Azərbaycan alimlərinin əsəri ABŞ-da çap olunub
Noyabr 07
16:19
2015
Amerika Birləşmiş Ştatlarının "Nova” Elm Nəşriyyatında "Ekoloji tədqiqatlar üzrə yeniliklər” ("Advances in Environmental Research”) kitabı çapdan çıxıb.
Qlobalinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, kitabda dünyanın qabaqcıl ölkələrində ətraf mühitin öyrənilməsi ilə bağlı aparılan tədqiqatların yenilikləri əksini tapıb. Akademiklər Cəlal Əliyev, İradə Hüseynova, biologiya üzrə fəlsəfə doktoru Samirə Rüstəmova və Fəridə Quliyevanın həmmüəllifi olduqları "Azərbaycanda buğdanın pas xəstəlikləri. Müqavimətə davamlı effektiv genlər” (Wheat Rusts in Azerbaijan: Effective Genes for Resistance). (Advances in Environmental Research, 2015, Volume 44, p. 193-220) kitab fəsli Azərbaycan üçün çox vacib olan bir problemə - buğda bitkisində pas xəstəliklərinin tədqiqinə və xəstəliyə effektiv davamlı genlərin identifikasiya edilməsinə həsr olunub.
Hazırda bütün dünyada buğdanın pas xəstəlikləri məhsuldarlığı və məhsulun keyfiyyətini aşağı salan təhlükəli xəstəliklərdən hesab olunur. Buna görə də pas xəstəlikləri ilə mübarizədə patogenlərə davamlı sortların yaradılması üçün davamlılıq genlərinin identifikasiyası və onların dünyanın müxtəlif coğrafi regionlarında effektivliyinin tədqiqi üzrə geniş tədqiqat işləri aparılır. Bu baxımdan Azərbaycan alimlərinin həmin kitabda çap olunmuş elmi əsərinin əhəmiyyəti böyükdür.
Qeyd etmək lazımdır ki, Azərbaycanın müxtəlif bölgələrindən ancaq 2014-2015-ci illərdə toplanmış buğda genotiplərini yoluxduran Puccinia graminis >f. sp. Tritici (Pgt) göbələyinin dörd gövdə pası nümunələri ilə aparılan SNP ( Single nucleotide polymorphism) /MLG ( Multi Lokus genotypes) > tədqiqatları nəticəsində bir çox nümunənin elm üçün yeni RAS qrupu təşkil etdiyi müəyyənləşdirilib.