SON XƏBƏR

“Az gəzdik, az yatdıq, çox işlədik, inandıq və vaz keçmədik” – Startap

Oktyabr 27
13:02 2017
AdsGarden.com-un ortaq qurucusu Fərid Kərimov: "Böyük şirkətlərdən tutmuş, evdar xanımlaradək hər kəsə pul qazandıran platformamız qlobal rəqiblərimizdən bir sıra cəhətlərinə görə üstündür” 

Azərbaycan Dövlət İqtisadiyyat Universitetini mühasibat uçotu ixtisası üzrə bitirib, ali təhsil aldığı sahə üzrə də fəaliyyət göstərir. Lakin proqramlaşdırmaya olan həvəsi onu eyni zamanda bu istiqamət üzrə də irəliləməyə vadar edib. Artıq uzun müddətdir ki, həm də proqramçı kimi çalışır. Deyir ki, işə yeni saytlar yığaraq başlayıb. Müsahibimiz ayyarım öncə rəsmi açılışı edilən AdsGarden.com - Rəqəmsal Reklam Platformasının ortaq qurucusu Fərid Kərimovdur.
 
"Bu həvəs əsgərlikdən sonra yarandı”
 
Fərid bu sahəyə marağının hərbi xidmətdə olduğu zaman yarandığını deyir: "4-5 ildir ki, mühasib olaraq çalışsam da, müəyyən saytların texniki işlərini də görürəm. Uşaq vaxtı kompüterə elə də marağım olmayıb. Bu həvəs daha çox əsgərlikdən sonra yarandı. Universitet vaxtı az-çox öyrənmişdim, əsgərlikdə kompüterlə işləməyə adam axtaranda, özümü qabağa verdim ki, mən bilirəm. Elə həmin dövrdən yavaş-yavaş bu sahəyə yönəldim. Bu sahə üzrə xüsusi təhsilim yoxdur, lakin içimdəki maraq məni bu sahəyə çəkirdi. Əsgərlikdən gəldikdən sonra bacarıqlarımı genişləndirmək üçün internetdə bununla bağlı araşdırmalar edib, bilmədiklərimi də öyrənməyə çalışdım”.
 

 
"Böyük reklam agentlikləri layihəmizlə maraqlanmağa başlayıb”
 
Fərid deyir ki, onda "AdsGarden” startapını yaratmaq ideyası texniki dəstək göstərdiyi saytların tez-tez üzləşdiyi problemləri görəndən sonra yaranıb: "İşlədikcə gördüm ki, Azərbaycan saytlarının böyük əksəriyyəti reklam tapmaqda çətinlik çəkir, öz trafiklərini qazanca çevirə bilmirlər. Ayrıca olaraq, reklam bannerlərinin yerləşdirilməsi, onların statistikasının izlənilməsi və analizi baxımından da problemlər var idi. Bu zaman düşündüm ki, bütün bu problemlərin həlli üçün avtomatlaşdırılmış vahid platformanın yaradılması pis olmazdı. İstənilən startapın uğurlu olmasını şərtləndirən vacib amillər var: sənin ideyana bazarda nə qədər ehtiyac var, rəqiblərin varmı və s. Məlum oldu ki, bizə qədər bu ideyanı bir neçə dəfə həyata keçirməyə çalışsalar da, uğur qazana bilməyiblər. Onların harda səhv buraxdıqlarını araşdırmağa və dünya təcrübəsini öyrənməyə başladıq. İdeyamız və ilkin strategiyamız tam aydınlaşandan sonra həvəslə işə başladım, artıq bir neçə aydan sonra sistem test versiyada işləməyə başladı və qısa müddətdə onlarla sayt ətrafımızda birləşdi.
 
Qlobal platformalarla uğurlu əməkdaşlığımız nəticəsində saytlarda boş reklam yerlərini doldura bildik. Nəticədə həm onlar, həm də biz qazanmağa başladıq. Amma sistemin inkişaf etdirilməsi, test versiyanın başa çatdırılması da uzun zamanımızı aldı. 2 illik çalışmalardan sonra komandamıza Türkiyədən də proqramçılar qatıldı və işlər sürətləndi. Nəhayət, bu il sentyabrın 1-də artıq yeni versiyada və geniş funksiyalarla "adsgarden.com”u rəsmən hamıya açıq elan etdik. Hazırda platformadan yüzlərlə yerli sayt və onlarla reklamçı bəhrələnir. Böyük reklam agentlikləri də sistemimizlə maraqlanmağa başlayıb”.
 
Fəridin sözlərinə görə, "Ads garden" ingliscədən tərcümədə "reklamlar bağı” deməkdir. O əminliklə bildirdi ki, artıq bu bağı sala biliblər: "Amma bütün bağlar kimi, "AdsGarden" də daimi qulluq və xidmət tələb edir. Necə deyərlər, arxayınlaşmaq olmaz".
 


"Bizim startapdan hər kəs qazana biləcək"
 
Fərid Kərimovun fikrincə, "adsgarden.com" təkcə saytlara yox, hamıya qazandıran sistem olacaq: "İl ərzində "Facebook" və "Google" kimi reklam platformalarına Azərbaycandan reklam qarşılığında milyonlarla manat vəsait axır. İlk növbədə, bizim platforma bu pulların xaricə axınının qarşısını almaq üçün bir fürsətdir. Deməli, nəticədə dövlət qazanacaq. Qiymətlərimiz və şərtlərimiz qlobal şirkətlərlə müqayisədə daha sərfəlidir. Şirkətlər həm də internetdə reklam yerləşdirmək üçün sayt-sayt, qapı-qapı gəzmək, böyük vaxt və enerji itirmək məcburiyyətində qalmayacaq. İndi istənilən şirkət cəmi 5-10 dəqiqə kimi qısa bir zaman içində onlarla saytda öz reklamlarını yerləşdirə bilər. Bu zaman həm vaxtına, həm büdcəsinə ciddi şəkildə qənaət etmiş olacaq. Üstəlik, öz şəxsi kabineti vasitəsi ilə canlı olaraq reklamlarının effektivliyini izləyə, onlara müdaxilə edə bilər. Reklamçı hansı saytda nə qədər göründüyünü, nə qədər klik aldığını ölçə, istədiyi saytı siyahıdan çıxara və ya əlavə edə bilir. Birbaşa öz hədəf kütləsini təyin edir və reklamlarını birbaşa onlara göstərmək imkanı olur. Deməli, şirkətlər də qazanmış olur”.
 
Müsahibimiz deyir ki, yaxın zamanlarda internetin mövcud olduğu bütün cihaz və platformalarda adi vətəndaşlara da reklam tirajlamaq və qazanmaq imkanı veriləcək: "Deməli, "Facebook", "Whatsapp", "Telegram" və sair sosial şəbəkələrdə aktiv profilləri olan istənilən şəxs, hətta evdar xanımlar da bizim platformadan pul qazana biləcək. Bu mənada biz qlobal rəqiblərimizdən nəinki geri qalırıq, hətta bir sıra üstün cəhətlərimiz də var". 
 


Əvvəl evin içi, sonra çölü...
 
Müsahibimizin sözlərinə görə, hazırda Azərbaycanda onlara rəqib ola biləcək hər hansı güclü və ya zəif bir platforma yoxdur: "Bu bizə bəzi üstünlüklər qazandırsa da, arxayınçılığın təhlükəli olduğunu düşünürük. Ona görə də bütün komanda daim sistemin təkmilləşdirilməsi və yeni imkanların yaradılması üzərində işləyir. Qlobal bazarda saysız-hesabsız rəqiblər var Rəqabət mühitində çalışmağın bizi daha diri qalmağa sövq edəcəyini düşünürəm. Ona görə də bəzi hazırlıqları yekunlaşdırıb, 2018-ci ildən etibarən addım-addım yaxın region ölkələrinə açılmağı hədəfləyirik. İlk hədəfimiz Türkiyə olacaq. İki ortağımızın Türkiyədən olması, onların əlaqələri başlanğıc üçün əlavə avantajdır. Həm də Türkiyə böyük bazardır, aktiv internet istifadəçilərinin sayına görə Avropada ilk beşlikdə olan ölkədir. Türkiyəni seçməyimizin səbəblərindən biri də budur. Doğrudur, belə böyük və mürəkkəb bir bazarda pay sahibi olmaq çətin olacaq, amma bunun mümkünlüyünə inanırıq".
 
"Layihənin üzərində az qala 3 il hər gün çalışdıq”
 
Fərid öz ideyasını startapa çevirmək istəyən gənclərə bəzi məsləhətlərini də verdi: "Əslində hər kəsin ideyası ola bilər. Fərqli ideyanın olması hələ əsas deyil. İşə başlayan hər kəs bunu sona qədər apara biləcəyini düşünməlidir. Deyəsən, Mark Zukerberqin sözüdür. Deyir ki, heç bir ideya başlanğıcda kamil olmur, davamlı zəhmət, düzgün yanaşma, ardıcıllıq həm ideyanı mükəmmələ yaxınlaşdırır, həm də uğur gətirir. Bir startap ideyası yarandısa, öncə düzgün bazar araşdırması aparılmalı, rəqibləri varsa, onların zəif və üstün cəhətləri müəyyənləşdirilməli və buna görə strategiya hazırlanmalıdır. İşə başlayan hər kəs həm xərclərini optimallaşdırmalı, həm də uğurun dərhal gələcəyini gözləməməlidir. Biz layihəmiz üzərində az qala 3 il hər gün çalışdıq. İstirahət etmədik, az gəzdik, az yatdıq, çox işlədik, inandıq və vaz keçmədik. Komanda üzvlərimizin bir-birinə güvənməsi də az rol oynamadı".
 
Günel Azadə



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook