SON XƏBƏR

Azərbaycana saxta dərman gətirənlərə kimlər göz yumur?

Yanvar 10
13:14 2023
Xəbər verdiyimiz kimi, Danimarka dərman istehsalçısı "Novo Nordisk A/S” şirkətinin Azərbaycan nümayəndəliyi səhiyyə işçilərinə və əhaliyə müraciət edib.

Müraciətdə deyilir ki, "Ozempik" preparatına tələbatın yüksək olması ilə əlaqədar "Ozempik" 0,5 mq və 1,0 mq preparatının çoxsaylı saxtalaşdırılma hallarının meydana çıxması müşahidə olunur. Nümayəndəlikdən bildirilib ki, bütün kontrafakt (saxtalaşdırılma) halları Novo Nordisk şirkəti tərəfindən izlənilir və qeydə alınır. Hazırda Qazaxıstan, Rusiya, Azərbaycan və Özbəkistanda saxtalaşdırılma halları qeydə alınıb. Ümumiyyətlə, ölkənin əmtəə bazarına saxta, mənşəyi məlum olmayan, əksər hallarda qaçaqmal yolu ilə gətirilən dərman preparatları daxil olur. Bir çox ekspertin fikrincə, həkimlərlə bu cür saxta iş görənlər, qaçaqmalla məşğul olanların işbirliyi də var.

Maraqlıdır ki, ölkəyə saxta dərmanlar necə gətirilir?

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Cebhe.info-num sorğusuna cavab olaraq bildirilib ki, qurumun idxalına icazə verdiyi bütün dərman vasitələrinin qutusunun içərisində mütləq qaydada Azərbaycan dilində içlik və qutusunun üzərinə vurulmuş nəzarət markası olur:

"Azərbaycana rəsmi yolla idxal edilən bütün dərman vasitələri Analitik Ekspertiza Mərkəzində (AEM) laborator analizdən keçir və sənədlərinin uyğunluğu yoxlanılır. Vətəndaşlar dərman vasitəsi alan zaman onun saxta olmasını çox sadə yolla müəyyən edə bilərlər. AEM-in idxalına icazə verdiyi bütün dərman vasitələrinin qutusunun içərisində mütləq qaydada Azərbaycan dilində içlik və qutusunun üzərinə vurulmuş nəzarət markası olur. Əgər vətəndaşlar dərman vasitəsi alarkən qeyd etdiyimiz iki haldan heç biri və ya hər hansı biri olmazsa, deməli, bu dərman vasitəsi ölkəyə rəsmi şəkildə idxal edilməyib”.

AEM-in Əczaçılıq müfəttişliyi şöbəsinin əməkdaşları il ərzində əczaçılıq məhsullarının satışı ilə məşğul olan müəssisələrdə planlı və plandan kənar yoxlamalar həyata keçirir:

"Lakin ölkəyə gətirilən saxta dərman vasitələrinin aşkar olunmasında ictimai nəzarətin olması və vətəndaşların dəstəyi çox önəmlidir".

Bildirilib ki, vətəndaşlar yuxarıda qeyd olunan hallarla və ya keyfiyyətsiz dərman vasitəsi ilə rastlaşarlarsa, o zaman aptekin ünvanı, dərman vasitəsini alındığını sübut edən kassa çeki ilə birgə AEM-müraciət edə bilərlər:

"Daxil olan şikayət operativ şəkildə yoxlanılacaq və qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görüləcək".


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook