SON XƏBƏR

Azərbaycan Gürcüstanda keçirilən Beynəlxalq Xalça Festivalında təmsil olunur

İyun 29
10:28 2017
İyunun 28-də Gürcüstanın paytaxtı Tbilisidə Beynəlxalq Xalça Festivalının açılışı olub.
 
Festival çərçivəsində ilk tədbir Tbilisi Xalq Tətbiqi Sənəti Muzeyində keçirilib.
 
Azərbaycan Dövlət Xalça Muzeyinin dəstəyi ilə Azərbaycan xalçaları da festivalda nümayiş olunur.
 
Tbilisi Xalq Tətbiqi Sənəti Muzeyinin direktoru İrina Koşoridze tədbiri açaraq festivalın əhəmiyyətindən danışıb, bu cür tədbirlərin mədəniyyətin inkişafında, mədəni əlaqələrin daha da genişlənməsində mühüm rol oynadığını bildirib.
 
Azərbaycan Dövlət Xalça Muzeyinin direktoru, Beynəlxalq Muzeylər Komitəsinin sədri Şirin Məlikova festival çərçivəsində Azərbaycan xalçalarının da nümayiş olunduğunu və xarici qonaqların incəsənət nümunələrinə maraq göstərdiyini bildirib.
 
Sonra Tbilisi Xalq Tətbiqi Sənəti Muzeyinin direktor müavini Nino Kepşidze, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva çıxış edərək Beynəlxalq Xalça Festivalının əhəmiyyətindən danışıblar.
 
Leyla Əliyeva bildirib ki, keçən il Gürcüstanda təşkil olunan festivalda muzeyin əməkdaşları fəal iştirak ediblər. Axaltsixedəki Rabat qalasında təşkil olunan festivalda biz, təkcə Azərbaycanda toxunan xalçaları deyil, həm də Gürcüstanda yaşayan azərbaycanlıların, eyni zamanda, muzeyin nəzdində fəaliyyət göstərən xalça dərnəyinin üzvlərinin toxuduqları 55 xalça nümunəsi nümayiş etdirmişdik. Bu festivalda Qarabağ, Naxçıvan, Borçalı, Qazax, Qaraçöp və digər bölgələrdən olan ustaların toxuduğu xalça nümunələrini nümayiş etdiririk.
 
Qeyd edək ki, Azərbaycan, Gürcüstan, Hindistan, Türkiyə, İran, Türkmənistan Qırğızıstan və Ermənistandan xalça ustalarının əl işləri nümayiş etdirilir.
Festival çərçivəsində Türkiyədən gələn xalça ustası Dəniz Coşqun ustad dərsi keçib.
 
Festivalda ustad dərsləri ilə yanaşı, xalçaların, ornamentlərin hazırlanması texnikası, boyama, dizayn və digər müxtəlif maarifləndirici proqramlar da təşkil olunacaq.
 
Azərbaycan Dövlət Xalça Muzeyinin direktoru, Beynəlxalq Muzeylər Komitəsinin sədri Şirin Məlikova jurnalistlərə müsahibəsində deyib ki, Xalça Muzeyi bu festivalda 24 xalça nümunəsi ilə iştirak edir. O deyib: "Bizim təqdim etdiyimiz xalça nümunələri XIX əsrin sonu XX əsrin əvvəllərini əhatə edir. Bu nümunələr Azərbaycan xalçaçılığın nadir nümunələridir. Bu il biz Azərbaycan Dövlət Xalça Muzeyinin 50 illik yubileyini qeyd edirik. Bu əlamətdar yubiley münasibətilə silsilə tədbirlər keçirilir və bu gün keçirilən tədbir də bu silsiləyə daxildir”.
 
Azərbaycandan gələn əməkdaşlar Rabat qalasında Azərbaycan xalçalarının, keramika və zərgərlik nümunələrinin sərgisini təşkil edəcəklər. Rəssam Tariyel Bəşirov isə festivalda kətan xalçaçılığı barədə ustad dərsləri aparacaq.
 
Qeyd edək ki, xalça festivalı iyunun 30-dan iyulun 2-dək Axaltsixedəki Rabat qalasında davam edəcək.
 
(Azərtac)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook