Azərbaycan pianoçusu Şopen müsabiqəsinin 2-ci mükafatına layiq görülüb
Fevral 09
14:13
2016
Ötən həftə Estoniyanın Narva şəhərində gənc pianoçuların Frederik Şopenin yaradıcılığına həsr olunmuş 11-ci Beynəlxalq müsabiqəsi keçirilib.
Müsabiqədə 11 ölkədən 50 musiqiçi iştirak edib.
Bu il professor Pyeep Lassmanın sədrlik etdiyi münsiflər heyətində Pavel Kaminski (Polşa), Teppo Koyvisto (Finlandiya), Toms Ostrovskis (Latviya) və Viktor Portnoy (Rusiya) təmsil olunublar. Münsiflər heyəti dünyanın 11 ölkəsindən olan gənc musiqiçilərin ifasında klassik əsərlərə qiymət veriblər.
Gənc pianoçuların müsabiqəsində Azərbaycanı Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin yetirmələri – Nigar Heydərli, Nərminə İsmayılova 13-15 yaş qrupunda, Elxan Niftiyev 16-18 yaş qrupunda, habelə Qara Qarayev adına 8 nömrəli musiqi məktəbinin şagirdi Səbinə Rzazadə 13-15 yaş qrupunda təmsil ediblər.
Narva musiqi məktəbinin direktoru, müsabiqənin təşkilat komitəsi sədrinin müavini Tatyana Qonçarova deyib ki, cənublu temperamentinə baxmayaraq, Azərbaycan pianoçuları Şopeni yaxşı duyurlar, özlərini gözəl təqdim edirlər, onların texniki məharəti Şopen müsabiqəsinin yüksək tələblərinə cavab verir. T.Qonçarova müsabiqənin ötənilki iştirakçılarını – 2014-cü ildə kiçik yaş qrupunda 2-ci mükafata layiq görülən Leyla Zeynalovanı və onun qardaşını - 2012-ci ildə Qran-pri mükafatına layiq görülən Rüstəm Zeynalovu xüsusi qeyd edib.
Bu müsabiqə Bülbül adına məktəbin yetirməsi E.Niftiyevin debütü olub. O deyib: "Burada necə qarşılanmağım mənim üçün əsas məsələdir. Qonaqpərvərlik mənim üçün əhəmiyyətlidir, çox xoşuma gəldi. Birinci çıxış etməyimə, müsabiqəni açmağıma baxmayaraq, özümü rahat hiss edirdim”.
Şopenin sol minor balladasını ifa edən Elxan ikinci turda iştirak etdiyinə görə diploma layiq görülüb. Şopen müsabiqəsinin iştirakçıları Sillamyae şəhəri meriyasının dəvəti ilə konsert veriblər. Elxan Niftiyev həmin konsertdə iştirak edib.
Müsabiqədə uğurla çıxış etdiklərinə görə Nigar Heydərli və Səbinə Rzazadə də diplomlara layiq görülüblər.
Mi-bemol major valsını, 18 nömrəli əsəri ifa edən Nərminə İsmayılova 2-ci mükafatın sahibi olub. Nərminə İsmayılova müsabiqə başa çatandan sonra Tallində, Estoniya Teatrının konsert salonunda Anatoli Şuranın idarə etdiyi Narva simfonik orkestrinin müşayiəti ilə laureatların ənənəvi qala-konsertində çıxış edib.
AZƏRTAC