SON XƏBƏR

Avropa İttifaqı Şurasının Prezidenti üçtərəfli görüşün yekunu ilə bağlı bəyanat yayıb

Dekabr 15
04:34 2021
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə üçtərəfli görüşdə Qarabağ üzrə 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli iki üçtərəfli bəyanatlar çərçivəsində götürülmüş əsas öhdəliklərə əməl ediləcəyini və 26 noyabr 2021-ci ildə Soçidə əldə edilmiş anlaşmaların reallaşmalı olduğunu təsdiqləyiblər.

"Report” xəbər verir ki, bu barədə görüşün nəticəsi ilə bağlı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel adından mətbuata verilən bəyanatda deyilir.

Qeyd olunub ki, tərəflər həmçinin gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması əsasında dəmir yolu xətlərinin yenidən qurulmasına başlamaq qərarına gəliblər.

Onlar həmçinin Avropa İttifaqının regionda etimad yaratmaq, dinc yanaşı yaşamaya töhfə vermək və iqtisadi əməkdaşlığı qurmaq üçün iqtisadi məsləhət platforması yaratmaq niyyətini müzakirə ediblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan razılaşıblar ki, iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə planlaşdırılan danışıqların başlanılması kontekstində yerlərdə gərginliyin azaldılması və danışıqlar üçün əlverişli mühitin yaradılması üçün əlavə ciddi addımlar atılmalıdır.

Avropa İttifaqı Şurasının Prezidenti həmçinin, bütün ölkələrin suverenliyinə tam hörmət edilərək Ermənistan və Azərbaycan arasında xüsusilə də Cənubi Qafqaz kommunikasiya infrastrukturunun bərpasının vacibliyini vurğulayıb. Qarşılıqlılıq prinsipi əsasında sərhəd və gömrük nəzarəti üçün müvafiq tədbirlər görülməklə, dəmir yolu xətlərinin bərpasına davam etmək razılaşdırılıb.

Bəyanata görə, Avropa İttifaqı texniki yardım göstərmək məqsədi ilə Ermənistan və Azərbaycana sərhədlərin demarkasiyası və delimitasiyasına dəstək vermək üçün ekspertlər (məsləhətçilər qrupu) təqdim edəcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook