Azərbaycan və Livan iş adamları arasında əlaqələrin inkişaf etdirilməsi məsələsi müzakirə olunub
Fevral 24
21:39
2016
Azərbaycanlı və livanlı iş adamları həm öz ölkələrində, həm də digər ölkələrdə müştərək layihələr həyata keçirə bilərlər.
Bu fikri Livan Beynəlxalq Ticarət Palatasının prezidenti və Livan-Türkiyə İş Adamları Şurasının sədri Vəcih Bizri bildirib. O, Livan Beynəlxalq Ticarət Palatasının Azərbaycan tərəfi ilə hərtərəfli əməkdaşlığa hazır olduğunu vurğulayıb.
Vəcih Bizrinin Azərbaycanın bu ölkədəki səfiri Ağasəlim Şükürovla görüşündə Azərbaycan-Livan ticari-iqtisadi əməkdaşlığının, iş adamları arasında əlaqələrin inkişaf etdirilməsi məsələsi müzakirə olunub.
Səmərəli əməkdaşlığa nümunə olaraq Livan-Türkiyə İş Adamları Şurasını misal göstərən V.Bizri bu Şuraya hər iki ölkədən 12-15 iş adamının üzv olduğunu söyləyib. O, Şura üzvlərinin mütəmadi olaraq Livanda və Türkiyədə toplantılar keçirdiyini, yalnız Türkiyə və Livanda deyil, üçüncü ölkələrdə də maraq doğuran sahələrdə birlikdə çalışmaq imkanlarını araşdırdıqlarını və sonra həmin sahələrə qarşılıqlı sərmayə yatırdıqlarını, müştərək layihələr həyata keçirdiklərini bildirib. Palatanın prezidenti belə bir mexanizmin gələcəkdə Azərbaycanda tətbiq edilməsini məqsədəuyğun hesab edib.
Səfir A.Şükürov bu məsələnin ölkəmiz üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib və belə bir şuranın təsis edilməsinin Azərbaycanla Livan arasında iqtisadi əlaqələrin inkişafına böyük təkan verəcəyinə əminliyini ifadə edib. O, palatanın prezidentinə Azərbaycan haqqında məlumat verib, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan islahatlar və yenidənqurma işləri, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan beynəlxalq əhəmiyyətli layihələr barədə məlumat verib.
Azərbaycanın Livanla ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə böyük əhəmiyyət verdiyini bildirən səfir bu məqsədlə ölkəmizin Livanda səfirliyinin təsis olunduğunu diqqətə çatdırıb.
Zəngin təbii sərvətlərə, böyük iqtisadi potensiala malik olan və əlverişli coğrafi mövqedə yerləşən ölkəmizin Livanla siyasi müstəvidə əlaqələrin inkişaf etdirilməsi ilə yanaşı, iqtisadi və ticari sahələrdə də əməkdaşlığa önəm verdiyini vurğulayıb.