SON XƏBƏR

Azərbaycanda bütün ziyarətgahlar dini komitənin nəzarətinə veriləcək

Avqust 18
23:01 2016
Bir müddət öncə Azərbaycanda fəaliyyət göstərən ziyarətgahların Mədəniyyət və Turizm nazirliyinin balansına veriləcəyi barədə xəbər vermişdik. Xəbərdə deyilirdi ki, hökumət nəzarətsiz fəaliyyət göstərən ziyarətgahları kontrola almaq istəyir. Və bu məqsədlə də nazirlər kabinetində məsələnin nəzəri cəhətdən mümkünlüyü barədə müzakirələrin getdiyi bildirilirdi.
 
Qlobal.az-a özəl mənbədən verilən məlumata görə ölkədə fəaliyyət göstərən ziyarətgahların Mədəniyyət və Turizm nazirliyinin balansına verilməsi aparılan ciddi müzakirələrdən sonra məqbul hesab edilməyib. Buna səbəb isə adıçəkilən nazirlikdə bu sahədə- dini turizm sahəsində mütəxəssislərin olmamasıdır. Digər səbəb isə onsuz da çoxşaxəli fəaliyyət həyata keçirən nazirliyin əlavə yüklənməsidir. 
 
Saytımıza danışan mənbənin sözlərinə görə hökumət ölkədə fəaliyyət göstərən ziyarətgahlardakı xaosun və dövlət büdcəsindən hər il yayındırılan milyonlarla vəsaitin nəzarət altına alınmasında qətiyyətlidir. Buna görə də növbəti variant olaraq ziyarətgahların Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin balansına verilməsi planlaşdırılır.
 
Qeyd edək ki, DQİÜDK-inə Mübariz Qurbanlı sədr təyin olunandan sonra qurum dini sahədə münasibətlərin nizamlanmasında və eləcə də nöqsanların aradan qaldırılmasında aktiv fəaliyyət göstərir. Qısa bir müddət ərzində ölkədəki bütün dini icmalarla münasibətləri normallaşdıran və dini sahədə gedən prosesləri nəzarət altına almağı bacaran DQİÜDK-nin ziyarətgahlardakı qüsurları da aradan qaldıra biləcəyi inandırıcı görünür. 
 
Məsələyə DQİÜDK-nin sədr müavini Gündüz İsmayılovun münasibətini öyrənmək istəsək də sədr müavini bu barədə danışmaq istəmədi.
 
Xatırladaq ki, ilkin məlumatlara görə, "Bibiheybət", "Cərcis peygəmbər", "Mir Mövsüm Ağa" və "Beş Barmaq" ziyarətgahlarından hər il on milyon manatdan artıq pul yığıldığı deyilir. Yığılan bu pullar isə dövlət büdcəsindən yayındırılır.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook