SON XƏBƏR

Azərbaycanda qiymət artımı: Səbəb nədir?

Fevral 18
12:46 2026
"Qiymət artımı bayramla əlaqədar olan məsələ deyil".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli bayramqabağı qiymət artımını şərh edərkən bildirib. O qeyd edib ki, hökumətin təqdim etdiyi rəsmi statistik göstəricilər bunu açıq şəkildə göstərir:

"Statistikaya əsasən, ötən il ərzaq qiymətləri 7% artıb. Ümumi inflyasiya 5,7% olduğu halda, onun əsas hissəsini ərzaq qiymətlərinin bahalaşması təşkil edir. İnflyasiya strukturunda ərzaq məhsullarının payı üstünlük təşkil edir. Bu ilin yanvar ayı üzrə açıqlanan statistikada da oxşar vəziyyət müşahidə olunur: ümumi inflyasiya yenə 5,7% olub və bunun 1,3%-i ərzaq qiymətlərinin artımı ilə bağlıdır. Dövlət Statistika Komitəsinin hesabatlarında bu artım aydın görünür. Ən çox bahalaşan məhsullar isə meyvə və tütündür".

Ekspert ölkədə inflyasiyanın formalaşmasında idxal faktorunun mühüm rol oynadığını da vurğulayıb:

"Statistikaya görə, ötən il kənd təsərrüfatı məhsullarının idxal qiymətləri indeksi 26% artıb. Bu o deməkdir ki, 2025-ci ildə ölkəyə idxal olunan kənd təsərrüfatı məhsulları 2024-cü illə müqayisədə xeyli bahalaşıb. Buna manatın real effektiv məzənnəsinin dəyişməsi də təsir göstərib. Mərkəzi Bankın hesablamalarına görə, ölkədəki inflyasiyanın üçdə ikisi idxalla bağlıdır".

Xalid Kərimlinin sözlərinə görə, qiymət artımına təsir edən digər amillər də mövcuddur:

"Bu, həm də əsas ticarət tərəfdaşlarımız olan ölkələrdə qiymətlərin bahalaşması ilə bağlıdır. Həmin məhsulları artıq daha yüksək qiymətə alırıq. Bundan əlavə, daxili amillər də rol oynayır. Tarif Şurasının qərarları qiymətlərə təsir edir. Enerji tariflərinin artması biznesin logistika və daşınma xərclərini yüksəldir”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook