Ayna Sultanovanın heykəlinin yerində şəhid Arəstəmizə abidə ucaldılsın - TƏKLİF
Avqust 11
11:23
2021
İllər öncə Bakının Fəhlə prospektində bir fəhlə heykəli var idi. Yer kürəsini öz lingi ilə tərpətmək istəyən fəhləni təsvir etmişdilər. Sonra prospektin adı dəyişdirilib milyonçu Nobelin adına verilincə fəhlənin heykəlinə də burda yer qalmadı və göndərdilər NZS qəsəbəsində ucqar bir küncə. Halbuki qala bilərdi o heykəl.Bu gün Qarabağ zəfərimiz münasibətilə 8 noyabr adlanan bu prospekti elə o fəhlə kimi kasıb təbəqənin balaları azad eləmişdilər.
44 günlük zəfər dastanımızdan sonra ölkəmizdə 3 min nəfərə yaxın şəhid verdik. Hər biri vətən üçün gözünü qırpmadan canını şəhid verən Azərbaycan gənclərinin heç birinə abidə qoyulmayıb. Bu gün Ayna Sultanova heykəlinin yanından keçərkən düşündüm ki, fəaliyyəti bu gün üçün düşməncəsinə adlandırılan( hərçənd bu da bir tarixdir. Faktdır və dəyişmək imkansızdır) bu qadının heykəlinin yerində Vətən müharibəmizin yeganə şəhid xanımı Arəstə Baxışovanın heykəli qoyula bilməzdimi? Vətənin azadlıq mübarizəsində 2 balasının, anasının yanında olmaqdansa döyüşən qardaşlarının yanında olmağı seçən qəhrəman tibb bacısı Arəstənin heykəli.Mərdliyi, cəsarəti ilə dövrümüzün Həcəri olan yeni əfsanələrin yeni qəhrəmanı Arəstənin heykəlini görmək istədrdim o məkanda. Niyə edilmir, nəyi gözləyirik? Ayna Sultanova tarixdə adı olsa da Şaumyanla çiyin- çiyinə öz xalqına qarşı döyüşməyibmi? Bəs niyə o zaman Ayna Sultanovanın heykəlinin də yeri fəhlə heykəli kimi dəyişdirilməsin?
Xatırlatma: Azərbaycan Ordusunun çavuşu, hərbi feldşer Arəstə Baxışova(1989-cu il mayın 4-də Xaçmaz şəhərində anadan olub) 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındanca tibbi yardım göstərib. Arəstə Baxışova oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub və Biləcəri qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn edilib.
Mən təklif edirəm. Ayna Sultanovanın abidəsinin yerində şəhid Arıstə Baxoşovaya abidə ucaldılsın. Elə bir abidə ki, özündə bir ananın yanan ürəyini, körpə ballarına olan sevgisini, özündən böyük Vətən eşqini də ehtiva eləsin.Əsl vətəndaşa vətənində xatirə bir daş qoyulsun- Vətən daşı.
bizimyol.info