Azərbaycan Konqreslər Bürosu M&I Şərqi Avropa Forumuna qoşulacaq
Noyabr 18
12:09
2015
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədilə yaradılan Azərbaycan Konqreslər Bürosu növbəti dəfə M&I Forumunda iştirak edəcək.
Qlobal Görüşlər Sənayesi bazarının ən nüfuzlu və aparıcı üzvlərini bir araya gətirən M&I Şərqi Avropa, Körfəz və Hindistan Forumu cari ilin 22-26 noyabr tarixlərində Avstriyanın Vyana şəhərində baş tutacaq.
Tədbirdə Büronu beynəlxalq satış və marketinq üzrə menecer Ayan Zeynalova təmsil edəcək.
Bu beynəlxalq əhəmiyyətli forum çərçivəsində Büro peşəkar alıcılarla 100-ə yaxın görüş keçirmək imkanını qazanacaq.
Dörd günlük forum dünyanın müxtəlif ölkələrindən 150 alıcı və 70 təchizatçını bir arya gətirəcək ki, iştirakçılar arasında ümumilikdə 4000-ə qədər görüşün keçirilməsi nəzərdə tutulub.
M&I Şərqi Avropa Forumu Azərbaycan üçün alıcılarla, xüsusi olaraq Rusiya və Şərqi Avropa bazarlarının təmsilçiləri ilə güclü əlaqələrin qurulması baxımından kömək olacaq.
M&I Forumları Görüşlər Sənayesi bazarı iştirakçılarına ixtisaslı alıcılar ilə əlaqə yaratmağa və təkbətək görüş və iclasların keçirilməsinə imkan verir.
Forum çərçivəsində xüsusi seminar və qruplar fəaliyyət göstərir ki, bu da iştirakçılar arasında səmərəli və möhkəm əlaqələrin qurulmasına yardımçı olur.