SON XƏBƏR

Avstriyaya Avropa Komissiyası ilə bağlı problemlər yarana bilər

Yanvar 09
11:25 2025
Avstriya 2024-2026-cı illər ərzində həddindən artıq büdcə xərcləri ilə bağlı Avropa Komissiyasının intizam tədbirləri ilə qarşılaşa bilər.  

Qaynarinfo xəbər verir ki, bu barədə Politico məlumat yayıb.  

Məlumdur ki, Avstriyaya, xərcləri müəyyən edilmiş limitləri aşan ölkələr üçün nəzərdə tutulmuş xüsusi Avropa İttifaqı rejimi ilə üzləşmə təhlükəsi var. İndi isə Vyana yanvarın 21-dək Avropa Komissiyasına xərcləri azaltmaq üçün inandırıcı plan təqdim etməlidir. Avropa Komissiyası artıq noyabrda bu prosesi təxirə salıb və Avstriyaya əlavə vaxt verib.  

Eyni zamanda, bu son müddətə uyğun hərəkət etmək şansları yenicə yenidən başlayan koalisiya danışıqlarından asılıdır – indi isə həmin danışıqlar ultra-sağçıların lideri Herbert Kikl başda olmaqla hökumətin qurulmasına yönəlib.  

Əgər danışıqlar uğursuz olsa, Avstriya sənədi müəyyən edilmiş müddət ərzində təqdim etməyəcək və dövlət borcu yüksək olan Fransa və İtaliya ilə eyni vəziyyətə düşəcək.  

Qeyri-rəsmi məlumatlara görə, Avstriya Azadlıq Partiyası və Avstriya Xalq Partiyası gələn həftənin əvvəlinə qədər planı razılaşdırmağa tələsir.  

Avstriya Xalq Partiyası və Sosial Demokratlar arasında hökumət danışıqlarının uğursuzluğunun səbəblərindən biri büdcəni necə tarazlaşdırmaq məsələsində yaranan ciddi mübahisələr olub.  

Məlum olduğu kimi, indiki kansler Karl Nehammerin rəhbərliyi ilə ultra-sağçılar olmadan hökumət qurmaq cəhdi uğursuz olduqdan sonra, Avstriya prezidenti Aleksandr Van der Bellen Azadlıq Partiyasının lideri Herbert Kiklə hökumətin qurulması ilə bağlı danışıqlara başlamağı tapşırıb. Əgər danışıqlar uğurlu olsa, Avstriya tarixində ilk dəfə ultra-sağçı kanslerə sahib olacaq.  

Avstriya Xalq Partiyasının rəhbəri Kristian Ştoker ultra-sağçı Azadlıq Partiyası ilə koalisiya danışıqları zamanı Avstriyanı Rusiyanın müdaxiləsindən azad saxlamaq niyyətində olduqlarına dair zəmanət tələb edəcəyini bildirib.  


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook