"Azərbaycan vəkilliyi olaraq qəbul edilən mütərəqqi qanun layihəsini alqışlayırıq" - Anar Bağırov
İyul 27
10:19
2023
"Həyata keçirilən mütərəqqi məhkəmə-hüquq islahatların davamı kimi, cənab Prezident tərəfindən mülki işlərdə birinci və apellyasiya instansiyasında aztəminatlı şəxslərin dövlət hesabına vəkillə təmin edilməsini ehtiva edən Mülki Prosessual Məcəlləyə dəyişikliklə bağlı olan qanun layihəsi imzalanaraq qüvvəyə minib.
Dəyişikliklə mülki işlər üzrə birinci və apellyasiya instansiyalarında da hüquqi yardıma ehtiyacı olan, amma vəsait olmayan şəxslərin dövlət hesabına vəkillə təmin olunmasının hüquqi əsasları, bu hüquqdan istifadə edə biləcək şəxslərin dairəsi müəyyən edilib".
E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
"Eyni zamanda cənab Prezident sözügedən qanun layihəsinin tətbiqi ilə bağlı 26.07.2023-cü il tarixli Fərman imzalanıb. Fərmanda bir sıra məsələlər öz əksini tapıb. Fərmana əsasən, Nazirlər Kabineti dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkilə ödənilən haqqın məbləğinin dəyişdirilməsi zərurətini öyrənib Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək. Həmçinin Vəkillər Kollegiyasına Mülki Prosessual Məcəlləyə dəyişikliklə bağlı qanundan irəli gələn məsələlərin həll olunması tövsiyyə olunub", - o bildirib.
Sədr deyib ki, Mülki Prosessual Məcəlləyə edilən dəyişikliyin əsas məqsədi dövlət tərəfindən əhalinin aztəminatlı, sosial müdafiəyə ehtiyacı olan, eyni zamanda digər həssas təbəqələrinin cinayət işlərində olduğu kimi mülki işlərdə də Konstitusion hüquqlarından olan keyfiyyətli hüquqi yardım almaq hüququnun bütün instansiyalarda realizəsi, habelə ədalət mühakiməsinin keyfiyyətinin artırılmasıdır.