Azərbaycan diplomatı özünü güllələdi
Yanvar 23
14:44
2016
"Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda Fəxrəddin Əliyev adlı şəxs işləmir”.
Azərbaycan İstanbuldakı Baş Konsulluğundan APA-ya verilən məlumata görə, F. Əliyevin Konsulluğa bağlı heç bir diplomatik fəaliyyəti olmayıb.
Bu gün intihar etdiyi bildirilən F. Əliyev Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamlarından biridir. O, "Farko” şirkətinin sahibidir.
F. Əliyev həmçinin Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin qurucularından olub. Bu birlik 2012-ci ilin iyununda yaranıb.
Azərbaycan Xarİci İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məsələyə münasibət bildirib. H. Hacıyev Fəxrəddin Əliyevin XİN sistemində çalışmadığını söyləyib.
Qeyd edək ki, bu gün Türkiyə KİV-də Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda çalışan və İslam Konfransı Gənclik Forumunun əməkdaşı olan diplomat Fəxrəddin Əliyevin intihar etməsi barədə xəbər yayılıb.
Məlumata görə, hadisə İstanbulun Küçükçəkməcə rayonu ərazisindəki Səfaköy silah poliqonunda baş verib.
F. Əliyev öz sürücüsü ilə birlikdə poliqona gəlib. Silahla dəfələrlə hədəflərə atəş açan diplomat son gülləsini öz başına vurub. O, yerindəcə keçinib. Küçükçəkməcə əmniyyət müdirliyi (polis idarəsi) intiharın səbəblərini araşdırmaq üçün təhqiqata başlayıb. Diplomatın meyiti İstanbul Ədliyyə Tibb Qurumunun morquna aparılıb. (APA)
***
Azərbaycanın İstanbuldakı baş konsulunun keçmiş müavini Fəxrəddin Əliyev özünü güllələyərək intihar edib. Hadisə ötən gün yanvarın 22-də İstanbulda baş verib.
Diplomat saat 15 radələrində sürücüsü ilə birlikdə İstanbulun Şəfaköy səmtindəki atıcılıq poliqonuna gedib. Hazırda İslam Konfransı Təşkilatının Gənclik Forumunun təmsilçsi və kadr əməkdaşı olan Əliyev silahı ilə hədəfə 90 dəfə atəş açıb.
Daha sonra o, sonuncu 10 patronu darağa yerləşdirib və dalbadal tətiyə basaraq atəş açmağa başlayıb. Tək patronu qalan Əliyev daha sonra silahı başına dayayıb və tətiyə basıb. Diplomat hadisə yerində ölüb.
İstanbul Əmniyyətinin Asayiş Şöbə Müdirliyi hadisə ilə bağlı təhqiqat başladıb. Cinayət axtarışı şöbəsinin polisləri hadisə yerinə gediblər, poliqon və ətrafdakı videomüşahidə kameralarının görüntüləri izlənilib. Şahidlərin ifadəsi alınıb. Ancaq Əliyevin intihar etməsindən başqa hər hansı dəlilə rast gəlinməyib.
(virtualaz.org)



