SON XƏBƏR

Azərbaycanı birləşdirmək uğrunda mübariz - Ağa Məhəmməd şah Qacar

Aprel 22
15:29 2016
APA TV-nin "Səsli tarix" layihəsinin növbəti mövzusu Azərbaycan tarixində önəmli yerə sahib olan şəxsiyyətlərdən birinə - Ağa Məhəmməd şah Qacara həsr olunub. Proqramda tarix qarşısında xidmətləri kifayət qədər fərqli bucaqlardan dəyərləndirilən Qacarla bağlı mövcud miflər dağıdılır, tamaşaçıya "beyin üçün həzm" missiyasını yerinə yetirən informasiyalar verilir. Sovet tarixşünaslığının üzərindən sükutla keçdiyi tarixi mənbələrə əsaslanaraq hazırlanan verilişdə Ağa Məhəmməd şah Qacarı tam yeni prizmadan dəyərləndirmək mümkün olacaq. Sizləri proqramın aparıcısı, tarix üzrə fəlsəfə doktoru, BDU-nun Arxeologiya və etnoqrafiya kafedrasının dosenti Kərəm Məmmədlinin Qacarlar haqqında auditoriya tərəfindən maraqla qarşılanacaq fikirləri ilə  tanış olmağa dəvət edirik.
 
Aqafis, ağaçəri, qəcərçi, Qacar...

 
Qacar etnoniminə ilk dəfə miladdan öncə 650-ci ildə rast gəlirik. Burada qacar tayfasının adı aqafis şəklində işlənir. Sonradan bu ad ağaçəri şəklinə düşdü. Daha doğrusu, türkün öz dilində belə səslənməyə başladı. "Çəri” qədim türk dillərində qoşun mənasını verir. Səfəvi dövründə yığma qoşuna "çərik” deyirdilər. Eyni zamanda Osmanlı dövlətində də yığma ordu yeniçəri adlanırdı. Bu adı müxtəlif alimlər müxtəlif cür izah edirlər. Məsələn, Qərbi Avropa alimlərinin fikrincə, "ağaçəri” sözü "ağ Xəzər” deməkdir, yəni xəzərlərin şərq qolunu təşkil edən bir toplum nəzərdə tutulur. Macar alimləri, xüsusilə Yulius Nemet qeyd edir ki, "ağaçəri” qoşunun önündə gedəndir, yəni ordunun ağası mənasında işlənir. Rus şərqşünası Aleksandr Vilyamoviç Qadlo hesab edirdi ki, bu söz "ağaç əri”, "derevesnıye lyudi”, yəni ağac ərləri mənasında işlənir. Lakin tədqiqatlar göstərdi ki, macar alimlərinin yanaşması daha doğrudur. Belə ki, ağaçəri sözünə biz sonradan "qəcərçi” formasında rast gələcəyik. Bütün Səfəvi dövrünə aid mənbələrdə qəcərçilər Səfəvi ordusunun önündə gedən, avanqard qoşun hissələrinə deyilirdi. Etimoloji baxımdan isə istər Mahmud Kaşğaridə, istərsə də türk dillərinin etimoloji lüğətində "qacar” kəskin, ötkəm kişi mənasını verir, eyni zamanda əyilməz, məğrur mənalarında işlənir.
 
Erkən orta əsrlərdən başlayaraq artıq qacarlar Azərbaycan tarixində çox mühüm izlər qoyublar. Bu izləri silmək mümkün olmayıb. Yəni, əgər hunlar dövründə bunlar "ağaçəri” adlanırsa, Xəzər xaqanlığının tərkibində olduğu dövrdə Bizans mənbələrində "akkaçir”, hətta "akkazur” formasında işlənir. Azərbaycan dövlətlərinin quruluşunda qacarların misilsiz xidmətləri var. "Oğuznamə”lərdə verilən məlumata görə, qacarlar bir ucu Diyarbəkir, o biri ucu isə indiki Astrabada, şimalda isə hətta Dərbəndə qədər uzanan ərazilərdə yaşayırdılar. Artıq Həsən padşah Bayandurlunun dövründə nədənsə qacarları Azərbaycanın mərkəzinə doğru yığmağa başladılar.
 
Səfəvilərin ən çox etibar etdiyi tayfa - Qacarlar
 
Qacarlar Səfəvi dövlətinin qurulmasında yaxından iştirak edən 8 türk tayfasından ən böyüklərindən biri idi.  Yəqin ki, tamaşaçılar Dədə bəy – Piri bəy Qacar haqqında kifayət qədər eşidiblər. Səfəvi qoşununun böyük bir hissəsi qacarlardan təşkil olunurdu. Qacarlara verilən ən kiçik titul bəylərbəylik idi. Məsələn, 1551-ci ildə Şəki tamamilə Səfəvilərə birləşdiriləndən sonra Toyğun bəy Qacar ora hakim təyin edilir. Şirvan birləşdiriləndən sonra əvvəlcə Əliqulu xan, daha sonra Peykər xan Qacar ora vali təyin edilir, Gəncəyə Şahverdi xan Qacar başçı təyin edilir.  Bu isə onu göstərir ki, qacarlar Səfəvi dövlətində də çox mühüm rol oynayan əsas tayfalardan biri idi, onlara tam şəkildə etibar edilirdi. Eyni sözü Nadir şah dövrü barədə də demək olar. İstər Nadir şah dövlətinin qurulmasında, istər əfqanların, istər rusların, istər osmanlıların Azərbaycandan qovulmasında təbii ki, Qacar tayfasının böyük rolu olub. Nadir şahın ölümündən sonra qardaşı Adil şahın qacarlarla münasibəti əvvəlcə yaxşı idisə, sonradan pisləşməyə doğru getdi.
 
Ağa Məhəmməd xan Qacarı kim axtalatdırıb?
 
Bu tayfanın ən böyük şəxsiyyətlərindən biri Ağa Məhəmməd şah Qacardır. Mənbələr onun doğum tarixi ilə bağlı müxtəlif dövrləri qeyd edirlər. Bəzi mənbələrə görə, 1741-ci il noyabrın 8-də, digər mənbələrə görə isə 1742-ci ilin iyun ayında doğulub. Məhəmməd xan Qacarın formalaşmasında onun anası Ceyran xanımın çox böyük xidməti olub. Qacarların Dəvəli boyundan olan Ceyran xanım həddən artıq gözəl xanım olub, onu qənirsiz gözəl deyə təsvir edirlər. Eyni zamanda, dövrünün ən savadlı qadınlarından biri olub. Ağa Məhəmməd xanla bağlı mənbələrdə dolaşıqlıq var, xüsusilə onun başına gətirilən faciə ilə bağlı. Onun uşaqlığı elə bir dövrə təsadüf edir ki, 1747-ci ildə Nadir şah öldürülərkən Ağa Məhəmməd azyaşlı uşaq idi.  Bəzi mənbələrin verdiyi məlumata görə, Nadir şahdan sonra hakimiyyətə gələn Adil şahın atası Məhəmmədhəsən xan Qacarla əlaqə qurmuşdu, ona həddən artıq etibar etmişdi. Lakin sonradan nədənsə aralarında soyuqluq yaranır. Buna görə də bəzi mənbələrə görə, guya Adil Şah 6 yaşlı Ağa Məhəmməd xanı axtalatdırır. Lakin bu həqiqətə uyğun gəlmir. Çünki pislik edəcəyin adama vəzifə vermək sağlam məntiqə uyğun bir şey deyil. Bu dövr ona görə qarışıq dövr hesab olunur ki, Nadirin qurduğu imperiya - Anadoludan başlayıb Dehliyə qədər uzanan imperatorluq parçalanarkən, üstəlik, onun tərkibində olan, həm də dövlətin metropoliyası olan Azərbaycan 17 yerə parçalanmışdısa, bütün imperiya ərazisində necə hərc-mərclik yarana bilərdi?  
 
Güllənin, yoxsa ehtirasın qurbanı?

 
Təbii ki, Ağa Məhəmməd şah Qacarın fəaliyyəti haqda danışmalıyıq.  Dediyimiz kimi, onun atası Məhəmmədhəsən xan Qacar İraqi-Əcəm hakimi idi. İraqi-Əcəm dedikdə indiki İran İslam Respublikasının Xəzər dənizindən şərqə tərəf olan hissəsi nəzərdə tutulur. Ağa Məhəmmədhəsən şah Qacar Azərbaycanı birləşdirməyə çalışırdı. O, Şiraz, Qarabağ xanlığına yürüşlər edib. Lakin təəssüf ki, o, bu yürüşlərdə uğur qazana bilmədi. Onun işini oğlu Ağa Məhəmməd xan davam etdirdi. 1759-cu ildə Məhəmmədhəsən xan Qacar öldürüldükdən sonra onun oğlu Ağa Məhəmməd xan fəaliyyətə başladı. Onun ilk fəaliyyəti hakimiyyəti qəsb etmiş Kərim xan Zəndə qarşı mübarizə olur. 1759-cu ildən 1761-ci ilə qədər Ağa Məhəmməd xan Kərim xan Zəndlə dəfələrlə toqquşub. Nəticə necə olur? Bir neçə dəfə çox az saylı dəstə ilə, təxminən 500 atlı ilə Mazandaran ətrafında Kərim xan Zəndin 4 minlik qoşunu ilə döyüşür və mühasirəni yarmağa nail olur. Lakin sonradan Mazandaran hakimi onu xəyanət yolu ilə əsir tutaraq Kərim xan Zəndə verir.  Ağa Məhəmməd şah Qacarın haqqında "axta şah” ifadəsinin işlənməsi barədə mənbələrdən birində məlumat verilir ki, o mühasirədən çıxarkən arxadan atılan güllə onun qasıq nahiyəsinə dəymişdi. Bundan sonra onun üzündə də dəyişikliklər olmuşdu, həm də o kişilik funksiyasını yerinə yetirə bilmədi. Bu da versiyalardan biridir. Bəs əsirlikdə Məhəmməd xan Qacar nə görüb? Kərim xan Zənd onu qardaşı, eyni zamanda anası Ceyran xanımla birgə öz yanına aparır. Üçüncü versiyada deyilir ki, Məhəmməd Qacar istər boy, istərsə də üzdən yaraşıqlı olub. Mənbələrin yazdığına görə, onun Kərim xan Zəndin qardaşı Zəki xan Zəndin qızı ilə gizli görüşünü görüblər. Bundan sonra Ceyran xanımın yalvarışlarına baxmayaraq, Zəki xan Zənd onu axtalatdırır.
 
Qacarın əsas məqsədi – Azərbaycanı yenidən birləşdirmək!
 

Əsirlikdə olduğu dövrdə Ağa Məhəmməd xan Qacar fiziki təmrinlərlə məşğul idi. Eyni zamanda Tərcimi deyilən ilahiyyat aliminin mühazirələrinə qulaq asırdı, XII əsrdə Əndəlusda yaşamış məşhur İbn Tüfeylin əsərləri ilə tanış idi, astronomiya, riyaziyyat ilə məşğul olurdu. Lakin əsirlik əsirlik idi. Və Ağa Məhəmməd xan sanki fürsət gözləyirdi. Bu fürsət onun əlinə 1782-ci ildə düşdü. Əslində, Kərim xan Zəndin Ağa Məhəmməd xan Qacara qarşı münasibətinin dəyişməsinə təbii ki, Qacarın bibisinin Kərim xan Zəndin həyat yoldaşı olması məsələsi də mühüm rol oynayırdı. Kərim xan Zənddən qaçan Ağa Məhəmməd xan Qacar artıq 1785-ci ildə Azərbaycanı birləşdirmək fəaliyyətinə başlayır. Mən çəkinmədən deyə bilərəm ki, bu, Azərbaycanın birləşdirilməsi idi. Çünki o zaman Azərbaycan deyəndə indiki kimi İran deyə səslənmirdi. Dövlətin adı da İran dövləti şəklində işlənmir - Məmləkəti Məhrusi Qacar, yəni Qacarlar məmləkəti deyə səslənirdi. Paytaxtı da Ağa Məhəmməd xan Qacar düşünərək seçib. Tehran şəhəri fars dilində heç bir məna ifadə etmir, bu türk dilində dik aran, yəni yüksək ovalıqda yerləşən aran deməkdir. Şəhər orada salınmışdı. Çünki birbaşa Azərbaycan sərhədlərində idi. Kərim xan Zənd ora fikir versə də, oranı paytaxt kimi seçmədi. Fars ənənəsinə sadiq qalaraq, Şirazı paytaxt elan etmişdi. Lakin Ağa Məhəmməd şah Qacar Tehranı seçdi və oranı paytaxt elan etdi.
 
Qacar ordusunda Xətai xətti
 

1785-ci ildə Ağa Məhəmməd şah Qacar tam gücü ilə fəaliyyətə başladı və yenə də onun qoşununun sayı o qədər də çox deyildi. Altı min, 4000, hətta 600 atlı ilə Şirazı tutması haqqında məlumatların yer aldığı mənbələr var. Sonradan onun ordusunu kimlər təşkil etdi? Vaxtilə Şah İsmayıl Xətai ordunu necə komplektləşdirmişdisə, Ağa Məhəmməd şah Qacar sanki o yolu davam etdirirdi. Yəni, onun ordusunda əsas nüvə rolunu Azərbaycan, türk tayfaları oynayırdı – qacarlar, qaragözlər, qarapapaqlar. Bəzi mənbələrdə qacarların özlərini qarapapaqlar hesab edirlər. Məşhur amerikalı alim Vilyam Fişer qeyd edir ki, qarapapaqlar əslində qacar sülaləsindəndirlər və qacar sözünü daha çox qarapapaqlara bağlayırlar. Bunu təbii ki, onların başlarına qoyduqları papaqla da izah etmək mümkündür. Çünki qacar şahlarının əksəriyyəti rəsmi geyimlərində tacdan çox qara papaq üstünə qızıl zəncir vurulmuş şəkildə təsvir olunur. 
 
Ağa Məhəmməd şah Qacarın türkmənlərlə, xüsusilə yomut tayfası ilə problemləri yaranmışdı və o tayfanı cəzalandırdı. Qalan türkmən ordusu isə Azərbaycanın birləşdirilməsi uğrunda mübarizəyə başlayır. Ağa Məhəmməd xan Qacarın vaxtında  atdığı bu addım Azərbaycanın şimal hissəsinin Rusiya tərəfindən işğalını xeyli ləngitdi. Yəni, faktiki olaraq, 1795-ci ildə Arazı keçən Ağa Məhəmməd xan Qacar bu dəfə 60 minlik ordu ilə 3 istiqamətdə hərəkət edir. Bunu sovet tarixşünaslığında işğal kimi qələmə verirlər, amma işğal demək düzgün deyil. Çünki Qacara qədərki mənbələrdə hər yerdə yazılır ki, Arazdan şimaldakı Azərbaycan torpaqları qacarların domeni idi. Domen indiki dövrdə mülk mənasında işlənir. Yəni İrəvanda hakimiyyətdə olan xanlar Qacar nəslindən idi, Gəncədə, Şəkidə hakimiyyətdə olan Qacar nəslindən idi. Yəni o, faktiki olaraq, Azərbaycanı birləşdirmək uğrunda mübarizəyə başlamışdı.
 
Qacarın möhtəşəm Tiflis zəfəri
 
Bu birləşdirmənin başqa bir əhəmiyyəti də vardı. Çünki Osmanlı sultanı III Səlim Ağa Məhəmməd şah Qacara məktubunda qeyd eləmişdi ki, "əgər Tiflisi tutsan, səni hökmdar kimi tanıyaram”. Və bununla Ağa Məhəmməd xan Qacar özünü sübut etdi. 1795-ci ildə - gürcülər Kırçanisi savaşı deyir - Soğanlıq döyüşündə II İrakli üzərində möhtəşəm qələbə qazanılır. Qacarı qaniçən, zalım kimi təqdim ediblər. Bu yürüşdən əvvəl Ağa Məhəmməd şah Qacar II İrakliyə məktub göndərmişdi ki, "siz daim bizim taxt-tacımıza sadiq olanlardan biri idiniz. İstəyirəm ki, siz aman boyunduruğunu və itaət kəndirini yenidən belinizə bağlayasınız”. İrakli isə rədd cavabı verir. Bu zaman Ağa Məhəmməd şah Qacar onu ağlı çaşmış qoca adlandırır. Tiflis tutulandan sonra İrakli əvvəlcə Qaraqalxan yaylağına, oradan da İmeretiyə qaçır. Tiflis isə yenidən qızılbaş şəhərinə çevrilir. Guya orada əhalinin kütləvi surətdə qırılması barədə iddialar isə kökündən yanlışdır. Əgər 1795-ci ildə Tiflis əhalisi qırılsaydı, 1801-ci ildə rus ordusu ora daxil olanda o şəhərdə heç kim olmamalı idi. Bu, sağlam məntiqə uymur. Nədənsə, bizim tarixşünaslığımızda da bizi məğlub kimi göstərməyə çalışdıqlarından Ağa Məhəmməd xan Qacarın Valerian Zubovun ordusunu darmadağın etməsi haqqında heç yerdə məlumat verilmir. Ancaq bu döyüş olub. Valerian Zubovun ordusunun Quba xanı Şeyxəli xan tərəfindən Alpanı döyüşündə darmadağın edilməsi ədəbiyyata yenicə yol tapır. Bunları gənc nəsil də bilməlidir.
 
Ərdəbil şeyxlərinin türbəsindən Suqovuşana gətirilən qılınc

 
1796-cı ildə Ağa Məhəmməd şah Qacar təxminən 1736-cı ildə ənənəyə uyğun olaraq  Suqovuşanda özünü şah elan etmiş Nadir şah kimi özünü şah elan edir. Lakin burada bir məqam var ki, Nadir şahın tacında 4 lələk vardı. Bu 4 lələk Hindistan, İran, Turan və Azərbaycanı təmsil edirdi. Ağa Məhəmməd şah Qacar isə şah elan edilərkən başına çox sadə tac qoydurdu. Tacdan da önəmli olan xüsusi adam göndərdi ki, Ərdəbil şeyxlərinin türbəsindən qılınc gətirilsin. Və o qılıncı belinə bağlamaqla Ağa Məhəmməd şah Qacar sübut etmək istəyirdi ki, o Səfəvilərin davamçısıdır.
 
Ağa Məhəmməd şah Qacar və İbrahim xan
 
Nəyə görə Ağa Məhəmməd şah Qacar üçün Qarabağ bu qədər vacib idi? Birincisi, ona görə ki, Qarabağ Gəncə ilə birgə faktiki olaraq, Aranı təşkil edir. Aran da daim Qacarların domeni olub. Lakin Qarabağ xanlığını bu dövrdə Qacar nəslindən olan adammı idarə edirdi? Təbii ki, yox. İbrahim xan idarə edirdi. Ağa Məhəmməd xan Qacar İbrahim xanı dəfələrlə tabeçiliyə dəvət etmişdi. Lakin o bunu qəbul etmədi. Şuşa ələ keçəndə isə Umba xan Avarlının yanına qaçdı. Çünki Umba xan onun qaynı idi. Və Qarabağı başsız qoydu. Ağa Məhəmməd xan Qacar Qarabağda hansı qırğını törədə bilərdi? Mümkün deyil, çünki orada yaşayanlar Qacarın öz nəslindən idi. Məsələn, Cavad xan Qacar kimi.
 
Səməd Vurğunun "Vaqif”i, Qacarın şeir sevgisi
 
Səməd Vurğunun "Vaqif” dramını oxuyanda Ağa Məhəmməd şah Qacara qarşı ikrah hissi yaranır. Ancaq nəzərə almaq lazımdır ki, Səməd Vurğun bu əsəri 30-cu illərin sonunda yazmışdı. Bu elə bir dövr idi ki, əsərin hər cümləsi senzuradan keçirdi. Səməd Vurğunun bir möhtəşəmliyi də var ki, repressiya illəri olmasına baxmayaraq, əsərdə vəzirin dili ilə oxuculara eyham vurur. Vəzir Ağa Məhəmməd şah Qacara deyir: "Şahım, siz özünüz azərbaycanlı...”. Ən azı Səməd Vurğun Ağa Məhəmməd şah Qacarın azərbaycanlı olduğunu vurğulayır. Ağa Məhəmməd şah Qacar haqqında Əbdürrəhim bəy Haqverdiyevin də əsəri var. 1907-ci ildə yazılıb. Qacarla Vaqifin dialoqları... İngilis tarixçisi Malkolm qeyd edir ki, Əmir Teymur kimi Ağa Məhəmməd şah Qacar da getdiyi ölkələrdə, fəth etdiyi diyarlarda hökmən o ölkənin alimləri, şairləri ilə məclis qurardı. Hətta əsirlikdə olduğu müddətdə belə şeir məclisində iştirak edərdi. Özü də şeir yazardı. Buna görə də Vaqiflə Qacarın təbii ki, söhbətləri olub. Orada belə bir səhnə yaradılmaq istənir ki, guya Vaqifin öldürülməsində Qacar günahkardır. Ağa Məhəmməd şah Qacarın heç bir günahı yoxdur. Vaqifin öldürülməsi ilə bağlı iki versiya var. Ona qarşı sui-qəsd qanla olmayıb, yemişin içinə zəhər qatılıb. Zəhəri Sadıq Gürcü atıb.
 
III Səlimə məktub: "Siz Gün xanın, biz Ay xanın övladlarıyıq”
 
Qacarın özünü türk kimi dərk etməsi, özünü türk dünyasının bir parçası hiss etməsi onun məktubunda öz əksini tapır. Ağa Məhəmməd şah Qacarın III Səlimə məktubu var. "Göylərin bəzəyi qardaşım! Siz Oğuz xaqanın Gün xandan törəyən övladısınız. Biz isə Oğuz xaqanın Ay xandan törəyən övladıyıq. Oğuzların şəcərəsinə baxanda qayı boyu Gün xanın törəməsidir, Qacar boyu Ay xanın törəməsidi. Və məşhur bir aforizmi işlədir -  "Gündüzlər dünyanı işıqlandırmaq asandır. Əsl kişi ona deyərəm ki, gecələr zülmətdə bərq vursun”. Gecələr zülmətdə bərq vuran Aydır. Bu isə Ay xanın nəvəsidir.
 
Cəmi bir il hakimiyyətdə
 
O hakimiyyətdə cəmi bir il oldu. 1785-ci ildən 1796-cı ilə qədər onun fütuhat, yəni fəthlər dövrüdür. Faktiki olaraq, Azərbaycanın birləşdirilməsi 1796-cı ildə baş çatdı. Onun hakimiyyətinin bir illiyi dövründə hər hansı üsyan haqda məlumat yoxdur. Deməli, 11 il ərzində Ağa Məhəmməd şah Qacar demək olar ki, Səfəvi dövründə Azərbaycana məxsus bütün torpaqları vahid dövlət şəklində birləşdirdi və onu Azərbaycan şəhəri olan Tehrandan idarə etməyə başladı. Hakimiyyətdə olduğu dövrdə hər hansı vergini artırması, kütləvi qırğın törətməsi haqqında məlumat yoxdur. Bu barədə məlumatı kimlər yazır? Təbii ki, əgər Ağa Məhəmməd şah Qacar Kirmanı tutubsa və oradakı qeyri-türklərin ona pis davranmasına qarşı pis davranıbsa, buna qaniçənlik demək olarmı? Əgər Ağa Məhəmməd şah Qacar Kərim xan Zəndin sümüklərini qəbirdən çıxartdırıb, Gülüstan sarayında pilləkənin altına basdırıbsa, buna əzazil demək olarmı? O Kərim xan ki, onu həyat nemətindən məhrum etmişdi.
 
"Əvvəl atamın, sonra Nadir şahın məzarını ziyarət edəcəyəm”
 
Ağa Məhəmməd şah Qacar astronomiya, aqronomiya, riyaziyyat, həndəsə və təfsir elmini gözəl bilən alim idi. Son dövrlər əfşar-qacar düşmənçiliyi haqqında fikirlər səslənir. Əgər onlar düşmən idilərsə, necə olur ki, Adil şah Əfşar Məhəmmədhəsən xan Qacarı özünün valisi təyin edir? Eyni zamanda Nadir şahın hakimiyyətə gəlməsində Fətəli şah Qacarın misilsiz xidmətləri var. Digər tərəfdən Ağa Məhəmməd şah Qacar hakimiyyətə gələndən sonra Mazandaranda atasının qəbri ilə yanaşı, eyni zamanda Xorasanda Nadir şahın qəbrini ziyarət etməsi, dua etməsindən sonra hansı düşmənçilikdən danışmaq olar? Bu, Azərbaycan türklərinin birliyini pozmaq üçün ortaya atılmış iftiradan başqa bir şey deyil. Bir anlığa tam əksini təsvir edək. Təsəvvür edək ki, Ağa Məhəmməd şah Qacar yoxdur. Rusiyadan II Yekaterinanın sevimlisi qraf Zubovun Azərbaycan xanlıqlarını işğal etməsi, hələ Yekaterinanın hakimiyyətinin ilk illərindən qraf Potyomkin tərəfindən hazırlanmış layihə üzrə burada xristian-alban dövlətinin yaranması yaxşı idi, yoxsa soyu soyumuzdan, dini dinimizdən, dili dilimizdən, olan qacarların Dərbəndə qədər Azərbaycan torpaqlarını vahid dövlət şəklində birləşdirməsimi?
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook