbəkələrdə ümid yeri axtarmağa yönləndirir. Çox ümidverici haldır ki, son dövrlər dövlət başçısı, cənab İlham Əliyevin iradəsi və şəxsi təşəbbüsü ilə belə neqativ məmurçuluga qarşı kəskin mübarizə başlanıb. Bu mübarizə hətta MTN kimi güclü strukturu əhatə edir və generalların həbsi dərəcəsindədir. Demək kimliyi və mövqeyindən asılı olmayaraq, hər bir ziyankar, hər bir ədalətsizlik yayan məmur sərt cəzalanacaq. Bizim ölkənin, dövlətin yeganə xilas yolu və inkişafı sosial ədalətdən, hüquqi dövlətin möhkəmlənməsindən, dövlət hakimiyyətinin xalqa qarşı xoş, şəffaf, demokratik addımlarından, xalqın da dövlətə dəstəyindən keçir. Bunun üçün başlanmış mütərəqqi islahatları təkidlə davam etdirmək vacibdir. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook