Azərbaycan və Qambiya XİN başçıları görüşüblər

Mart 04
08:28
2023
Xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Qambiyanın xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar üzrə naziri Mamadu Tanqara ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Azərbaycan və Qambiya arasında əməkdaşlığın inkişafı, həmçinin regionda və dünyada mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov, Azərbaycan və Qambiya arasında ikitərəfli, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), həmçinin QH çərçivəsində əməkdaşlığın təqdirəlayiq olduğunu bildirib. Xarici işlər naziri Ceyhun Bayramov həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət barədə ətraflı məlumatlandırıb.
Nazir Mamadu Tanqara öz növbəsində münasibətlərin daha da inkişaf etdirilməsi üçün mövcud potensialdan istifadə edilməsinin zəruriliyini qeyd edib. Qambiya naziri İƏT və QH-ya üzv dövlətlərin vətəndaşları üçün nəzərə tutulmuş təhsil qrantları və proqramlarında Qambiya vətəndaşlarının aktiv iştirak etdiyini diqqətə çatdırıb, bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi potensialını qeyd edib.