Azadlıq qoxulu şeirlər...
Dekabr 13
12:17
2022
Şəmşad Ağa
Qənimət Zahidin "Son dərviş” romanını redaktə edəndə keçidlərdə tez-tez kiçik şeir parçaları ilə qarşılaşırdım:
Yeddi kənddən qovulmaq,
Söz üstədirsə, şair.
Silah sözlü adamlar,
həbsdədirsə, şair...
Və...
Ruhum bir köç şəhəridir,
Bağlı iç-içə qapısı.
Üzü ayrılığa gedər,
Burdan bir küçə qapısı…
Və ya...
sən deməmişdin axı,
həyat soyuq sobalarda
sözünü yandırıb
qızınan şairlərin
tarixə utanc günüdü...
bir qələmdə
uzaq cəhənnəmlərə sürülüb
yüz il sonra tabutda
dönən şairlərin
vətən sürgünüdü...
Açığı, bu bir neçə bəndi oxuyanda düşünürdüm ki, Qənimət bunları niyə ayrıca kitab halında nəşr etdirmir. Axı onun özünü də "Son dərviş” kimi "7 kənd”dən qovmuşdular...
Ona görə də tez götürüb ona yazdım: "Şeirlərin əladır. Bunları mütləq ayrıca kitab halında nəşr etdir”.
Zəng vurub gülə-gülə: "Heç kəsə demə, Səadətə sürpriz edəcəyəm”, - dedi.
Şeirlər Səadət Cahangirin imiş: istibdadın çörək və vicdan arasında sərgərdan qoyduğu ədəbi tənqidin və tənqidçilərin haqqında bir cümlə belə qıymadığı müxalif şairin...
Sonralar Səadətin şeirlər kitabının redaktoru olanda və bütün bu şeirləri küll halında oxuyanda gördüm ki, məmləkətin ağrılarını sümüklərinə qədər hiss edən bir şair varmış.
Bu şeirlərdə azadlıq qoxusu, illər boyu istibdadın girdabında çabalayan bir məmləkətin ağrıları, ədalətə çağırışla yanaşı, sinəsindən oxlanmış bir bülbülün seyri-gülzaridə əfqanı, eyni zamanda Simurq quşunun çırpıntıları vardı:
sən qanad çılğınlığı ruhuma yaranışdan,
vulkanlarmı oyatdı hər gün bizi uğruna,
ürəyim sənə doğru çırpınan Simurq quşu,
ey sevgili Azadlıq, ölünməzmi uğruna?
Bundan başqa, mühitin bu qədər bədbinliyi içərisində Səadətin şeirlərində bir ümid axtarışı, öləziyən aydınlığın içində "şəmtək” bir işıq da görünür. O sanki hər kəsin tez-tez işlətdiyi, ümumilikdə toplumun loqosuna çevrilən "Yaxşı olacaq” fikrini hansısa bədii qatda bir az da möhkəmləndirir, hətta özünü buna inandırır da:
İnanıram gecənin ağaran dan yerində,
üşüyən arzuların günəş çıxan yerində -
bir nəğmə oxuyarsan, Tanrı gələr yaxına,
inandırar hər şeyin yaxşı olacağına...
Təəssüf ki, Azərbaycanda ədəbi mühit də siyasi mühit kimi boz-bulanıqdır. Ümumiyyətlə, "Mən ədəbiyyat adamıyam, siyasətə qarışmıram” deyənlər həmişə mənə "Biz millətçiyik, daha böyük ideallar və ideyalar arxasınca gedirik” deyə ölkənin problemlərini dilə gətirməmək üçün cəfəng fikirlər uydurub özünü sığortalayanları, gerçəkliyi imitasiya edənləri xatırladır.
Nə qədər kobud səslənsə də, reallıq budur: ədəbi mühiti siyasi mühitdən ayrı təsəvvür etmək Molla Nəsrəddinin mindiyi eşşəyi saymaması kimi bir şeydir...
Axı Səadətin duyduğu, hiss etdiyi ağrıları hər kəs yaşayıb, yaşayır və yəqin ki, bundan sonra da yaşayacaq... Sadəcə, Səadət onları poeziyaya çevirir...
Bir neçə gün öncə sosial şəbəkələrdə izləyicilərə belə bir ritorik sualla müraciət etmişdim: Səadət Cahangirin Səməd Behrəngiyə yazdığı şeiri oxumusunuz?
Yox.
Ya da oxuyub fərqinə varmamısınız.
Oxuyun, görün 200 illik ağrını ən incəliyi ilə təsvir edən, bədii və tarixi portretini yaradan poeziya nədir:
Yaşanan ümidlərin keçmişi xarabalıq,
Yem oldu nəhənglərə "balaca qara balıq".
Üzündə qan rəngi var zaman ötmüş suların,
Hələ də bir savaşda azadlıq arzuların...
Bir dəfə özünü tənqidçi sayanlardan biri ilə onun şeirləri haqqında danışanda cavabından heyrətləndim: "Elə bilirsən, asandır? Biz müxalif yazarlar haqqında yazsaq, üzümüzə qapalılar bağlanacaq”, - demişdi.
Halbuki söhbət bədii mətndən gedirdi, kiminsə fərdi keyfiyyətlərindən yox. Cavabım belə oldu: "Ağac tək böyümək istəyənləri payatək çəpərdə saxlamaq olmaz (misra Hüseyn Arifə məxsusdur). Siz yazmasanız da, çağdaş tarixin həm gerçək üzü, həm poetik çalarları onların əsərlərindədir...”
Yenə də Aristotelin məşhur fikrini təkrarlamağa gərək var: "Poeziya (ədəbiyyat) tarixdən daha dəqiq elmdir. Çünki o təkcə hadisələrin xronikasından ibarət deyil, həm də obrazların xarakterini dəqiq göstərə və təsvir edə bilir…”
Ədəbiyyat sərhədsiz, ucsuz-bucaqsız bir məkandır. Burada hər kəsin öz dünyası var, kimsə kiminsə yerinə gəlmir və sular durulunca hər kəsin yeri daha aydın görünəcək.
Necə ki Səadət şeirlərinin birində yazır:
elə bil həbs yatır bu evlər, bu çatılar,
həyat qaranlığına nə acılar qatılar,
bağlı pəncərələrə hardansa daş atılar,
kimsənin səsi çıxmaz şüşəsi qırılınca...
mürgülü xor içində beş-on oyanıq hələ,
başımdan tüstü qalxır, çəkər bu yanıq hələ,
qarğaşada çalxanan yurdum bulanıq hələ,
lilindən kimlər çıxar suları durulunca...

Mənbə: Arqument.az