SON XƏBƏR

Azərbaycan məhsullarının "Alibaba"da satışı - Niyə bu qədər gec?

Fevral 09
09:50 2024
Bu platforma yerli sahibkara geniş imkanlar aça bilər, sadəcə...

Azərbaycan məhsullarının dünyanın ən böyük elektron ticarət platforması olan "Alibaba” vasitəsilə ticarətinə başlanıla bilər. Bu məsələ iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin ötən həftə Çinə reallaşan səfəri zamanı müzakirə olunub.

İqtisadiyyat Nazirliyinin yaydığı məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Çinin nəqliyyat vasitələri istehsal edən müəssisələrin rəhbərliyi ilə görüş keçirib, zavodların istehsal fəaliyyəti ilə tanış olub. Görüşlərdə ölkəmizin əlverişli biznes mühiti və investorlar üçün yaradılan imkanlar barədə məlumat verilib.  "Alibaba” şirkətinin Qloballaşma Ofisinin rəhbərliyi ilə görüşdə Azərbaycan məhsullarının "Alibaba” elektron ticarət platformasında satışa çıxarılması məsələləri müzakirə olunub. 

Azərbaycan nümayəndə heyəti həmçinin Pekin şəhərində yerli məhsullarımızın tanıdıldığı, "Made in Azerbaijan” brendinin nümayiş edildiyi Azərbaycan Ticarət Evində olub. 

Qeyd edək ki, Alibaba.com 190-dan çox ölkədən təchizatçı və alıcılara xidmət göstərən aparıcı qlobal topdansatış bazarlarından biridir. "Alibaba” ilk olaraq 1999-cu ildə Çin istehsalçılarını xaricdəki alıcılarla əlaqələndirmək üçün B2B e-ticarət portalı kimi yaradılıb. 2003-cü ildə xidmət C2C e-ticarət bazarı olan "Taobao” və 2008-ci ildə brendlərə və onlayn pərakəndə satışa yönəlmiş B2C onlayn ticarət platforması olan "Tmall”ı almaqla genişlənib. Rəqəmsal təklifləri tamamlamaq üçün qrup alışı və flaş satış veb saytı "Juhuasuan” 2010-cu ildə istifadəyə verilib.

31 mart 2023-cü il tarixində başa çatan maliyyə ili üçün "Alibaba Group" təqribən 868,69 milyard yuan həcmində konsolidə olunmuş gəlir açıqlayıb. Bu, təxminən 126,49 milyard ABŞ dolları deməkdir.

Ümumilikdə, "Alibaba Group"un gəlirinin ən böyük hissəsi Çindəki e-ticarətdən əldə edilir, çünki şirkət məlumatları 2023-cü ildə seqment üzrə 582,73 milyard yuan gəlir göstərir. Həmin il Çində pərakəndə elektron ticarət şirkətin gəlirinin 65 faizini təşkil edib. Beynəlxalq pərakəndə ticarətin illik gəliri 49,9 milyard yuan olub. Həmin il Alibaba Qrupunun xalis mənfəəti əvvəlki ildəki 47 milyard yuana qarşı 65,57 milyard yuan olub.

Alibaba-nın Çin pərakəndə satış bazarlarında hər il təxminən 903 milyard aktiv alıcısı qeydə alınır.

Qeyd etmək lazımdır ki, "Alibaba" B2B (biznesdən biznesə) resursdur, yəni istehsalçılar, idxalçılar və topdansatış distribyutorları üçün platformadır.

COVİD-19 pandemiyası "Alibaba”ya ciddi uğur gətirib. Mart minimumundan 2020-ci ilin oktyabrına qədər onun səhmləri 90 faiz bahalaşıb.

2020-ci ilin oktyabr-dekabr ayları arasında şirkətin gəliri 2019-cu ilin son rübündən 37 faiz artaraq təxminən 33,9 milyard dollara çatıb. "Alibaba Group”un xalis mənfəəti il ərzində 1,5 dəfə artaraq 2020-ci ildə 12,17 milyard dollar təşkil edib. 2020-ci ilin nəticələrinə görə saytın aktiv istifadəçilərinin sayı 779 milyon nəfər təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 22 milyon nəfər çoxdur. Mobil aktiv istifadəçilərin aylıq auditoriyası 824 milyon nəfərdən 902 milyon nəfərə yüksəlib.

Buna əsaslanaraq, "Alibaba" biznesinin böhrandan sonra uğurla bərpa olunduğu qənaətinə gələ bilərik. Növbəti beş il ərzində şirkətin mənfəətinin ildə orta hesabla 22,8 faiz artacağı gözlənilir. 

2 fevral 2024-cü il tarixinə "Alibaba Group Holding Limited”in cari kapitallaşması 1,59 trilyon dollar təşkil edib.

Resurs 230 ölkənin sakinlərini əhatə edən ən böyük beynəlxalq platformadır. "Alibaba”nın əsas rəqibləri "Amazon", "Ebay", "Tradekey", DTAD, "Europages" kimi e-ticarət platformalarıdır. Belə nəhənglərlə uğurla rəqabət aparan Çin saytının güclü tərəfləri regionda ucuz işçi qüvvəsi, yaxşı düşünülmüş tövsiyə alqoritmləri və trafik axınlarının optimallaşdırılmasıdır.

"Alibaba Group”a məxsus Aliexpress pərakəndə, Alibaba.com isə topdansatış platformasıdır. Birinci halda, hər kəs malları pərakəndə və ya kiçik topdansatışda ala bilər. İkinci halda isə malları birbaşa təchizatçıdan toplu olaraq almaq, yaxud satmaq mümkündür. Satılan malların miqdarını, dəqiq qiymətini satıcı müəyyən edir. Alibaba.com yalnız təxmini qiyməti göstərir. 

Ümumiyyətlə, sayt b2b sektoruna və təşkilatlar arasında ticarətə, böyük miqdarda məhsulların tədarükünə yönəlib. Yəni ondan müxtəlif ölkələrdən topdansatış alıcılar öz vətənlərində malı yenidən yüksək qiymətə satmaq üçün istifadə edirlər.

Alibaba.com geyim və dəftərxana ləvazimatlarından tutmuş əlvan metallara və ərintilərə qədər 40-dan çox kateqoriyada yüz milyonlarla məhsul təqdim edir. Saytla işləyən təsdiqlənmiş təchizatçılar Alibaba tərəfindən xüsusi markerlərlə qeyd olunur ki, bu da yoxlanılmamış şirkətlərdən alış riskini azaldır. Həmçinin şirkət profilində müəssisə, onun istehsal gücü, dövriyyəsi və s. məlumatlar mütləq əksini tapır. 

"Alibaba" təchizatçıları hətta kiçik partiyalarla mal tədarük edən kiçik şirkətlərlə də əməkdaşlığa hazırdırlar. Sayt təklif olunan malların keyfiyyətinə onlar müştərilərə çatmazdan əvvəl nəzarət etmək imkanı yaradır.

"Alibaba"da həmçinin dropshipping sxeminə uyğun işləmək mümkündür.  Bu o deməkdir ki, anbar saxlamadan və çatdırılma üçün məsuliyyət daşımadan başqasının malını satmaq mümkündür, çünki təchizatçı onu birbaşa müştəriyə göndərir və vasitəçi marja ilə qazanır. "Dropshipping" həm əsas biznes sxemi, həm də ideyaların sınaqdan keçirilməsi üsulu kimi faydalı ola bilər. 

"Alibaba”da Azərbaycan məhsullarının ticarətinin başlanması ölkə biznesinə nələr vəd edir? "Alibaba”dan istifadə edərək bizneslə məşğul olmaq ilk növbədə Asiyadan, həm də Avropa və Amerikadan tərəfdaşlar tapmaq imkanıdır. Bu platformada kiçik məişət mallarından tutmuş fabriklər üçün dəzgahlara qədər demək olar ki, hər şey satılır və alınır.

Azərbaycanlı sahibkar bu qrupun imkanlarından istifadə edərək, öz məhsullarının demək olar ki, bütün dünyadakı alıcılara təqdim edə bilərlər. Bu, çox nəhəng bir bazara çıxış deməkdir. Bu bazarda mal satmaq üçün bir sıra nüansları mütləq nəzərə almaq zəruridir. İlk növbədə nəzərə alınmalı məsələ budur ki, Asiya istehsalçılarının istehsal xərclərinin aşağı olması səbəbindən onların məhsulları aşağı qiymətlərlə təklif olunur. Azərbaycan istehsalçısı öz məhsulunu, tutalım, Çindəki həmkarından ucuza təklif etməsə, çətin ki, alıcı tapa bilsin. Bu halda, onun əsas silahı keyfiyyət ola bilər. Məlumdur ki, Çin mallarının keyfiyyətinə inam aşağıdır. Bu faktordan yararlanmaq üçün Azərbaycan sahibkarı yüksək keyfiyyətli məhsul təklif etməli, eyni zamanda onun platformada reklamını qurmalıdır. Bu isə müəyyən məbləğdə investisiya qoyuluşu tələb edəcək. 

Digər məsələ Azərbaycanda istehsal olunan mallara müxtəlif ölkələrdə tətbiq olunacaq rüsumları nəzərə almaqdır. Çünki "Alibaba” satıcı ilə alıcı arasında vasitəçidir - malların çatdırılması zamanı ayrı-ayrı ölkələrdə tətbiq olunan gömrük qaydaları, rüsum dərəcələri və sair detalları satıcı ilə alıcının özü dəqiqləşdirməlidir. Buna görə də satıcı-şirkət alıcının malı hansı ölkəyə göndərmək istədiyini nəzərə almalı, üstəlik həmin ölkə ilə Azərbaycan arasındakı mövcud ticarət razılaşmalarından, vergitutma qaydalarından məlumatlı olmalıdır. 

Onu da qeyd edək ki, "Alibaba”dan yalnız məhsul satışı vasitəsilə deyil, sadəcə, vasitəciliklə də böyük gəlir əldə etmək mümkündür. Və artıq Azərbaycandan yüzlərlə şəxs bu yolla böyük gəlirlər əldə edir. Bu barədə "Yeni Müsavat”a danışan Bakı sakini bildirib ki, "Alibaba" ilə alverə başlayanda 2-3 min dollar sərmayəsi olub: 

"İlk vaxtlar ən az sayda malların alverinə başladım - "Alibaba" topdansatış platformasıdır, orada bəzən ən aşağı satış həddi yüz min nüsxə təşkil edir. Mənim ilkin kapitalım az olduğu üçün azsayda təklif olunan mallardan başladım. ABŞ-da, Avropada xeyli şəxslərlə tanış oldum. Sonra öyrəndim ki, hətta az kapitalla böyük dəyərdə malı sifariş etmək mümkündür. Saytda yalnız satanlar deyil, hansısa mala ehtiyacı olanlar da axtarış elanı yerləşdirir. Belə elanları tapıb, yaxşı satıcılarla əlaqələndirməyə başladım. Gördüm ki, bu, daha rahat və daha çox gəlir gətirir. Tədricən onlayn formada ABŞ-da bir müəssisə qeydiyyatdan keçirdim, onun üzərindən ticarətə başladım. İndi, çox şükür, kifayət qədər gəlirim olur. Bütün qayda-qanunlara əməl edərək işləyirəm, ABŞ xəzinəsinə çatacaq vergiləri vaxtında ödəyirəm”.

Onun sözlərinə görə, Azərbaycandan "Alibaba", "Allexpress" vasitəsilə mal alıb bura gətirmək böyük çətinliklər yaradır: "O saytlarda burada yaxşı gedə biləcək malların böyük əksəriyyətinə Azərbaycana çatdırılma yoxdur. Əvvəllər olub, qısa müddətdən sonra dayandırılıb. Çünki həmin malların öz idxalçıları var, onların güclü havadarları var. Onlardan kənarda sifariş olunub gətirilən mallar ya ölkəyə tamamilə buraxılmır, ya da aylarla yubadılır. Bu səbəbdən də hər iki sayt çox malların Azərbaycana tədarükünə təminat verə bilmir. Buna görə də həmin malların çatdırılma xərci, məsələn, Gürcüstanla müqayisədə 2-3 dəfə yüksək olur, yaxud ümumiyyətlə, çatdırılma olmur”. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook