SON XƏBƏR

“Azərbaycan ətrafında vəziyyət gərginləşəcək”

Dekabr 04
12:30 2015
Sülhəddin Əkbər: "Dağlıq Qarabağ probleminə dair danışıqlarda nəticə gözlənilmir”
 
Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində son vaxtlar müşahidə olunan canlanma dayanıb. Dağlıq Qarabağ problemi üzrə sülhyaratma prosesinin pozulması Türkiyə-Rusiya münasibətlərində yaranmış gərginliklə izah edilir. Belə ki, noyabr ayının birinci yarısında ATƏT-in Minsk Qrupu həmsədrləri səviyyəsində qeydə alınan müsbət təşəbbüslərin artıq gündəmdən çıxması müşahidə olunur. Belə ki, noyabrın 9-da Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvana səfər etməsi ilə Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş təxminən, 3 rayonun Azərbaycana qaytarılması məsələsi gündəmə gəldi. Rusiya mətbuatının yazdığına görə, Kreml Azərbaycanı Avrasiya İqtisadi Birliyinə üzv etmək üçün Ermənistanı Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonu qaytarmağa razı salmaq istəyir. Moskvanın bu siyasi revanşı Qərbdə narahatlıqla qarşılandı və noyabrın 13-də Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ ətraflndakı işğal olunmuş 7 rayonun Azərbaycana qaytarmaq təklifini irəli sürdü. Həmsədr dövlətlərin Azərbaycan üçün cəlbedici olan bu gedişləri əslində Rusiya və ABŞ-ın Dağlıq Qarabağ problemi ətrafında siyasi təşəbbüsü ələ almaq cəhdindən xəbər verirdi. Yəni Azərbaycanın Avrasiya İttifaqına daxil olmasından narahat olan ABŞ bunu Rusiyanın regionda geosiyasi təsir imkanlarının artması kimi qarşılayırdı. Ona görə də münaqişənin həlli istiqamətində fəallığın artması və sülhyaratma prosesində siyasi canlanmanın yaranması Azərbaycan və Ermənistan prezidentlərinin dekabr ayında görüşünün keçirilməsi barədə ilkin razılığın əldə olunması ilə nəticələndi. Ancaq noyabrın 23-də Türkiyənin Rusiyaya məxsus hərbi təyyarənin vurması ilə iki ölkə arasında münasibətlərin soyuq müharibə həddinə çatması və ABŞ-ın da bu məsələdə Ankaraya siyasi dəstəyini nümayiş etdirməsi Dağlıq Qarabağ problemi ətrafında başlanmış növbəti prosesin pozulmasına səbəb oldu. Ankara və Moskva arasında münasibətlərin gərginləşməsi Ermənistanın və erməni daisporasının Türkiyəyə qarşı hücum mövqeyinə keçməsi üçün şərait yaratdığından prezident Serj Sarkisyanın danışıqlarda hansısa razılaşmaya gedəcəyini gözləmək olmazdı. Eyni zamanda, Azərbaycanın iki strateji müttəfiqi olan Türkiyə və Rusiya arasında seçim qarşısında qalması da bu prosesə dərhal təsirini göstərdi. Rəsmi Bakı əsasən neytrallığını qoruyub saxlamağa çalışsa da hələlik Türkiyəyə meylli müəyyən jestlər etməsi ilə diqqət çəkir.
 
Türkiyə xarici işlər nazirinin Bakıya səfəri, Rusiya ərazisinə buraxılmayan Türkiyə yüklərinin 20 faizinin güzəştlə tranzit haqqı ödəməklə Azərbaycan-Xəzər dənizi üzərindən Mərkəzi Asiyaya ötürülməsi barədə razılaşma, buna qarşılıq olaraq Türkiyənin dini ekstremizmə qarşı mübarizədə Azərbaycana dəstək verməsi Mövlud Çavuşoğlunun Bakıdan razı dönməsindən xəbər verir. Siyasi ekspertlərin fikrincə, İlham Əliyevlə Serj Sarkisyanın görüşünün qəfil təxirə salınması, eyni vaxtda cəbhə xəttində döyüşlərin şiddətlənməsi Rusiyanın Azərbaycana yönəlik təzyiqləri kimi başa düşülə bilər. Hətta analitiklər son vaxtlar Nardaran qəsəbəsində dini radikalizmin baş qaldırması fonunda yaranmış qarşıdurmanın arxasında Rusiya izinin gizlənməsini də istisna etmir. Doğrudur, İran bu məsələdə Azərbaycanda radikal şiəliyin ideoloji dəstəkçisi kimi çıxış etsə də, Rusiya amili Tehran rejiminə islam inqilabını Cənubi Qafqaza ixrac etməkdə başlıca maneə hesab olunur. Ona görə də Azərbaycanda indiki şəraitdə Rusiyanın siyasi sabitliyə təhdid törətmək imkanları İrandan daha çoxdur. Rusiyanın bu revanşı özünü Ermənistanda da büruzə verir. Prezident Putinin Şimali Qafqaz hərbi dairəsində dislokasiya olunmuş 58-ci orduya Türkiyə-Ermənistan sərhədində dərhal radio-elektron mübarizə qüvvələrinin seçmə alaylarını və briqadalarını, zenit sistemlərini, reaktiv yaylım atəşi sistemlərini, tank əleyhinə kompleksləri, motoatıcı və artilleriya qoşunlarını cəmləşdirmək barədə təcili əmr verməsi barədə məlumat yayılıb. Söhbət üst-üstə 7 minlik qoşun qruplaşmasından gedir. Ermənistanın Türkiyə ilə sərhədi boyu bu qoşun qruplaşmasının yerləşdirilməsinə hüquqi əsas verən sənəd kimi Putinin noyabrın 11-də imzalanmasını əmr etdiyi Ermənistan-Rusiya vahid hava hücumundan müdafiə sisteminin yaradılmasına dair razılaşma göstərilir. Rusiya Ermənistana iri qoşun qruplaşması cəmləşdirməklə Türkiyəyə meydan oxumaq istəyir.
 
Bildirilir ki, Türkiyə ilə sərhəddə, Ermənistan ərazisində yerləşdirilən qoşun qruplaşmasını S-400 "Triumf” zenit-raket kompleksləri, "Krasuxa-4” radio-elektron mübarizə sistemləri mümkün hava hücumlarından müdafiə edəcək. Bu vasitələr Türkiyə hava məkanının 85 faizinə nəzarət etməyə imkan verir. Bu baxımdan politoloqlar regionda yaxın geosiyasi qarşıdurmanın getdikcə artacağını proqnozlaşdırır. Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin sözlərinə görə, Xəzər və Cənubi Qafqaz regionunda Rusiyanın üstünlüyü davam etdiyi üçün yaxın perspektivdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli mümkün deyil: "2008-ci ildə Rusiyanın Gürcüstana hərbi təcavüzündən sonra artan bu üstünlük 2014-cü ildə Krımın işğalından sonra daha da genişlənib. İndiki durumda Rusiya bütün cəbhə boyu strateji gücünü artırır. İkincisi, Rusiya ilə ABŞ arasında strateji qarşıdurma gedir və 2016-cı ildə bu qarşıdurma pik həddinə çatacaq. Bunun da səbəbi ondan ibarətdir ki, Birləşmiş Ştatlar özünün raketdən müdafiə sistemlərini Avropada yerləşdirəcək və gələn il bu proses başa çatacaq. Eyni zamanda, Ukrayna Ukrayna böhranı ilə bağlı ABŞ və Rusiya arasında dünyada strateji qarşıdurma gedir və 2015-ci ilin fevral ayının 6-da Birləşmiş Ştatlar özünün milli təhlükəsizlik strategiyasına dəyişiklik edib və Rusiyanın qarşısını almağı əsas hədəfi elan edib. Bu tədbirlərin bir hissəsi ABŞ və müttəfiqləri tərəfindən, bir hissəsi isə NATO tərəfindən həyata keçirilir. Ona görə də bir tərəfdən ABŞ və NATO, digər tərəfdən isə Rusiya özünün strateji xəttini qurur. Bu strateji təhlükəsizlik sisteminin açıq qalan yerləri var ki, onlardan biri də Cənubi Qafqaz və Azərbaycandır. Ona görə də Azərbaycan ətrafında vəziyyət gərginləşəcək. Türkiyə ilə Rusiya arasında bu hadisələr yaşanmasa da bu gərginlik baş verəcəkdi. Çünki Azərbaycan özünün strateji seçimini etməyib və tərəfini seçməyib. Mən hələ sentyabr ayında mətbuata demişdim ki, Azərbaycan böyük dəyişikliklərin astanasındadır. Azərbaycan cəmiyyəti də, hakimiyyəti də, müxalifəti də bu dəyişikliklərə hazır olmalıdır. Dünyada çox böyük geostrateji, geosiyasi toqquşmalar gedir və Azərbaycan da cəbhə xəttindədir”.
 
Politoloq onu da vurğuladı ki, Rusiyanın Ermənistan-Türkiyə sərhəddinə 7 minlik ordu və zenit-raket kompleksləri cəmləməsi də bu prosesin tərkib hissəsidir. S.Əkbərin fikrincə, Rusiyanın bu addımı nə Azərbaycana, nə də Türkiyəyə təzyiq məqsədi daşımır. Burada əsas hədəf ABŞ-ın və NATO-ya qarşı strateji mövqeyini möhkəmlətməkdir: "Türkiyə ilə münasibətlər gərginləşməmişdən bir müddət öncə Putin bəyan etdi ki, Rusiya Arktikadan Aralıq dənizinə qədər özünün qlobal təhlükəsizlik sistemini qurur. Bu sistem genişlənə də bilər. Yəni, bu Rusiya ilə NATO və ABŞ arasında gedən strateji qarşıdurmadır. Türkiyə də NATO-nun üzvüdür və Rusiyanın Suriyaya müdaxilə etməsi və Türkiyə sərhədlərini pozması da məqsədli şəkildə edilmişdi. Rusiya İŞİD-lə mübarizə adı altında Suriyaya müdaxilə etsə də sonra məlum oldu ki, məqsədi Bəşəri Əsədi qorumaqdır. Burada da Türkiyə ilə qarşılaşma qaçılmaz idi. Rusiya bilərəkdən Türkiyə sərhədini pozdu ki, təyyarənin vurulmasını əsas gətirib, özünün strateji silahlarını Aralıq dənizi regionuna yerləşdirmək üçün bəhanə qazana bilsin. ABŞ Avropadakı raket hücumundan müdafiə sistemlərinin bir hissəsini Aralıq dənizindəki gəmilərdə yerləşdirib. Rusiyanın Aralıq dənizinə maraq göstərməsinin əsas səbəblərindən biri də budur”. Bütün bunları nəzərə alaraq Sülhəddin Əkbər Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqların tezliklə müsbət nəticə verməyəcəyini deyib. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook