Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilər – BİRGƏ MƏLUMAT
İyul 08
13:25
2022
Dünya ölkələrinin bütün səylərini koronavirus (COVID-19) infeksiyası ilə mübarizəyə və profilaktik tədbirlərə yönəltməsinə baxmayaraq, pandemiyanın qarşısını tam almaq hələ də mümkün olmayıb.
Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında bildirilib. Qeyd edilib ki, son günlərdə qeydə alınan statistik göstəricilərə əsasən, COVID-19 infeksiyasına yoluxanların sayında artım müşahidə olunur. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ötən həftə ərzində qlobal olaraq xəstəliyə yoluxma halları təxminən 20 faiz artıb. Dünyada müşahidə olunan yüksək artım fonunda ölkəmizdə həyata keçirilən mühüm preventiv tədbirlər, eyni zamanda əhalinin vaksinasiya prosesində aktiv iştirakı nəticəsində son bir neçə ay ərzində Azərbaycanda epidemioloji vəziyyətin sabit saxlanılmasına nail olunub.
Son bir həftə ərzində Azərbaycanda yoluxma hallarının sayındakı artım 48 faiz təşkil edib. Ölkəmizdəki epidemioloji vəziyyət səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və nəzarətdə saxlanılır. Yoluxma dinamikası intensivləşdiyi təqdirdə müvafiq addımların atılması məsələsinə baxıla bilər.
Qeyd edək ki, COVID-19 infeksiyasına yoluxmuş şəxslər əksər hallarda xəstəliyi yüngül, lakin bəzi insanlar (yaşı 65-dən yuxarı olan və hər hansı bir yanaşı xəstəliyi olanlar) nisbətən ağır keçirirlər. Risk qrupuna daxil olan vətəndaşlara sanitar-gigiyenik qaydalara ciddi əməl etmələri, koronavirusun əlamətlərini hiss etdikdə ilk növbədə sahə həkimlərinə məlumat vermələri və test nümunələrinin götürülməsi üçün müraciət etmələri tövsiyə olunur.
Səhiyyə qurumları vətəndaşları virusdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq gücləndirici ("buster”) doza ilə peyvəndləməyə çağırır.